"Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq edilməsi məsələsində ciddidir" – Rəsul Cəfərov

Amerikanın Səsinə müsahibə verən REAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov Avropa Şurasının Azərbaycanla münasibətlərinin gələcəyinə münasibət bildirib.
 
REAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərovun sözlərinə görə, Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı səs-küy əslində hakimiyyətin özünün planıdır və məqsədləri də etdikləri blefin həcmini şişirtməklə cəmiyyətdə səhv təəssürat yaratmağa çalışırlar.
“Sabah Nazirlər Komitəsi birbaşa sanksiyalara təzyiq edə bilməz. Komitə ən yaxşı halda Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə sorğu göndərə bilər. Məhkəmə bu sorğuya cavab verdikdən sonra artıq Nazirlər Komitəsinin legitim səlahiyyəti yaranır ki, üzv dövlətə qarşı nizamnamədə nəzərdə tutulmuş iki addımdan birini həyata keçirsin. Bunlardan birincisi nümayəndə heyyətinin səs vermək hüququnun ləğv edilməsi, ikincisi isə ümumilikdə ölkənin Avropa Şurasından çıxarılmasıdır.”
Avropa Şurası belə bir qərar verilməsini həddindən artıq gecikdirib
Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) İlqar Məmmədovla bağlı qərarını 2014-cü çıxarmasına baxmayaraq onun icrasının indi müzakirə olunmasına münasibət bildirən Rəsul bəy Avropa Şurasının belə bir qərar verməsini həddindən artıq uzatdığını düşünür.
“2014-cü ildə qərar qüvvyə minəndən sonra bir neçə ay danışıq apardıqdan sonra bu qərarı vermək olardı. Avropa Şurası bunu onunla əsaslandırır ki, Azərbaycan höküməti ilə intensiv danışıqlar gedib. Hətta Avropa Şurasının baş katibi tərəfindən konvensiyanın 52-ci maddəsinə uyğunolaraq komissiya təşkil edildi. Bu komissiya Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməklə bağlı araşdırma aparmalı idi. Lakin, komissiyanın fəaliyyətinə çətinliklər yaradıldı. Sonda məlum oldu ki, bu cür İlqar Məmmədovun azadlığa çıxmasını təmin etmək mümkün olmayacaq. Buna görə də sentyabr ayında variantların tükəndiyini anlayan Nazirlər Komitəsi həmin qərarları qəbul etdi.”
Məhkəməyə sorğu göndərilməsi o anlama gəlir ki, Avropa Şurası Azərbayacan qarşı sanksiya tətbiq edilməsi məsələsində ciddidir.
Rəsul Cəfərov əlavə edir ki, Avropa Şurasının Azərbaycana qarşı təzyiqlərini məhz indiki vaxta artırmasının səbəbləri çoxdur. Onun sözlərinə görə, bu səbəblər arasında həm son aylarda ortaya çıxan jurnalist araşdırmaları, həm ikitərəfli danışıqların nəticə verməməsi, həm də ümumilikdə Avropa Şurasının dünyada öz imicinin yaxşılaşdırma siyasətinə diqqət yetirməsi də var.
“Bu siyasətin daxilində bəlkə də ən vacib qərar kimi İlqar Məmmədovla bağlı məhkəmə qərarının icrasına nail olmaq durur.”
 

İlqar Məmmədov

REAL-n idarə heyətinin üzvü Rəsul Cəfərov oktyabr ayının 25-ində keçiriləcək iclasla bağlı əlavə edib ki, o sabah Nazirlər Komitəsi sanksiyalar başlamaq səlahiyyətini əldə etmək üçün Avropa Məhkəməsinə sorğu ilə müraciət edəcəyinə ümidlidir.
“Məhkəməyə sorğu göndərilməsi o anlama gəlir ki, Avropa Şurası Azərbayacan qarşı sanksiya tətbiq edilməsi məsələsində ciddidir.”