Avropa İttifaqı rəhbərliyi terrorçuları dəstəkləyir - Macarıstan

 Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını terrorçulara yardım göstərməkdə ittiham edib.
 
TASS-ın verdiyi məlumata görə, baş nazir ölkəsinin şantaj olunmasına imkan verməyəcəyini və qaçqınların məskunlaşdırılmasına dair üzv ölkələrə şamil olunan məcburi kvotalardan imtina etməyə davam edəcəklərini bildirib.
 “Macarıstan həmişə Avropa yönümlü bir ölkə olub və Avropanın əsl dəyərlərini qorumağa davam edəcək. Brüsseldə oturan məmurlar isə terrorçuların tərəfini tutublar. Macarıstan heç vaxt Avropaya qarşı çıxan ölkə olmayıb. Bizim hökumət Avropanın əsl mövqeyini təmsil edir. Bu mövqe üzv ölkələr və Brüssel arasında səlahiyyətlərin bölüşdürülməsini nəzərdə tutan mövcud Avropa razılaşmasını müdafiə edir. Məhz Brüssel öz mövqeyini dəyişib”, - dyə V. Orban söyləyib. Onun sözlərinə görə, Brüssel açıq-aşkar terrorçuları dəstəkləyir.
 V. Orban qeyd edib ki, Aİ Macarıstan-Serbiya sərhədində iğtişaşlar zamanı polisə hücum edən suriyalı qaçqına məhkəmənin verdiyi 10 il həbs cəzasını pisləyib. Baş nazirinin qənaətinə görə, avropalı məmurlar həmin miqrantı dəstəkləyir və avropalılar üçün “Əhməd Hamedin absurd yalanları” macarların təhlükəsizliyindən daha vacibdir.