Attila və Roma

(Unudulmuş səhifələr)         

 Katalaun döyüşündən sonra Romanı cəzalandırmağı qərara alan Attila, Hun və German tayfalarından ibarət olan ordusuna yürüş əmrini verdi. Onlar Şimali İtaliyaya üz tutub, bir-birindən alınmaz olan Akvilloy, Mediolan (Milan), Titsi (indiki Paviya), Lenet (Venetsiya), Patavi (Paduya) şəhərlərini fəth edib, xərac aldı. 

Bütün Avropa şəhərlərində yığışıb falçılara, cadugərlərə, kahinlərə, din xadimlərinə müraciət edib Attilanın hara üz tutacağını soruşurdular. Attilanın isə, Avropa ilə işi yoxdu, Katalaun döyüşündə cəzalandırılmayan keçmiş dostu, böyük sərkərdə Aetsi üzərinə - Romaya gedirdi. 
452-ci ilin sonbaharı idi. Dünyanın paytaxtı sayılan min yaşlı Roma qartalı qocalsa da, hələ nəhəng və güclü idi. Roma imperiyası Şərqi və Qərbi adıyla iki hissəyə parçalansa da, hələ qüvvəsi tükənməmişdi. 
İmperator III Valentinian özünü dünyanın hakimi hesab edirdi, lakin hardansa uzaq-uzaq Şərqdən basılmaz və yel qanadlı atların belində çapıb gələn bu qorxunc, qıyıqgöz asiyalı, 10 ildi ki, bütün Avropanı və Romanı qabağında titrəməyə məcbur edirdi. 
500 ildən bəri ayaqlarını Qərbin və Şərqin saysız xalqlarının və qəbilələrinin azadlığı ilə silən Roma legionları indi bu qıyıqgöz şərqlinin qorxunc qəzəbini xalvar-xalvar qızıl hesabına soyudurdu. 
Budur, indi o, paytaxtın üstünə gəlir. Bəhanəsi də budur ki, imperatorun bacısı Qonoriyanı və cehiz kimi, bütün imperiyanı tələb edirdi. 
Qonoriya özü üzüyünü xəlvəti ona göndərib, Attilanı bu yürüşə həvəsləndirmişdi. 
Doğrudur, qardaşı Valentinian qızı Bizansa göndərib, orada təcili ərə verdirmişdi. Lakin dəmir iradəli Hun kralının qabağını almaq üçün bundan on qat güclü bir səbəb tapmaq lazım idi və yalnız həmin məntiq ilə onu sakitləşdirmək olardı. 
Uzaqdan Tibr çayının sahilləri ilə saysız-hesabsız  insan dəstələri qıvrıla-qıvrıla Romaya tərəf axıb gəlirdi. Onun qarşısını ala biləcək bir qüdrət və güc var idimi? Bir halda ki, kahinlərin dediyinə görə, Tanrının özü onu yer üzündəki şər əməllərin kökünü kəsmək üçün göndərmişdi, kim onun qabağını ala bilərdi? 
Attila, at belində Romanın uzaqdan görünən nəhəng və möhkəm qala divarlarına, möhtəşəm məbəd və saraylarına heyrətlə baxırdı. Onun dodaqları astaca pıçıldayır, lakin sağında və solunda gələn Gepid kralı Arderix və Aleman tayfalarının kralı Velamir bu pıçıltını eşitmirdilər. 
… Qoca qartal, axır ki, səni bu gün gördüm. Sən bu gün qabağımda diz çöküb yalvaracaqsan. Bu gün sənin dünya hökmranlığına son qoyub, ölkələrin məkrli qeysərlərinin və senatorlarının zülmündən azad edəcəyəm. Sənin ağalığın hədsiz dərəcədə uzun çəkdi. Sən azadlıq carçısı olan saysız xalqların qanadlarını qırdın. Nəhəyət, bu gün öz qanadların qırılacaq. Bu, mənim tarixə sonuncu hədiyyəm olacaq. 
- Arderix, - deyə, hamının at üstündə yatmış zənn etdiyi Hun kralı birdən çağırdı. 
- Bəli, - gepidlərin cəsur kralı diksinib, atını Attilaya tərəf məhmizlədi. 
- Deyəsən, axı darvazalar açıldı, kimdir o gələnlər? Nə istəyirlər? Qonoriyanımı gətirirlər, yoxsa Valentinian özü təslim olmağa gəlib? 
- Bu saat öyrənərəm, mənim kralım. Bunu deyib, Arderix atıyla toz qopara-qopara itib getdi. Və Attilanın barmaqlarının işarəsi ilə 100 min qoşun çay sahilindəki yaşıl düzənlikdə tökülüşüb, istirahət etməyə başladılar. 
