​AVROPA ABŞ-A CAVAB HAZIRLAYIR

Baxış sayı:
8449

ABŞ-da rüsumlar tətbiq edilərsə, Avropa dərhal buna münasibət bildirəcək.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikirləri Fransanın BFM-TV telekanalına bu gün verdiyi müsahibədə söyləyib.
Əgər metallurqların məhsullarına Tramp tərəfindən anons edilmiş rüsumlar qüvvəyə minərsə, Avropa İttifaqı özünün sərəncamında olan cavab tədbirlərinin “bütöv arsenalı”ndan istifadə etməyə hazırdır. Belə mümkün tədbirlər sırasına ABŞ-dan idxal edilən sitrus meyvələri, tütün və viski üçün rüsumlar tətbiq edilməsi daxildir.
Trampın elan etdiyi rüsumlar Almaniya iqtisadiyyatı üçün ciddi təhlükə mənbəyidir. Məsələn, Almaniyada poladtökmə sənayesi sahəsində yaradılmış on minlərlə iş yerinin bir hissəsi zərbə altına düşə bilər.
Avropa İttifaqı ölkələrindən avtomobil idxalı üçün rüsumların tətbiq edilməsi imkanı da iqtisadiyyat üçün ciddi problemlər yaradacaq.
Xatırladaq ki, martın 1-də ABŞ Prezidenti Tramp Avropa İttifaqı ölkələrindən polad və alüminium idxalı üçün rüsum tətbiq ediləcəyi barədə anons verib. Trampın sözlərinə görə, bu cür tədbirlər ABŞ-ın poladtökmə sənayesini müdafiə etməyə imkan verəcək. ABŞ-ın ticarət tərəfdaşlarının çoxu bu bəyanatı mənfi qarşılayıb. Çərşənbə günü, martın 7-də məlum olub ki, bəzi ölkələr üçün istisna edilə bilər.