ATAMIN SEVİMLİ ŞAGİRDİ

Rafiq Hümmət!.. Bu ad mənə doğmadır, əzizdir təkcə ona görə yox ki,  bu adı şərəflə daşıyan mənim əziz dostum, könül sirdaşım və çox ləyaqətli eloğlumdur. Həm də ona görə ki, bu gün təkcə doğulub boya-başa çatdığı Borçalıda yox, onun hüdudlarından çox-çox uzaqlarda da hamının gözəl şair kimi tanıdığı Rafiq Hümmət  atamın sevimli şagirdi olub. Müəllim fəhmiylə şagirdinin istedadını görən və qiymətləndirən atam hələ 40 il bundan əvvəl onun gələcəyinə böyük ümid bəsləyir, “o, böyük şair olacaq”, - deyirdi.
Onunla bağlı düşüncələrimi çoxdan qələmə almaq istəsəm də, nədənsə, alınmırdı. 2001-ci ildə işıq üzü görmüş ilk kitabını dönə-dönə oxuyub, ürəyimdən keçənləri qələmə almaq istəsəm də, bu istəyi uzun müddət reallaşdıra bilmədim. Bəlkə də ona görə ki, müəllifinin özü qədər səmimi olan bu şeirlərin şirinliyini olduğu kimi təsvir və təqdim etmək üçün tutarlı söz tapa bilməməkdən ehtiyatlanmışam.  Səbəb nə olsa da, görünür qismət bu günə imiş.
Yeri gəlmişkən, Rafiq Hümmət hər zaman ucuz təbliğatdan, saxta pafosdan uzaq olub. Belə olmasaydı, indi onun da neçə-neçə kitabı işıq üzü görərdi. Elə bu gün dəbdə olan sosial şəbəkələrdə də tez-tez şeir paylaşmağı sevən deyil (hərçənd ki, oxucuları bunu səbirsizliklə gözləyir). Hərdənbir paylaşdığı şeirlər isə oxucunun ruhunu oxşamaqla yanaşı, həm də bəzilərinə əsl şeirin nə demək olduğunu göstərir. Elə məni  bu yazını yazmağa vadar edən də son vaxtlar sosial şəbəkədə oxuduğum və ruhumu yerindən oynadan bir neçə şeiri  oldu. Bu şeirləri oxuyanda ilk növbədə vaxtilə atamın öz sevimli şagirdi haqqında uzaqgörənliklə “O, böyük şair olacaq” –  deməsi və bir də Xalq şairi Məmməd Arazın aşağıdakı sözləri yadıma düşdü:
 
... Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən, mən kimə gərək?!..

 
Bu günkü ədəbiyyat karvanında Rafiq Hümmətin öz yükü var və onun başını uca, dilini uzun, üzünü ağ edən bu yük bizlərin də qürur mənbəyidir.
Latın Amerikası yazıçısı Varqas Lyosa yazır ki, “Özünü yalnız ədəbiyyatın ixtiyarına verən, bütün vaxtını, ener­jisini bu işə sərf etməyi qərara alan kəslər əsl yazıçı olmağa və özünə şöhrət gətirən əsərlər yazmağa qadirdir”. Və bir də deyir: ““Ədəbiyyat gerçək həyatdan daxilən narazı olmağın məhsulu­dur”. 
Rafiq Hümmət də özünü bütünlüklə ədəbiyyatın ixtiyarına verib. “Şeirdə həyat anladılmır ki, dostum...” – desə də, bu misraları yaza-yaza nələr çəkdiyini çox yaxşı bilirəm. Çünki “yeddi uşağın ən ərköyünü” olduğunu da, “gecələr Ay işşığında kitab oxumağını” da,  əmisinin oğlu, mənim isə sinif yoldaşım və uşaqlıq dostum olan Nəsib öləndə “çöllərdə zar-zar ağlamaığını” da, özünə arxa bildiyi qardaşının qucağında can verməsini də,  “duyğusuzların daim duyğularını sömürməyini” də  yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, o, hətta romançı olsaydı belə, “bəzəkli həyatlardan qalın kitablar” bağlaya bilməzdi, bağlamazdı. Ona görə ki, yazdıqları “möhtəşəm olsun deyə” heç zaman “yüz cür olay uydurub, min cür fənd”  fkirləşənlərdən deyil. Çünki özünün də dediyin kimi, onun oxunmaq dərdi yoxdur. Çünki öz yığvalını yazır. Tanrı yazan yığvalı isə gərək olduğu kimi təqdim edəsən – riyasız, boyasız, bər-bəzəksiz.  O yığvalı yazır ki, “xanəndələrin toylarda oxuması, müğənnilərin klip çəkdirməsi, yanşaqların dastanvari bəzəməsi, haramxor müdirlərin baş əyməsi...” bu yğıval sahibinin “bircə qınnaq da eyninə deyil”.
Bəli, Rafiq Hümmət öz yığvalını yazır... Bu yığval şair təxəyylünün yaratdığı obraz deyil, nə də təkcə Rafiq Hümmətin yığvalı deyil – mayası halallıqdan yoğrulmuş, halalla haramın sərhədinin harda kəsişib, harda ayrıldığını ayırd etməyin çətin olduğu bir məqamda öz nəfsinin bakirəliyini qoruyub saxlaya bilənlərin yığvalıdır, ümumiləşdirilmiş obrazıdır. Borçalının yığvalıdır.
Nə yazıq ki, bu günkü nəşr olunmaq sərbəstliyindən (əslində xaosdan) istifadə edərək “mən də şairəm” deyənlərin çoxu bilmir ki, R.Hümmətin dediyi kimi, “şeirdə şah öyülməz, düşmən söyülməz, şair təlxək kimi əyilməz”...
Və hər şairin də hünəri deyil ki, Rafiq Hümmət kimi savabından çox günahını, sevgisindən daha çox ahını, gözəlliyindən çox ayıbını, çarəsizliyindən yüz qat artıq umudunu yazsın. Onun  bir şair kimi gözəlliyi və özəlliyi də elə budur –  özünü yazır, hər şeirindən bir səmimi Rafiq Hümmət boylanır və oxucularını da umudlu olmağa səsləyir. Bu umud haqqın, ədalətin qələbəsinə, yurdun sabahına olan umuddur, uca sözün nurunun heç zaman öləziməyəcəyinə olan umuddur.
Rafiq Hümmətin, doğrudan da, oxunmaq dərdi  yoxdur. Haqqı yazanların, haqq üçün yazanların da heç oxunmaq dərdi olarmı? Haqqı oxumaq yox, duymaq və yaşamaq, bir də yaşatmaq lazımdır.
Rafiq Hümmətin ən böyük dərdi vaxtilə “yeddi məmləkətə, yetmiş oymağa zəlzələ, vəlvələ salan,  xandan, pristavdan haqq-hesab soran”, bu gün isə “gözləri dolan”, “satqını, şərçisi kalan” olan, “çuğundur üzlərə” qalan  yurdun dərdidir. Bununla belə, onun şair eşqi “Yaradanın səbri kimi” sonsuzdur. Elə bu eşqdən, bu səbirdən də onun sabaha inamın boylanır:
 
