​Avropa NATO-ya qarşı: ABŞ-a YENİ RƏQİB GƏLİR

Belə bir təşkilatın yaradılması ideyası hər zaman olub. Çünki NATO daxilində avroatlantizm tərəfdarları və avrosentristlərin həmişə mübarizəsi olub. Avroatlantizm tərəfdarları Atlantik okeanının hər iki sahilində həm ABŞ, həm də Qərbi Avropanın vahid təhlükəsizlik çətiri altında birləşdirilməsinin tərəfdarları olublar. Avrosentrizm tərəfdarları isə adından da göründüyü kimi, NATO-nun ABŞ-dan deyil, Avropadan idarə olunmasını istəyirlər.
Bu sözləri politoloq Nəzakət Məmmədova Avropa İttifaqının NATO-nun alternativi olan bir təşkilat yaratmaq istədikləri ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. O vurğulayıb ki, NATO-nun mənzil-qərargahının Avropada, Brüsseldə yerləşməsinə baxmayaraq, heç kəsə sirr deyil ki, qərarlar Vaşinqtonda qəbul olunur:
 “NATO, Soyuq müharibə dövründə yaradıldığı vaxtdan etibarən, ABŞ-ın təsirində olub və onun əsas hərbi vasitəsi funksiyasını yerinə yetirib. Lakin buna qarşı Avropada kəskin formada müqavimət göstərilən dövrlər olub. Məsələn, 1960-cı illər dövrünü xatırlasaq, o zaman Fransa prezidenti Şarl de Qoll anti-NATO siyasəti həyata keçirdi. Fransa NATO-nun hərbi qurumlarından çıxdı, Alyans əsgərlərinin Fransa torpağını tərk etməsi tələb olundu. 1965-66-cı illərdə 29 hərbi baza və 33 min hərbçi ölkədən çıxarıldı. NATO-nun mənzil qərargahı Parisdən Brüsselə köçürüldü. Fransa yalnız Sarkozinin prezidentliyi dövründə NATO-nun hərbi strukturlarına qayıtdı. Hətta Şarl de Qoll ABŞ-ın Avropa və NATO-da təsirini azaltmaq üçün Almaniya ilə belə razılığa gəlməyə çalışırdı. Bu, bir nümunədir”.
Politoloq qeyd edib ki, hazırda da Avropada Şarl de Qoll kimi düşünənlər az deyil:
 “Onlar Avropa və NATO-da anqlo-sakson ittifaqının təsirindən narazıdırlar və belə hesab edirlər ki, ABŞ NATO vasitəsilə Avropanın daxili işlərinə çox müdaxilə edir, öz qlobal ekspansionist siyasəti üçün Avropa ölkələrini alətə çevirib. Avropa bu gün daha çox maliyyə vasitəsilə həlli mümkün olan beynəlxalq məsələlərə maraq göstərir. Eyni zamanda, ABŞ özü də NATO-dakı Avropalı müttəfiqlərindən narazıdır. Məsələn, Prezident Tramp Avropadakı NATO üzvlərinin öz hərbi xərclərini artırmalı, ümumdaxili məhsulun minimum 2 faizinin müdafiə sahəsinə xərcləməli olduğunu, hazırda 28 üzv dövlətdən yalnız 5 ölkənin bu şərti yerinə yetirdiyini bəyan edib”.
Politoloq bildirib ki, Amerikanın NATO-nu Rusiya ilə mübarizəyə cəlb etməsi də Rusiyadan təbii qaz asılılığı olan Avropa ölkələrini qane etmir:
“ABŞ-dan fərqli olaraq, əksər Avropa dövlətləri Rusiya ilə əməkdaşlığın tərəfdarıdır və NATO çərçivəsində qarşıdurma vəziyyəti onları qane etmir. Odur ki, zaman-zaman Avropada NATO-ya alternativ yaradılması hər zaman aktualdır. Lakin onun məhz indiki mürəkkəb şəraitdə həyata keçirilməsi bir o qədər də inandırıcı görünmür”.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin yarıdan çoxu yaxın günlərdə “Avropa müdafiə paktı”nı – Avropada daimi strukturlaşdırılmış əməkdaşlıq haqqında sazişi (PESCO) imzalamaq niyyətlərini açıqlayacaqlar./Axar.az/