452-ci ilin sonbahar günlərinin biri idi. Qədim Romanın divarları boyunca yenə üstünə qırmızı qurd rəsmi çəkilmiş bayraqlar hər tərəfdə dalğalanırdı. Şəhər, onun senatorları, optimistləri, tribun və senturionları matəm içində dayanıb, nə olacağını gözləyirdilər. 
Arderix gələnləri qaşqabaqla qarşıladı. O, gələnlərin məqsədini bilirdi. Lakin özü də bilirdi ki, bütün təkliflər rədd edilməlidir. Lakin elçilərin içində ucaboy, iri nüfuzlu gözləri və təsirli baxışları olan bir qoca, Arderixin diqqətini cəlb etdi. Qoca, təmiz german dilində dedi:
- Hə, oğul, qoca, xəstə qəhrəmanı məhv etmək istəyi igid Gepid kralının ürəyinə hardan girib? 
Arderix diksindi. Qoca, onu necə tanıdı? Ürəyindən keçənləri hardan bildi? O, kəskin bir tərzdə: - Siz kimsiz? 
- Mən papayam, xristian dünyasının himayədarıyam. Oğul, məni Hun kralının yanına apar. 
Arderix bir qədər düşünüb, dedi:
- Yaxşı, qoca, gedək. 
Onlar Attilanın çadırına çatanda, mühafizəçi Arderixə dedi:
- Xaqan yatır. 
Arderixlə papa mənalı-mənalı bir-birlərinə baxdılar. 
Attila bütün Avropanın yuxusunu ərşə çəkib, özü yatırdı. O, qorxulu yuxular görürdü. Böyük Attila öz dövlətinin, səltənətinin, oğlanlarının taleyindən nigarandı. Çünki şaman dumanlı, qarışıq yozumlar söyləmişdi. 
Az sonra Attila yuxudan oyanıb, bir xeyli düşündü. Sonra geyinib, çadırdan çıxdı. Üfüqə tərəf əyilməkdə olan Günəş onun gözlərinə batdı. Qabağında 8 adam baş əyib dayanmışdı. Attila dostu, silahdaşı, onun kimi mavigöz Arderixə baxıb dedi:
- Hə, nə var, deyəsən, elçilər gəlib? 
- Bəli, ulu xaqan, iltimasa gəliblər. 
Ömründə bir nəfərin, bir tayfanın iltimasına etina etməyənlər indi özləri iltimasa gəlib.
Bu zaman qoca papa bir-iki addım irəli gəldi. Türk ləhcəsində dedi: - Ulu xaqan, böyüklüyün gözəlliyi alicənablıqda və mərhəmətdədir. Roma kimi bir əzəmət rəmzi sizdən mərhəmət diləyirsə, yüz illərlə şahinlər ovlayan qoca qartalın başını üzmək ləyaqət hesab oluna bilərmi? Roma onsuz da can verir, onun son nəfəsini kəsməyə dəyərmi? Roma öz mərhəmətsizliyinin cəzasını çəkir. Cəza çəkənə qamçı vurmaq sizin kimi ulu bir qəhrəmana yaraşarmı? 
- Hanı imperator? Hanı Aetsi? 
- Aetsi İlliriyadadır. İmperator, öz imperiyası kimi, xəstədir. 
- Bəs, bu arabalar nədir gətirmisiz? 
Arderixlə papa Levə elə gəldi ki, Attilanın dodaqlarında təbəssüm oynadı. Bunu görən onların hər ikisi, xüsusən papa və onunla gələnlər ilk dəfə rahat nəfəs aldılar. - 4 xalvar təmiz altun, bər-bəzək və zinyət əşyalarıdır. Xaqana hədiyyə üçün. 
Attila dönüb, batmaqda olan Günəşə baxdı. Bu Günəş sanki, onun hökmranlığının rəmzidirmi? Bəs, hardandır onun qəlbinə çökən bu kədər? 
Nə olar ki, bu qoca müdrikə güzəştə getməyə dəyər. Qoy, qoca Roma rahat-rahat can versin. 
Attila ayağa qalxıb dedi: 
- Yaxşı, qoca, get. 
Və üzünü keşişin iri saqqallı üzünə tutub, sonra Arderixə tərəf işarə ilə: - Gəl, səninlə söhbətim var, - dedi. O, german dostunun qolundan tutub, qoşuna tərəf apardı. 
Papa I Lev və onun müşayiətçiləri donub qalmışdılar. Çünki Hun kralının nə dediyini çox da aydın başa düşməmişdilər. Yalnız qoşunun hərəkətə gəlib, yavaş-yavaş uzaqlaşmağa başladığını görəndə özlərinə gəlib, bir-birlərini qucaqlayaraq, ağlaşmağa başladılar. 
Beləliklə, Attilanın mərhəməti ilə Roma xilas oldu. 
                            
Əlisa Nicat