Hər şeyin əksi var, adam –
Zülmət varsa, işıq da var.
Görürsənmi, qış can verir,
Necə gülümsəyir bahar...
 

Şeirlərinin birində  “Gözlərimin qabağında qocalır atam”, - deyir Rafiq Hümmət. Qocalıq təkcə bioloji proses deyil, həm də mənən kamilləşmə, müdrikləşmə və ucalma mərhələsidir. Allahın alnına yazdığı ömür payında qocalıq yaşına çatmaq qisməti varsa, hər kəs qocalır, amma bunun mənəvi kamilləşmə və  müdrikləşmə ilə müşayiət olunması hər kəsə qismət olmur. Bəzən hətta özünün şəxsi keyfiyyətləri buna imkan versə də, bir də görürsən ki, hansı səbəbdənsə bir dilgödəkliyi yaranır və yaş qocalsa da, insanı bu mənəvi ucalıq mərtəbəsinə qalxmaqdan məhrum edir. Allah eləməmiş, bu dilgödəkliyi ailədən, övladdan gələndə isə atanın faciəsi olur. Rafiq Hümmətin atası, mənim də hər zaman böyük sayğı bəslədiyim Hümbət kişi Tanrının qismət elədiyi bu qocalığı – ucalığı haqq edənlərdən, həm də ikiqat haqq edənlərdəndir.  Həyatda qazandıqlarına görə yalnız Allahın verdiyi qismətə və bir də alnının tərinə, əlinin qabarına borclu olan, böyüklə-böyük, kiçiklə kiçik olub sadəliyi və səmimiliyi ilə seçilən,  ləyaqətli övladlar böyüdən, və ən əsası, cəmiyyətə RAFİQ HÜMMƏT adlı bir əsər – Borçalının ağır eli olan Darvaza (təkcə Darvazamı?!) başucalığı  bəxş edən bir KİŞİ haqqında sadəcə qocalır demək düz olmazdı. “Gözlərimin qabağında atam qocalır, anam qarıyır”, - demə, atam gündən-günə ucalır, anam isə üzləşdiyi övlad itkisinə rəğmən, mənimlə qürur duyur, de, qardaşım. 
“Tanrı qulu olmaq zülümdü”, - desən də, bu missiyanı şərəflə daşıyırsan və bu gün səni tanıyanlar  yaxşı bilir ki, doğrudan da həmişə tək Allahın “kürəyinə” sığınıbsan.
“Bu dünyanın zər libası gəlmir əynimə”, - deyirsən, Rafiq Hümmət. Haqlısan, dünyanın zər-zibası sənin əyninə gəlməz, sən  “taxtı sevən qullardan” da ola bilməzsən heç vaxt.  Çünki sənin üçün bu həyatda önəmli olan dünya malı deyil. Çünki sən “söz üstündə yarpaq kimi” əsirsən, var-dövlət, şan-şöhrət üçün yox.  
Çünki  baban Aşıq Unus da,   atan Hümbət kişi də sənə var-dövlət hərisliyini yox, halallığı, təkcə özünün yox, həm də başqalalrının dərdinə yanmağı  təlqin ediblər həmişə.  Elə ona görə də  öz atəşinə yox, özgələrin atəşinə yanırsan:
 
Arıtək zəhərim soruldu cana,
Hamıya bal verdim, bal dadammadım.
Vallahi-billahi, dostlar bir yana,
Mən heç düşməni də aldadammadım…

 
Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi