Atasına heykəl qoyduran deputat vəzifəsindən sui-istifadə edir - Sosialist Əməyi Qəhrəmanının rəyi

Sabirabad rayonunun deputatı Rüstəm Xəlilovun atası Gülabba Xəlilovun şərəfinə qeyri-qanunu şəkildə heykəl ucaltdığı ilə bağlı xəbərlər yayıldı. Millət vəkili bununla bağlı açıqlama verdi ki, heykəli o deyil, Sovet hökuməti ucaldıb. Ancaq burda bir məqam var: Sovet hökuməti tərəfindən o qəhrəmanın adına büst qoyulurdu ki, ən az iki dəfə “Sosialit Əməyi Qəhrəmanı “ adı ilə təltif olunsun. Mərhum G.Xəlilov isə bu ada bir dəfə layiq görülüb.
 
Həmin dövrlərdə qabaqcıl pambıqçı kimi tanınan, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin sabiq deputatı, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva Publika.az-a açıqlamasında bildirdi ki, bu vəzifədən sui-istifadə deməkdir:
“Sovet hökuməti vaxtında belə bir qanun var idi ki, iki və daha çox Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunan şəxslərə büst qoyulurdu. Ümumilli liderimiz, rəhmətlik Heydər Əliyev iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı ilə təltif olunmuşdu və onun şərəfinə Naxçıvanda heykəl qoyulmuşdu. Daha sonra Şamama Həsənova da iki dəfə bu adla təltif olunub, onun büstü qoyulub. Qanunla həmin adamlara sağlığında belə büst qoyula bilərdi. Amma bir dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı alanlara icazə yox idi ki, büstü qoyulsun. Hökumət buna icazə vermirdi. Amma ki, hər hansı küçəyə, məktəbə, şəhərə həmin insanlardan birinin adını qoymaq olardı. O da hardasa həlak olduqları təqdirdə. Çünki bu Nazirlər Sovetinin qərarı ilə təsdiqlənən bir şey idi. Ailə yaxınlarının öz büdcəsi hesabına şəhər mərkəzində və ya rayonda mərkəzi binaların qarşısında heykəl ucaltmağa icazəsi yox idi. Bu qanun pozuntusudur. Dəfn olunduğu yerdə qəbrin yanında heykəl qoymaq olar, yaşadığı evin həyətində qoya bilər, onun adına hər hansı bir bağ salınıbsa, orda da ucaltmaq mümkündü. Mən Sovet dövründə 3 dəfə Ali Sovetin, 1 dəfə də Mili Məclisin deputatı olmuşam. Yəni biz belə qanun qəbul eləməmişdik. İcra Hakimiyyəti təkbaşına qərar verə bilməz. Nazirlər Kabineti təsdiqi lazımdır. Əks halda bu vəzifədən sui-istifadə sayılır”.