Avro-2020-nin tarixi dəyişdirildi - YENİLƏNİB

Baxış sayı:
6040

UEFA bu gün milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

AFFA xəbər verir ki, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb. Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Müvafiq qərarlar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı elan olunacaq.

***18:30

UEFA AVRO-2020-nin koronavirus pandemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, məlumatda turnirin gələn ilin yayında keçiriləcəyi qeyd olunub.

***15:54

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.

Bbu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.

İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qərara əsasən, turnir gələn il 11 iyun - 11 iyul tarixlərində təşkil olunacaq. Məlumatı Norveç Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib.