Atası oğlunun oğurluq etdiyini etiraf edir, polis işi araşdırmır – EVİNDƏN OĞURLUQ EDİLƏN QOBUSTAN SAKİNİNDƏN VİLAYƏT EYVAZOVA MÜRACİƏT

Baxış sayı:
577

Qobustan rayonun Təklə-Mirzəbala kənd sakini Ağayev Akif tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Qobustan rayon polisinin fəaliyyətsizliyindən narazılıq edir:
“Xatırladım ki, Təklə-Mirzəbala kəndində 5 sot torpaqda tikdiyim evdə kiçik oğlum Sadiq Ağayev həyat yoldaşımla yaşayır. Sadiq qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma məntəqəsində işləyir. Mən isə ailəmi dolandırmaq üçün mövsümlə əlaqədar Sabirabad rayonu ərazisində çobanlıq  edirəm.
Sentyabrın 9-da (2019) oğlum Sadiqin yaşadığı evdə oğurluq hadisəsi baş vermiş, evdən 634 manat pul, 1 ədəd mis su səhəngi, 4 ədəd xalça oğurlanmışdır. Hadisə barəsində oğlum polisə şikayət vermiş, sentyabrın 17-də də 102 xidmətinə zəng edib, polisin işə soyuq yanaşmasından şikayət  etmişdir.
Bu arada, polis şübhəli şəxs kimi Nurlan Dəmirovdan və Ariz Hüseynovdan izahat almışdır. Cinayəti törətməkdə əsas şübhəli bildiyimiz Müslümov Aydın Müseyib oğlunu isə hələ polisə gətirmirlər. Lakin Nurlanın anası və atası bizə gəlib xahiş etdilər ki, nəyiniz oğurlanıbsa hamısını biz ödəyərik, təki gedib şikayətinizi polisdən götürəsiniz. Onlar bizdən həm polis şöbəsində, həm də evimizə gəlib yerli bələdiyyə sədri Natiq Babayevin yanında xahiş etdilər, həm də qeyd etdilər ki, oğulları hadisə vaxtı evdə yox, çöldə olub. Eləcə də Arizin atası Hüseynov Pənah da bizə gəlib əvvəlcə şikayəti geri götürməyi xahiş etdi. Biz cavab verdik ki, işi polis araşdırır, artıq məsləyə biz qərar vermirik. Həmin gecə Arizin atası yenidən evimizə gəlib bizə hədə-qorxu gəldi ki, hadisəni özünüz törətmisiniz, sizi həbs etdirəcəm.
Xatırladım ki, Arizin atası Pənah narkotikə görə əvvəl həbs olunmuşdur. Elə oğlu Ariz də 1 il 6 ay müddətinə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Çox təəssüflər olsun ki, mənim 25 gün əvvəl verdiyim şikayədən sonra, 2 gün əvvəl Qobustan rayon polis Şöbəsinə getsəm də, polsi rəisi məni qəbul etməkdən imtina etdi. Cinayət axtarışları şöbəsi rəisi isə məni qəbul etsə də, oğruları deyil, məni günahkar çıxardı. Başa düşdüm ki, iş necə danışılıbsa, cənab polislər cinayəti açmaqda maraqlı görünmürlər. Baxmayaraq ki, oğrulardan birinin Nurlanın atası da anası da evimizə gəlib övladlarının yarıtmaz işini etiraf etmiş və dəymiş zərəri ödəməyə hazır olduqlarını bildirmişdir.
Əvvəlki ərizəmdə də qeyd etmişdim. Hadisələrin gedişi də, məntiq də təsdiq edir ki, oğrular məhz oğlumun yanında olmuş və onunla taksidə evinə kimi gəlmiş şəxslər tərəfindən törədilmişdir. Yəni bu cinayəti açmaq üçün 7-ci sinif şagirdi olmaq, məncə, kifayət edərdi.
Odur ki, cənab Prezidentdən və onun etimad edib yenicə Daxili İşlər naziri təyin etdiyi cənab Vilayət Eyvazovdan bir daha xahiş edirəm ki, kəndimizdə evlərdə baş vermiş silsilə oğurluq faktlarını, eləcə də mənim evimdən oğurlanmış pul və əşyaları tapmaq iqtidarında olmayan polislər barədə tədbir görülsün.  Həmçinin, bu işi digər rayonların - Abşeron və ya Şamaxı rayon polis işçilərinə həvalə etməyinizi və şəxsi nəzarət altında saxlamağınız xahiş edirəm”.

Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.