Avro-2017: Azərbaycan boksçusu növbəti mərhələyə yüksəlib

Baxış sayı: 32

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir.
 
Yarışın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib. O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.
 Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.
 Bu gün daha bir təmsilçimiz – Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2. Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq.