​Avropa Şurası Azərbaycandan cavab gözləyir – İLQAR MƏMMƏDOV İŞİ

Avropa Şurası Nazirlər Komitəsinin (NK) çərşənbə günü Strasburqda keçirilən iclasında Azərbaycanın siyasətçi İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə xəbərdarlıq edilib və cavab üçün noyabrın 29-dək möhlət verilib.
İclasdan sonra NK-nin yaydığı bəyanatda qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2014-cü ilin may ayında verdiyi hökmə əsasən, İlqar Məmmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) bir neçə maddəsinə ziddir.
Xatırladaq ki, Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib.
Bəyanatda həmçinin bildirilir ki, AİHM-ın qərarına əsasən, onun həbsinin yeganə məqsədi höküməti tənqid etdiyinə görə onu susdurmaq və ya cəzalandırmaqdır.
"İndiyədək məhəmə (AİHM) yalnız beş hökmündə 18-ci maddənin pozulmasını qeyd edib və İlqar Məmmədov Azərbaycana qarşı işindən başqa digər misalların hamısında şikayətçilər azad edilib", NK deyib.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, bu ayın əvvəli Strasburqda BBC Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı ayrıseçkilikdir.
Onu da xatırladaq ki, oktyabrın əvvəlində AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə bir sıra tövsiyələr və insan hüquqları vəziyyətinin tənqidlərilə yanaşı İlqar Məmmədovun azad edilməsi də tövsiyə edilib.