“ATANIZ HEYDƏR ƏLİYEVƏ DANIŞMAQ ÜÇÜN “REQLAMENT” QOYURDU” – Yazıçıdan bəstəkara sərt cavab

 “Dediyiniz “Bakılılar günü” nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək?”
 
Tanınmış yazıçı, eks millət vəkili, vaxtı ilə Azərbaycanın İstanbuldakı konsulu olmuş Xeyrəddin Qoca özünün feysbuk səhifəsindəki divarında millət vəkili Ziyad Səmədzadənin bəstəkar qızı Aygün Səmədzadənin “Feysbuk”  səhifəsində “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” deyiminə sərt münasibət bildirib. “AzPolitika.info” həmin şərh-münasibəti olduğu kimi təqdim edirik:
-Hörmətli Aygün Səmədzadə! “Yerlipərəst və qohumbaz deyiləm…” yazaraq, statunuzda “sığortalanmağa” çalışmısınız, lakin tam əksinə alınmışdır. “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” demişsiniz… Vaxtilə bəzi “bakılılar” Ümümmilli lider Heydər Əliyevə də deyirdilər: “Bakıya gəlmə!”.
Və hər vəchlə onun Bakıya gəlməsinə mane olmaq istəyirdilər! Atanız Ziyad Səmədzadə vaxtilə uzun illər Heydər Əliyyevlə birlikdə işləmişdi. Sonralar millət vəkili olan atanız Milli Məclisdə Heydər Əliyevə danışmaq üçün “reqlament” qoyurdu, “vaxt verirdi”.
H.Əliyev də ona əsəbləşərək deyirdi: “Ziyad Səmədzadə, sən konyukturaya xidmət edən adamsan!” .
Qəribədir, indi də televiziyalarda Milli Məclisdəki həmin “səhnələr” dönə-dönə göstərilsə də, atanız yenə “deputat” “işləyir”…

Nə isə… O zaman Heydər Əliyev mətbuata verdiyi müsahibələrində deyirdi ki, “Bakı təkcə bakılılar üçün deyil, bütün Azərbaycan vətəndaşlarının paytaxtıdır”. Bəli, kimsə Bakını bəyənməyə bilər və məcburiyyət qarşısında ömrünü burada çürüdə bilər. Elə çoxumuz kimi…Amma bu sizə haqq vermir insanlara harada yaşamaları üçün “yol göstərəsiniz”! Unutmayın ki, Azərbaycanı və Bakını çox illər rayondan Bakıya gələn insanlar idarə ediblər və edirlər!
Bir də təhsil müəssisələrində rüşvəti rayon adamlarının yaratdıqlarını deməklə böyük səhvə yol verirsiniz! Dediyiniz “Bakılılar günü” nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsisi bir fərqi yoxdur. “Korennoy bakılıyam!” sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır…