Avropa Məhkəməsi Əfqan Muxtarlının şikayəti ilə bağlı kommunikasiyaya başlayıb

Baxış sayı: 109

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Əfqan Muxtarlının oğurlanması işinə baxılmasına başlayıb və iyunun 8-də bununla bağlı Azərbaycan hökumətinə sorğu göndərib.
 
Vəkil Elçin Sadıqov bildirib ki, qarşıya qoyulan suallara cavab vermək üçün iyulun 16-dək hakimiyyətə vaxt verilib. AİHM tərəfindən işə bu cür operativ baxılması bu işin prioritet olması ilə izah edilir, çünki söhbət adam oğurluğundan gedir.
Vəkilin sözlərinə görə, istintaq Ə.Muxtarlının tibbi ekspertizası barədə məsələni yubadır. Belə ki, hələ mayın 30-da ekspertiza ilə bağlı vəsatət qaldırılıb, ancaq onun hələ bu gün - iyunun 19-da keçirilməsi gözlənilir, vəkil qeyd edib.
Müdafiə tərəfi bunu jurnalistin saxlanILması zamanı ona işgəncə verilməsi faktının gizlədilməsi cəhdi kimi qiymətləndirib.
Xatırladaq ki, jurnalist mayın 29-da Tbilisinin mərkəzində oğurlanıb və növbəti gün Bakıda həbs edilib.
O, vəkilə bildirib ki, onu gürcü polislər oğurlayıblar və iki ölkə sərhəddində Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil veriblər.
Saxlanma zamanı onu döyüblər, qabırğasını sındırıblar.
Bakıda jurnalisti sərhəddi qanunsuz keçməkdə və 10 min avro pul qaçaqmalçılığında ittiham ediblər. Ancaq, jurnalist bildirib ki, pulları onun cibinə sərhəddi keçərkən qoyublar.