“Avropa Qarabağ müharibəsindən dərs çıxarmalıdır” - “Rusiyanın havadan müdafiə sisteminin dronlara qarşı səmərəsizliyi üzə çıxdı”

Baxış sayı:
353

"2020-ci ilin Dağlıq Qarabağ müharibəsindən Avropanın müdafiəsi üçün vacib dərs çıxarmaq olar. Avropa hökumətləri bunu təcili öyrənməlidirlər". Bu haqda Avropa Xarici Əlaqələr Şurasının portalında Qustav Qressel yazıb. Müəllif birinci dərsin strategiya və siyasətdən ibarət olduğunu yazır. “Azərbaycan və Türkiyə hücum əməliyyatının uğurundan əmin idilər, Rusiya isə ta əvvəldən bildirmişdi ki, ermənilərə tanınmış sərhədlərindən kənarda kömək etməyəcək. Rusiya həm də Azərbaycanın hərbi təzyiqinə Ermənistanın Baş naziri Nikol Paşinyanı zəiflətmək aləti kimi görürdü”, – məqalədə deyilir.

Hava hücumundan müdafiə sistemləri

İkinci dərs kompüterlər və şəbəkələrin roluya bağlıdır. Suriya və Liviyada olduğu kimi, burada da Rusiyanın havadan müdafiə sisteminin kiçik dronlara qarşı səmərəsizliyi üzə çıxdı. Bu, Qərbdə Rusiyanın havadan müdafiə sistemlərinin həddən artıq dəyərləndirilməsi ilə bağlı müzakirələrə yol açıb.

“Düşmənin gücündən yan keçərək savaşmaq”. Müəllif bunu üçüncü dərs sayır və müharibəyədək Ermənistan ordusunun taktiki səviyyədə üstün olduğunu iddia edir. Azərbaycan isə bundan yan keçməyin yolunu tapdı. Dronlar erməni mövqeləri ilə bağlı kəşfiyyat apardı, sonra bu mövqelər adi artilleriya ilə bombalandı. Bu taktika ermənilərin asan müdafiə edəcəklərini düşündükləri dağlıq ərazidə də işə yaradı.

Müəllif qeyd edir ki, Avropa bu münaqişənin hərbi dərslərini diqqətlə öyrənməli, bunu yoxsul ölkələrin müharibəsi kimi gözardı etməməlidir. Məsələn, Avropada başlıca yaxınmənzilli havadan müdafiə sistemləri satılan MANPADS (Stinger və Igla) Dağlıq Qarabağ müharibəsində dronlarla darmadağın edildi.

Enerji amili

Rusiyanın enerji resursları ilə zəngin Azərbaycanla strateji tərəfdaşlığı quruyla əhatələnmiş Ermənistanla hərbi alyansına üstün gəldi. Bunu isə “Bylinetimes” portalında Nikola Mikovic yazıb. Müəllifin fikrincə, Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvü olan Ermənistanı açıq dəstəkləməməsinin səbəbi Azərbaycanla cəlbedici enerji sazişləri ola bilər.

Müharibədən cəmi 20 gün qabaq Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rosneft” şirkətinin direktoru İqor Seçinə təbrik məktubu göndərmişdi. 2012-ci ilin yanvarında isə “Qazprom” Eksport şirkəti ilə Azərbaycanın SOCAR şirkətilə qaz alışı və satışı kontraktı imzalayıb.

Müəllif regionun neft və qaz ehtiyatlarından dolayı Moskva və Ankara üçün böyük əhəmiyyət daşıdığını vurğulayır. Türkiyə üçün böyük kəmərlərdən biri TANAP Cənubi Qaz Dəhlizinin mərkəzi hissəsidir. Bu dəhliz nəhəng Şahdəniz qaz yatağını Cənubi Qafqaz Kəməri və Trans-Adriatik Kəməri (TAP) vasitəsilə Avropaya birləşdirir.

“Ekspertlərin dəyərləndirməsinə görə, TANAP ilə 16 milyard kubmetr qaz nəql edə bilər. Bunun altı milyardı Türkiyəyə, qalanı Avropaya gedəcək. Moskvanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla münasibətlərini korlamadığını nəzərə alsaq, Rusiya tezliklə TANAP-da iştirak edə bilər”, – məqalədə deyilir.

Rusiya qazı Azərbaycana Mozdok-Mahaçqala- Qazıməmməd kəmərilə çatdırıla, daha sonra Cənubi Qafqaz Kəməri vasitəsilə TANAP-a vurula bilər. Yanvarda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bunu istisna etmirdi. “Kim bilir, bəlkə də qazımız bir gün TANAP ilə axacaq, bunu istisna etmirəm”, – Boçarnikov deyirdi.

İranın rolu

Qarabağ bəyannaməsi İranın Qafqazda daha böyük rol oynamasına yol açır. “Ceymstaun” Fondunun saytında amerikalı təhlilçi Pol Qobl yazır ki, Türkiyə son aylar Cənubi Qafqaz ölkələrinə marağını və iştirakını gücləndirir.

Türkiyənin bir müttəfiq kimi Azərbaycanda roluna böyük diqqət ayrılsa da, İranın münaqişədən sonrakı vəziyyətdə rolu diqqətdən kənar qalıb. Münaqişə vaxtı İran daha çox sakit davranıb, öz ərazisinə təsadüfi mərmilər düşəndə narahatlıq bildirib.

“Birgə atəşkəs bəyannaməsi qəbul ediləndən sonra İran hakimiyyəti müharibə və onun Tehran üçün həllilə bağlı şərhlərini artırıb. Bundan başqa, İran rəsmiləri aydın şəkildə bildiriblər ki, praktik, daxili və geosiyasi səbəblərdən daha fəal rol oynayacaqlar. Keçmişdəkindən fərqli olaraq, Rusiya və Qərbin indi İranı kənarlaşdırması daha problemli ola bilər”, – təhlilçi yazır.

Müəllifin fikrincə, 10 noyabr bəyannaməsində əslində, İranın da iştirakı aydın görünür. Birincisi, Azərbaycan Araz çayından şimaldakı ərazilər üzərində nəzarətini bərpa edib. Bu ərazilərdə körpülər, rezervuar, su elektrik, irriqasiya qurğuları var və Tehran ərazinin gələcəyi ilə bağlı Bakıyla danışıqlar aparacaq. İkincisi, bəyannamədə transregional nəqliyyat marşrutlarının açılmasına çağırış var ki, bu məsələdə də Tehran danışıqlar masasında yer alacaq. (Azadlıq radiosu)