Avropa Məhkəməsi Azərbaycanla bağlı 6 şikayət üzrə kommunikasiyaya başlayıb

Baxış sayı:
9388

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir neçə iş üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı öz facebook səhifəsində məlumat yayıb.
 
Kommunikasiyası başlanan şikayətlər aşağıdakılardır.
Məhkəmə Azadlıq qəzeti və qəzetin baş redaktoru Qənimət Zayidovun işi ilə bağlı 2 kommunikasiyaya başlayıb. Bu iş Tariyel Ağayevin Azadlıq qəzetinə qarşı qaldırdığı diffamasya iddiası ilə bağlıdır. Yerli məhkəmələr təkzib verilməsi və ümumilikdə 65 000 manat kompensasiya ödənilməsinə dair qərarlar verib. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi (Fikri ifadə etmək azadlığı) üzrə hökümətə suallar göndərib.
Avropa Məhkəməsinə şikayət 2008-ci il aprelin 1-də göndərilib. Şikayət Azərbaycan prezidentinin keçmiş köməkçisi Tariyel Ağayevin iddiasındandır.
Tariyel Ağayev Azadlıq qəzetində dərc edilmiş “Prezident köməkçisinin korrupsiya aparatı”, “Tariyel Ağayev - sabiq prezidentin sabiq köməkçisi hansı masştablı korrupsiya ilə məşğul olurmuş” və “Göy balinalar və Ağayev Bayramın nəvələrinin iştahı” sərlövhəli məqalələrdən narazı qalaraq nəşri məhkəməyə verib və qəzetdən 180.000 manat dəyərində mənəvi zərər tələb edib. Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib - dövlət məmurunu narazı salan yazıların təkzib olunmasını, Azadlıq qəzetinin redaksiyasının üzərinə 40 000, Qənimət Zayidovun üzərinə isə 25.000 manat cərimə qoyub. Qərardan verilən apelyasiya və kassasiya şikayətləri təmin edilməyib.
- Avropa Məhkəməsi Müdafiə Nazirliyinin şikayəti əsasında Azadlıq qəzetinin 10 000 manat cərimələnməsi ilə bağlı iş üzrə də kommunikasiyaya başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi Azadlıq qəzetini və əməkdaşı Xəqani Əliyevi qəzetin 20-24 mart 2013-cü il tarixli sayında dərc olunan “Ordu, yoxsa can bazarı” sərlövhəli yazıya görə məhkəməyə verib. İddia ərizəsi nazir müavini Çingiz Məmmədovun adından verilib. Qəzetdən təkzib və 100 min manat təzminat tələb edilib. Yasamal Rayon Məhkəməsində bu şikayətlə qismən təmin edib və qəzeti 10 000 manat cərimələyib.
Avropa Məhkəməsi bloger Aleksandr Lapşinin işi üzrə kommunikasiyaya başlayıb. Lapşin iddia edir ki, ona təcridxanada həyatına sui-qəsd olub, səlahiyyətli qurumlar həyatını qorumayıblar və şikayətini araşdırmayıblar. O, həmçinin Belarusdan Azərbaycana gətirilərkən və təcridxanada saxlanılarkən qeyri-insani rəftara məruz qaldığını iddia edib. Lapşin 7 ay təcridxanada tək saxlanmağından da şikayət edib. Avropa Məhkəməsi ərizəçinin şikayəti ilə bağlı hüquq müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi, Belarusdan Azərbaycana köçürülərkən qeyri insani rəftara məruz qalması şikayəti ilə bağlı 6 aylıq müddət tələbinə riayət olunub-olunmaması, Konvensiyanın 2-ci maddəsi (Yaşamaq hüququ) üzrə ərizəçinin hüquqlarının pozulub-pozulmaması, xüsusən dövlət qurumlarının ərizəçinin həyatına qəsddə iştirak edib-etməməsi, effektiv araşdırmanın aparılması, təcridxanada ərizəçinin tək saxlanmasının Konvensiyanın 3-cü maddəsini (İşgəncələrin qadağan olunması) pozması halının olub-olmaması ilə bağlı suallar göndərib.
Bloger Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. O 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabağ regionuna getdiyinə görə 2017-ci ilin fevralında Belarusda tutularaq Azərbaycana təhvil verilib.
2017-ci il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum edib.
2017-ci ilin sentyabrında Azərbaycan prezidenti Aleksandr Lapşini əfv edib.
- Avropa Məhkəməsi Ramiz Cəfərovun şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb. Bu iş ərizəçinin prokurorluqda işləyərkən xidmət illərinin düzgün hesablanmaması və buna görə pensiyanın düzgün təyin edilməməsi ilə bağlıdır. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusu ilə bağlı suallar göndərib.
Belə ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərov 2014-cü ildə “Pensiyanın yenidən hesablanması, azaldılmış pensiyanın və pensiyaya əlavənin, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi” ilə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin keçmiş müdiri Əsgər Əsgərovu məhkəməyə verib. Cəfərov məhkəmələrin qərarı ilə razılaşmayaraq Avropa Məhkəməsinə şikayət edib.
- Jurnalist Əvəz Zeynalov və Xural qəzetinin işi üzrə kommunikasiya ərizəçilərin 2011-ci ildə pivə zavodu tərəfindən diffamasiya ilə məhkəməyə verilməsi ilə bağlıdır. Yerli məhkəmələr qəzetin təkzib verməsi və 7000 manat zərərin ödənilməsinə dair qərar çıxarıb. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsinin ((Fikri ifadə etmək azadlığı)) pozuntusu ilə bağlı suallar göndərib.
Xural qəzeti və baş redaktor Əvəz Zeynallı “Xırdalan pivə zavodu kimi tanınan qurumda nələr baş verir?”, “Moskva “Baltika-Bakı” MMC-ni yoxlamağa gəlir”, “Adam Tlexuray bizi Vladimir Putinlə hədələyir!” sərlövhəli məqalələrə görə 2011-ci ilin sonunda məhkəməyə verilib. İddiaçı qəzetin üzr istəməsini, təkzib verməsini, mənəvi zərərə görə 150 000 AZN təzminat ödəməsini tələb edib. Nərimanov Rayon Məhkəməsi qəzeti 50 000 manat cərimələyib, qəzetin və yazı müəlliflərinin üzərinə təkzib vermək, üzr istəmək vəzifəsi qoyub. Bu qərarla razılaşmayan iddiaçının şikayətinə baxan Apellyasiya Məhkəməsi cəriminən məbləğini 25 000, Ali Məhkəmə isə 7 000 manata endirib.
- Əlövsət Osmanlının işi Təhsil Problemləri İnstitutu tərəfindən mülki qaydada məhkəməyə verilməsi ilə bağlıdır. Konvensiyanın 10-cu maddəsinin (Fikri ifadə etmək azadlığı) pozuntusu ilə bağlı hökümətə suallar göndərilib.
2010-cu ildə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri “Pedoqogika” nəşriyatının direktoru Əlövsət Osmanlıya qarşı Cinayət Məclləsinin 147-ci maddəsi (böhtan) üzrə iddia qaldırıb. Ekspertin “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” ifadəsi iddiaya səbəb olub.
Əlövsət Osmanlı 2013-cü ilin sentyabrında vəfat edib.