"Avropa İttifaqı Azərbaycanda BASQILARA SON QOYULMASINI TƏLƏB ETMƏLİDİR"

Sərhədsiz Reportyorlar və 36 digər insan haqları üzrə qeyri-hökumət təşkilatı Avropa İttifaqı rəhbərliynə açıq məktub ünvanlayıblar. Məktub imzaçıları avropalı liderləri 24 noyabrda Brüsseldəki sammitdə iştirak edəcək Azərbaycan prezidenti İlham Əliyevə ölkəsində insan haqlarına basqıları dayandırmaq üçün təzyiq göstərməyə çağırırlar.
 
Azərbaycan hökuməti ölkədə müstəqil mətbuatı məhv edib, internetə senzura tətbiq edib, müstəqil jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını həbsə salıb.
Məktub siyasi məhbusların, ələlxüsus müstəqil jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına səsləyir.
Azərbaycan Sərhədsiz Reportyorlar Təşkilatının Dünya Azadlıqları indeksinə əsasən 180 ölkə arasında - ən pis iyirmilikdə - 162-ci yerdə qərar tutub.
“Biz sizdən sammit vaxtı bütün imkanlardan istfadə edərək prezident Əliyevi insan haqlarına basqıları dayandırmağa və Azərbaycanda davamlı insan haqları islahatlarına öhdəlik götürməyə çağırmağı rica edirik,” məktubda deyilir.
Mövcud hakimiyyəti dönəmində müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və müxalifət üzvləri siyasi motivli ittihamlarla həbs olunublar.
Azərbaycan hökumətinin son illərdə atdığı addımların Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olduğunu vurğulayan məktub müəllifləri ölkədə cərəyan edən repressiya dalğasına son qoymaq, qondarma ittihamlarla dissidentlərin həbsə salnmasını dayandırmaq istiqamətində səy göstərilməsinin vacibliyini vurğulayıblar.
“Azərbaycan hökuməti ölkədə müstəqil mətbuatı məhv edib, internetə senzura tətbiq edib və müstəqil jurnalistləri, Şərq Tərəfdaşlığı çərçivəsində təsəvvürə gələcək istənilən sivil cəmiyyət üçün vacib olan vətəndaş cəmiyyəti və siyasi fəalları həbsə salıb, yaxud da susdurmağa çalışıb.”
Məktub müəllifləri inandıqlarını bildiriblər ki, Azərbaycanla Avropa İtifaqı arasında əməkdaşlıq üzrə hər hansı danışıqlar Azərbaycan hökumətinin fundamental hüquqlara hörmət etməsi istiqamətində əldə edilən proqresdən aslıdır.