​Avropa Şurası Azərbaycana qarşı "pozuntu prosedurunu" başladıb

Baxış sayı:
4162

Çərşənbə axşamı günü keçirilən iclasında Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən İlqar Məmmədovu azad etmədiyinə görə Azərbaycana dair "pozuntu prosedurunu" başlamaq qərarını verib.
Bu haqda Avropa Şurası mətbuat xidməti yaydığı bəyanatda bildirib.
Bununla AŞNK-si İlqar Məmmədovun dərhal azad edilməsi barədə hökm çıxaran AİHM-ni Azərbaycanın bu hökmü icra edib-etməməsinə dair qərar çıxarmağa dəvət edib.
Keçən həftə Azərbaycanın AİHM-ə daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya bildirib ki, AİHM-in hökmündə İlqar Məmmədovun "azadlığa buraxılması öz əksini tapmayıb" və o, Azərbaycan hökumətinin bu işlə bağlı "bütün zəruri tədbirləri" gördüyünü iddia edib.
Pozuntu proseduru nəticə vermədiyi halda Avropa Şurası Azərbaycana qarşı addım ata bilər. Bu addımlar Azərbaycanın AŞ-dakı fəaliyyətinə məhdudiyyətlərdən və ya ən ciddi halda ölkənin təşkilatdan xaric edilməsilə nəticələnə bilər.
Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib.
2014-cü ilin may ayında AİHM onun həbsində və hüquqi təqibində Avropa İnsan Haqları Konvensiyasının maddələrinin pozuntuları baş verdiyini bildirib. Məhkəminin qərarı eyni ilin oktyabr ayında yekun statusu qazanıb və onun icra edilməsi tələb olunub.
Avropa Şurası Nazirlər Komitəsi (NK) bu ilin oktyabrında Azərbaycana İlqar Məmmədovu azad etmədiyinə görə "görünməmiş hüquqi addım" niyyəti barədə Azərbaycana xəbərdarlıq etmiş və cavab üçün noyabrın 29-dək möhlət verilmişdi.
Bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad emədiyi halda, NK cənab Məmmədovun işinin icra olunmamasına dair AİHM-ə müraciətini dekabrın 5-də müzakirə edəcəyini qeydb edib.
Bununla, Nazirlər Komitəsi tarixində ilk dəfə Avropa İnsan Haqları Məhkəməsinəbir daha müraciət edərək, hökmün icra edilməməsinin daha bir konvensiya pozuntusu olub-olmamasına münasibət bildirməsini məhkəmədən xahiş etməyə hazır olduğunu bildirib.
Oktyabr ayında AŞ-ın Baş katibi Thorbjorn Jagland-ın sözçüsü Daniel Holtgen də BBC Azərbaycancaya müsahibəsində Azərbaycanın İlqar Məmmədovu azadlığa buraxmalı olduğunu demişdi.
"Avropada siyasi məhbuslar ola bilməz. Azərbaycan AİHM-nin qərarlarını yerinə yetirməlidir", cənab Holtgen vurğulayıb.
Keçən il dərc edilən bəyanatında da AŞ-ın Baş katibi Thorbjorn Jagland qeyd etmişdi ki, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına hörmətsizliyi AŞ ilə Azərbaycan arasındakı əməkdaşlığa xələl gətirir.
 
Azərbaycan hökumətinin mövqeyi

 
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, oktyabr ayında, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı-ayrı seçkilikdir.
Ötən həftə isə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) daimi nümayəndəsi Çingiz Əsgərov, "Azərbaycan hökuməti hesab edir ki, İlqar Məmmədovla bağlı bütün zəruri tədbirləri görüb".
O vurğulayıb ki, Avropa Məhkəməsinin REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarında "onun azadlığa buraxılması öz əksini tapmayıb:"
"Məhkəmə, bir sözlə, bu barədə deməmişdi. Bunu yalnız bəzi dairələr belə şərh edirlər. Biz bu şərhlə razı deyilik".