"Avropa İttifaqı ilə saziş demokratik islahatların təxirə salınması fonunda baş verməməlidir" – DƏYİRMİ MASA

Baxış sayı:
9562

Azərbaycanın Avropa İttifaqı ilə imzalanması gözlənən sazişinə qədər ölkədə siyasi məhbus məsələsi, sərbəst toplaşmaq azadlığı, məhkəmə-hüquq sistemindəki hesabatlılığın və şəffaflığın təmin olunması, korrupsiya, çirkli pulların yuyulması və digər məsələlər "öz həllini tapmalıdır", demokratik qüvvələr hesab edirlər.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə keçirilmiş "Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair" ictimai dinləmələrdə müxalifəti təmsil edən bəzi siyasi partiya və ictimaiyyət nümayəndələri bildiriblər ki, onlar Azərbaycanı "Avropa ailəsində", "Avroatlantik məkanda" görmək istəyirlər və bu sənəd "formal xarakter" daşımamalıdır.
İctimai dinləməni xarici diplomatik missiyaların, o cümlədən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri müşahidə edib.
"Sazişin imzalanması Azərbaycanın həyatında ciddi, səmimi dəyişiklərə yol açmalıdır. Bu dəyişiklər hansısa formal, xalqın gözündən pərdə asmaq, yalançı islahatlar şəklində ola bilməz", - Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Adil Qeybulla bildirib.
Sazişdə hansı məsələlərin əks olunacağı barədə hələ də rəsmi məlumat olmadığına diqqət çəkən AXP lideri Pənah Hüseyə görə, Azərbaycan cəmiyyəti bu razılaşmanın müddəalarını bilməlidir: "Sazişin imzalanması Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və demokratik islahatların təxirə salınması fonunda baş verməməlidir".
 
"İmitasiya yox, dərin tərəfdaşlıq sazişi istəyirik"
 

AXCP sədri Əli Kərimli sazişin tamamlanmayana qədər açıqlanacağını güman etmir.
Sazişi imzalayan tərəflərin öhdəlik götürdüyünü bildirən Əli Kərimli bildirib ki, "o biri tərəf demokratdır" deyə onlara "aydın mesaj" verilməlidir: "Deməliyik ki, Azərbaycan xalqı avrointeqrasiya məsələsində bir dəfə yanıb. Avropa Şurası ilə bağlı böyük ümidlərimiz puç olduğu üçün xarici təzyiqlərin güclü olduğu ölkədə Avropa meyli böyük bir zərbə alıb. Ona görə də biz ikinci imitasiya yox, Azərbaycan hökumətinin üzərinə ciddi öhdəliklər qoyacaq dərin tərəfdaşlıq sazişi istəyirik və bunu çox açıq şəkildə ifadə edirik", Əli Kərimli deyib.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Avropaya inteqrasiyanın Azərbaycanın xarici siyasətinin "alternativsiz seçimi" olduğunu bildirib.
"Hələ 2014-cü ildə Azərbaycan hakimiyyətindən Avropa ilə assossasiya və azad ticarət sazişi imzalanmasını tələb etmişdik. Ancaq hesab edirəm ki, Avropa İttifaqı öz standartlarına cavab verən ölkələrlə tərəfdaşlıq sazişi imzalamalıdır. Siyasi məhbus, azad media, vətəndaş cəmiyyətinin problemləri həll edilməyən ölkə ilə isə hansısa tərəfdaşlığa getməməlidir".
Səslənən təkliflər sənədi may ayında Avropa İttifaqında keçiriləcək dinləmələrdə quruma təqdim olunacaq, müzakirə iştirakçıları bildiriblər.
Azərbaycan parlamentinin Avropa Şurasındakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, Azərbaycan bu sazişi imzalamaq üçün "korrupsiya, insan haqları, Dağlıq Qarabağ münaqişəsinin həlli yönümündəki" və digər problemləri həll etməlidir.
Yeni saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.
Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.