Avropa Məhkəməsi Dilqəmlə Şahbaza görə Ermənistandan sənədlər istəyib

Dilqəmlə Şahbazın Avropa Məhkəməsi Kommunikasiyaya başlamişdir
 
Xəbər verdiyimiz kimi, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa Məhkəməsində kommunikasiyaya başlanılıb. Modern.az xəbər verir ki, girovların ailə üzvlərinin maraqlarını Avropa Məhkəməsində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov təımsil edir.
Avropa Məhkəməsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində girovluqda saxlanılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiyaya cari ilin 13 iyulundan başlayıb. İşi artıq öz icraatına götürmüş Avropa Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilən kommunikasiya sənədində qeyd olunan ərazidə nəzarəti həyata keçirən Ermənistan Respublikasını cavabdeh hesab edilməklə ona bir sıra mühüm suallar ünvanlanıb.
- Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara qarşı işgəncələrə yol verilmişmi;
- Həbs məhz qanuni səlahiyyətlərə malik olan məhkəmənin qərarı ilə baş vermişmi;
- Girovların məhkəmənin həbs qərarını mübahisələndirmək üçün hüquqi imkanları mövcud idimi; və s.
Eyni zamanda kommunikasiyada Avropa Məhkəməsi Ermənistan Respublikasından girovların sağlamlıq vəziyyəti ilə bağlı rəsmi sənədlərin də təqdim edilməsini tələb edib.
 Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda doğulduları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz nənə-babalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı birləşmələri tərəfindən tutulublar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən “məhkəmə” Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.
Avropa Məhkəməsinə şikayət ərizələri girovların həyat yoldaşları Firuzə Əsgərova və Albina Veselova tərəfindən verilib. Şikayət ərizəsində ərizəçilər Ermənistan Respublikası tərəfindən Avropa Konvensiyasının bir sıra maddələrinin pozuntusunu qeyd ediblər. Xüsusilə bu, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədi qanunsuz keçməyə görə ittiham olunmanın hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu ilə bağlıdır.