Avropa məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətini icraata qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun daha bir şikayətini icraata qəbul edib. Bu barədə məhkəmənin məlumatında bildirilir.
 
Şikayət gənclərin mənzillərində aparılan axtarışla bağlıdır. Onların vəkilləri qeyd ediblər ki, fəallar bununla bağlı ölkə daxilində məhkəməyə müraciət etsələr də həmin müraciətlər təmin edilməyib.
AİHM-ə şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış və götürmə ilə bağlı qərarları gənclərin Avropa Konvensiyasının 6, 8 və 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozub.
İddiaçılar məhkəmədən həmin maddələrin pozulmasının tanınmasını, pozuntuya görə ədalətli kompensasiyanın verilməsini xahiş edirlər.
Q.İbrahimov və B.Məmmədov ötən il mayın 10-da saxlanılıblar. Narkotik maddə ittihamı ilə 10 il həbs olunublar.
Ancaq həbsin əsl səbəbi Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək!" şüarını yazmalarıdır.