​Avropa Birliyi dağılmağa məhkumdur – SƏRDAR CƏLALOĞLU

“Avropa Birliyi dağılandan sonra qlobal iqtisadi böhranın hədəfi Amerika olacaq”

Bəlli olduğu kimi, 43 il Avropa Birliyinin tərkibində olan Böyük Britaniya iki gün öncə ittifaqı tərk edib. Belə ki, referendum zamanı seçicilərin 52 faizə yaxını Avropa Birliyindən çıxmağa səs verib, 48 faiz isə ittifaqın tərkibində qalmağa üstünlük verib.
Maraqlıdır, İngiltərənin Avropa Birliyini tərk etməsi qurumun gələcək taleyini sual altına alırmı? Ümumiyyətlə, Avropa Birliyinin parçalanması regiona nə vəd edir?
Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- Sərdar bəy, sizcə, Avropa Birliyinin dağılması gözlənilən idi?

- Təbii ki, burda heç bir gözlənilıməz hadisə yoxdur. Biz bu gün dünyada ilk qlobal iqtisadi böhranı yaşayırıq. Qlobal iqtisadi böhran qlobal siyasi böhranı tələb edir. Yəni siyasi böhranlar iqtisadi böhranların üst qurumudur. Əgər iqtisadi böhran varsa, mütləq ondan sonra siyasi böhran olmalıdır. 
Qərb uzun müddət bu böhranın qarşısını almaq üçün müəyyən addımlar atdı. Məsələn, böhranın ağırlığını Yaxşın Şərqə yönəltdi. Əslində, Suriya, İraq, Əfqanıstan hadisələri Qərbin qlobal iqtisadi böhrandan xilas olmasına xidmət edirdi. Düşünürdülər ki, bu prosesin arxasınca qlobal iqtisadi böhranı idarət edəcəklər, sonradan isə Yaxın Şərqdəki hadisələri də tənzimləmək olar. Yəni idarə olunan bir xaos yaratdılar. Lakin Yaxın Şərq məsələləri ilə qlobal böhranı yoluna qoya bilmədilər deyə, ikinci bir addım atıldı. Bu da Ukrayna ilə Rusiya arasındakı konfliktin meydana çıxması idi. Hansı ki, ikinci bir münaqişə ocağının yaradılması da həmin qlobal iqtisadi böhranın siyasi effektini Qərbdən uzaqlaşdırmaq məqsədi güdürdü. Yəni müharibələrin gətirdiyi bütün neqativ hallar Ukrayna və Rusiya xalqına dəyəcəkdi, Qərb bu məsələlərdən kənarda qalacaqdı. Amma sonradan dəfələrlə iqtisadçılar da bəyan etdilər ki, qlobal iqtisadi böhran idarə olunmur. Faktiki olaraq qarşısını hələlik almaq mümkün deyil. Çünki ənənəvi böhranlardan çıxmaqla bağlı Avropa ölkələrində hazır reseptlər var. Çünki onlar 100 ildir kapitalizm rejimində yaşayırlar, bilirlər ki, 5, 10, 60 ildən bir böhran olacaq. Yəni kapitalizmdə çox ciddi şəkildə dövrü böhranlar olur. Hansı ki, illərdən asılı olaraq, o dövri böhranlar da idarə olunur. Hökumət qabaqcadan bilir ki, 5 illiyin böhranı olacaq, başlayırlar təcili tədbirlər görməyə. Amma bu qlobal iqtisadi böhran bir dövlətin ərazisində olmadığına görə, lap tutaq ki, Amerika, İngiltərə, Fransa öz ərazisində bu böhrandan xilas olmaq üçün müəyyən tədbirlər görə bilsə də, bütün dünyada bunu görə bilmir. Məsələn, Azərbaycanda bunu necə edə bilərsən – korrupsiya baş alıb gedir?! Rusiyada bunu necə edə bilərsən – ölkəni dağıdırlar?! Yəni korrupsioner rejimlərin olması baxımından qlobal iqtisadi böhran idarəolunmaz bir hala gəlib.
Üçüncü mərhələdə artıq qlobal iqtisadi böhranın ciddi bir siyasi nəticəsi olmalıdır. Qlobal iqtisadi böhran bu və ya başqa şəkildə siyasi nəticələrə gətirib çıxarmasa da, növbəti mərhələdə iqtisadi sistemi məhvə gətirib çıxarır. Yəni böhran bir siyasi sistemi dağıdır, bir də iqtisadi sistemi. İndi biz keçmişik üçüncü mərhələyə. Artıq qlobal iqtisadi böhran qlobal iqtisadiyyatın dağılmasına gətirib çıxarıb. Bunun birinci əlaməti Avropa Birliyinin dağılmasıdır. Avropa Birliyi dünyada qlobal iqtisadiyyatın ən ciddi elementlərindən biri idi. İndi bu böhran idarə olunmadığına görə, sistemin özü dağılmalıdır. Bunun da əlaməti Avropa Birliyinin dağılmasıdır.

