Avropa bizdən nə aparacaq?

Hal-hazırda gündəmdə müzakirə olunan əsas məsələ ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi etməsidir. Bu yarış 49 Avropa ölkəsinin Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı gözlənilir. Bunlar aydındır...

Belə bir möhtəşəm oyunun ölkəmizdə keçirilməsi müsbət haldır, lakin düzgün istifadə edəcəyimiz təqdirdə. Yəni gələn qonaqlara tariximiz və tarix boyu üzləşdiyimiz haqsızlığı çatdıra bilsək. Hansı ki, bu, bizim əsas prioritet məsələmiz olaraq qalmalıdır.

Əslində, bunu 2013-cü ildə ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışması zamanı gözləyirdik. Amma həmin vaxt düzgün təbliğat apara bilmədik.

İllərdir haqq səsimizi deməyə tribuna tapmırdıqsa, bu gün bütün mikrofonların yaşıl işığı yanır. Telekanallar, radiolar, qəzetlər ardıcıl olaraq bu sahədə təbliğat aparır. Bu şans əlimizə düşmüşkən bundan yararlanmaq məcburiyyətindəyik. İlk olaraq ictimaiyyətdə heç də birmənalı qarşılanmayan Avropa Oyunlarına münasibətin fərqli olmasına aydınlıq gətirməyə çalışaq. Ölkəmiz bu oyunlara ev sahibliyi etməyi haqq edir. Ona görə ki, idmanla bağlıdır və ölkəmizin idmanın müxtəlif sahələrində uğur qazanması buna əsas verir. Amma bir tərəfdə dünyanın iqtisadi böhranla mübarizə apardığı bir zamanda büdcədən 8 milyard manat pul ayrılması nə qədər düzgündür?!

Son günlərdə manatın dollarla müqayisədə 33 faiz ucuzlaşması, neftin qiymətinin dünya bazarında aşagı düşməsi göstərir ki, ölkəmizə bu yarışma heç də uğur gətirməyəcək.

Belə bir möhtəşəm yarışmanın birinci dəfə keçirilməsi və ölkəmizin ev sahibliyini əldə bayraq edənlər üçün onu da qeyd edək ki, dünyada siyasi gedişatları ilə bayrağı görünən Avropanın aparıcı dövlətləri bu yarışmaya ev sahibliyi etməkdən yayınır. Buna səbəb kimi budcədən ayrılan pulları göstərirlər...

Bəzi fikirlər də var ki, büdcədən ayrılan pulları yarışmaya gələn qonaqların hesabına ödəmək olar. Necə ki, Afrikanın aclıq, səfalət içində olması səbəbindən 2010-cu ildə Dünya Çempionatı bu qitədə keçirildi və xeyiri də oldu. Amma bu yarışma zamanı ölkəmizə gələn idmançıların bütün xərclərini üzərimizə götürməyimiz büdcənin dolmasına yox, boşalmasına səbəb olacaq. Doğrudur, büdcədən ayrılan vəsaitin bir hissəsi, deyərdik ki, əsas hissəsi Avropa Oyunlarının keçirilməsi üçün idman sarayları, otellər və şəhərə görkəm verilməsinə sərf olunub. Bunlar hamısı yaxşı haldır. Çünki qonaqlar bu tikililəri özləri ilə aparmayacaq. Amma ayrılan pullar adiyyatı üzrə xərclənirmi? Xərclənirsə, niyə tikililər tamamlanmadan çökür, dağılır?! Bütün bunlardan sonra yenə də cibimizə (büdcəyə) girib pul ayrılır ki, yenidən təmir olunsun. Bu hal 2013-cü ildə ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışmasından bizə tanışdı. Tələsik hazır olan yolların çox keçmədi ki, əksəriyyəti sıradan çıxdı. Avropa Oyunlarının keçirilmə zamanı (12 iyun - 28 iyun) şəhərin daxili yollarında maşınlara məhdudiyyət, oyunların keçirildiyi yerlərə yaxın şadlıq saraylarında ziyafətlərin keçirilməsinə qadağalar və s. vətəndaşlara da müəyyən problemlər yaradacaq. Üstəlik, itkilərimiz bütün bunlarla yekunlaşmayacaq. Belə ki, ölkəmizə gələcək turistlər özləri ilə bizim həm də tariximizi aparacaqlar.

Turistlər boş vaxtlarında Bakını gəzib tariximizlə, şəhərimizlə tanış olmaq istəyəcəklər. Bakıda tarix, gəzinti dedikdə ilk olaraq ağıla gələn Milli Park, İçəri şəhər, Qız Qalası olur. Çox güman ki, İçəri Şəhərə təşrif buyuran qonaqlarımız Qız Qalasına baş çəkməyi untmayacaq. Hansı ki, Qız Qalasının ətrafında tarixi ekspanatların - xalçaların, kuzələrin, çarıqların, samovarın və s. satışı təşkil olunan obyektlərin sıra ilə düzülüşü qonaqları cəlb edəcək. Avropalılar bizdən fərqli olaraq belə tarixi eksponatlara pul xərcləməyə xəsislik edən deyillər. Bizdən olan tərcüməçilərin köməkliyi ilə qiymətdə aşağı-yuxarı əl sıxışıb Milli Muzey idarəsinin rəsmi kağızı ilə birlikdə tariximizi özləri ilə aparacaqlar.

Məgər nənələrimiz xalçaları toxumuşdu ki, Andrey, Vilson ya Cerri ayağının altına sərsin, ya Səməd dayı şəyirdi Mirzə ilə samovarları düzəltmişdi ki, Anjelina əri Smitə çay dəmləsin. Qızlarımız (nənələrimiz) çiyinlərində daşıdıqları kuzələri (tariximizi) yadlar nə üçün verməliyik?!

Bəs necə oldu tariximizə bu qədər biganə qaldıq? Bəs “itə atırdıq, yada satmırdıq”. Büdcədən pul ayrılardı, nə qədər yeyirlər-yesinlər, amma mzey tikərdilər və belə tarixi eksponatlarımızı yığardılar ora. Tarixə toxunmaq olmaz axı. Yoxsa Cerri xalçamızı aparıb evinin kandarına "welcom" yerinə sərsin, “ayağınızı silin sonra içəri keçin” desin...

Bir sözlə, göz görə-görə tariximizi aparırlar. Buna “dur!” deməyin vaxtı deyilmi?!

Saday FƏRƏCOV