Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq- 1,5 MİLYARD AVRO

Baxış sayı:
8302

Avropa İttifaqı miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün 2019-cu ildə Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq. AZƏRTAC xəbər verir ki, mayın 23-də Avropa Komissiyası tərəfindən açıqlanmış Aİ-nin büdcə layihəsində belə deyilir.
Avropa Komissiyası xatırladıb ki, miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün bu ilin büdcəsi çərçivəsində Ankaraya daha əvvəl vəd olunduğu kimi, 500 milyon avro təqdim ediləcək.
Xatırladaq ki, Brüssel və Ankara 2016-cı il martın 17-18-də Aİ-Türkiyə sammitində miqrasiya axınının azaldılması üzrə tədbirləri nəzərdə tutan saziş imzalayıblar. O vaxt Avropa İttifaqı Türkiyəyə 6 milyard dollar ayırmağı, Aİ ilə Türkiyə arasında vizasız rejim tətbiq olunmasını, habelə Ankaranın ittifaqa üzv qəbul edilməsi üzrə danışıqları irəlilətməyi öhdəsinə götürmüşdü. Bunun müqabilində Yunanıstan adalarına Türkiyə ərazisindən gələn qeyri-qanuni miqrantlar geriyə – Türkiyəyə qaytarılacaq. Aİ isə Türkiyənin miqrasiya xidməti tərəfindən yoxlanılmış, leqal status almış və müvafiq sənədlər paketi olan qaçqınları birbaşa bu ölkənin ərazisindən qəbul etməlidir.
O vaxtdan Brüssel Türkiyəyə yalnız 3 milyard avro ayırıb.