- Hesab edirsiniz ki, Böyük Biritaniyanın Avropa Birliyini tərk etməsi bu qurumun dağılmasına gətirib çıxaracaq?

- Bilirsiniz ki, artıq Fransa da bu məsələni parlamentə çıxarıb müzakirə edir, İspaniya da qurumdan çıxmaq haqqında qərar verib. Çünki İngiltərə çıxandan, valyutasını ordan çəkəndən, avronun imkanları məhdudlaşandan sonra Avropa Birliyi 3-4 dövlət arasında bir birliyə çevriləcək. Yəni kontinental birlikdən regional birliyə. Regional birliyin isə bir çox dövlət üçün əhəmiyyəti yoxdur. Məsələn, Almaniyanın nəyinə lazımdır ki, Yunanıstanla müttəfiqlik etsin, hər zaman Yunanıstanı dotasiyalarla arxasınca aparsın?! Məsələn, Almaniya kimi inkişaf etmiş bir ölkənin nəyinə lazımdır ki, İspaniya kimi böhranda olan bir dövlətin yükünü götürsün?! Amma İngiltərə, Fransa, Almaniya birlikdə olanda o yük paylanırdı. Polşanın, Bolqarıstanın, Rumınyanın yükünü paylayırdılar. İndi İngiltərə çox nəhəng bir gücdür, Avropa Birliyinin əsas dayaqlarından biridir, iqtisadiyyatın əsası, kapitalizmin əsası İngiltərə ilə bağlıdır. İngiltərənin çıxması Avropa iqtisadiyyatının özününü yeni bir böhrana düşməsi deməkdir. Belə bir böhran şəraitində bu dövlətlər birləşib nə yaratsalar, qısa müddətli olacaq, məhv olacaq. 

- İngiltərənin Avropa Birliyindən çıxmasının özünü xilas etməkdən başqa, heç bir müsbət cəhəti olmayacaq?

- İngiltərənin çıxmasının ola blsin ki, müsbət bir cəhəti olacaq. Qlobal iqtisadi böhran artıq tənzimlənən bir prosesə çevriləcək. Çünki artıq qlobal iqtisadiyyatın təşkilatı dağıldığına görə, qlobal iqtisadi sistem də məhv olacaq. Tutaq ki, avro sıradan çıxacaq, hər bir dövlətin özünün iqtisadi qurumu, gömrüyü olacaq və s. Bu isə onlara imkan verəcək ki, özlərini qoruya bilsinlər, yəni bu böhrandan xilas edə bilsinlər. İndiki halda, tutaq ki, Almaniya bunu edə bilməz. Məsələn, Polşadan 2 milyon adam gəlir Almaniyaya. Deyə bilməz ki, sən gəlmə. Onlar hamısı Avropa Birliyinin üzvləridir, həm Polşada, həm Almaniyada, həm də İngiltərədə eynihüquqludur. Çünki Avropa Birliyi Avropanın bütün dövlətlərinin əhalisi üçün eyni dərəcədə vətəndir. Bu da Şərqi Avropa ölkələri –Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa əhalisinin inkişaf etmiş Avropa dövlətlərinin iqtisadi, sosial imkanlarından bəhrələnməsinə yol açdı. Bu dövlətlərin də elə bir qeyri-adi gücü yoxdur ki, bunun qarşısını alsın. Beləliklə, birdən-birə Avropaya ac-yalavac, sosialist məkanından çıxmış, geridə qalmış ölkələr daxil oldular və bu da Avropanı sarsıtsı. Məsələn, Ukraynanı, Türkiyəni niyə Avropa Birliyinə qəbul etmirdilər? Eyni səbəblərdən. Çünki bu dövlətlərin də daxil olması ilə Avropa gərək Ukraynanın, Türkiyənin Avropa standartlarına uyğun inkişafı üçün milyardlarla pul xərcləməliydi. Ona görə də elə bil ki, iqtisadi məkanın genişlənməsi ilə iqtisadi resurslar arasında ziddiyyət əmələ gəldi. Yəni Avropanın o boyda məkanda birlik yaratmaq üçün pulu, iqtisadiyyatı yox idi. Bu da gətirib Avropa Birliyini böhrana çıxardı. Əslində, Avropa Birliyinin böhranı qlobal iqtisadi böhranın axırıncı mərhələsinə çatdığını göstəri ki, nəticədə də iqtisadi sistemin özü dağılmalıdır. 

- Sizcə, İngiltərənin Avropa Birliyini tərk etməsində ABŞ-ın hər hansı marağı ola bilərdi?

- Əslində, Avropa ya bir yerdə məhv olmalıydı, ya da dövlətlər ayrı-ayrılıqda məhv olmalıydılar. Proses belə getsəydi, Avropa dövlətlərinin hamısı bir yerdə çökəcəkdi. Ona görə də İngiltərə necə ki, gəmi batanda birinci siçanlar qaçır, həmin misal olmasın, İngiltərə ilk olaraq tərk elədi gəmini. Gördü ki, gəmi batır. Amerika bu mənada İngltərəni dəstəkləyirdi. Amma bütünlükdə qlobal iqtisadiyyatın bu cür çöküşü Amerika iqtisadiyyatının özünə də çox mənfi təsir edəcək. Ola bilsin, qısa müddətdə Amerikanın özündə də çox nəhəng iqtisadi böhran olacaq. Bilrisiniz ki, dünya iqtisadiyyatının iki mərkəzi vardı. Birincisi, Amerika iqtisadiyyatı. Hansı ki, 70 faiz dünya iqtisadiyyatı Amerikanın əlində cəmləşib, bir də Avropa Birliyinin iqtisadiyyatı. İndi Avropa Birliyi bu qlobal iqtisadi sistemdən çıxsa, yəni Avropa ölkələri bir-bir bu qurumu tərk etsə, Amerika qlobal iqtisadiyyatın təmsilçisi kimi tək qalacaq. Bu isə indi qlobal iqtisadiyyatın bütün böhranının Amerikaya yönləndirilməsinə gətirib çıxaracaq və Amerikanı məhv etməyə, çökdürməyə başlayacaq. Amerika ya imtina etməlidir, yəni dollarını yığışdırmalıdır, iqtisadiyyatını milli iqtisadiyyat reformasına oturtmalıdır. Bu da Amerikaya milyardlar yox, trilyonlar ziyan verəcək. Amerika davam edəcəyi təqdirsə isə, iqtisadiyyatı çökəcək, Avropa Birliyini nə gözləyirsə, bu dəfə Amerikanı gözləyəcək. İndi İngiltərənin xilas olması bir tərəfdən eyni xalq olması səbəbindən Amerikaya xeyirdir, amma Avropa Birliyi dağılandan sonra Amerika qlobal iqtisadi böhranın hədəfi olacaq.

Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org