Atambayevi həbs edən general işdən qovuldu – Xəyanətdə günahlandırılır

Baxış sayı:
5428

Qırğızıstanda baş verən son iğtişaşlarla bağlı araşdırmalar və həbslər davam edərkən, ölkə rəhbərliyi gözlənilməz qərar verib. Qırğızıstan mətbuatında daxili işlər nazirinin müavini Kursan Asanovun vəzifəsindən azad olunduğuna dair rəsmi məlumat yayımlanıb. Maraqlıdır ki, general-mayor rütbəsi daşıyan K.Asanov məlum iğtişaşların təşkilində günahkar bilinən sabiq prezident Almazbek Atambayevin həbsi əməliyyatına rəhbərlik etmiş və özü şəxsən Atambayevlə söhbət etdikdən sonra onun təslim olmasına nail olmuşdu. Həmin əməliyyata dair kadrlarda Asanovun sabiq prezidentlə söhbəti əks olunub. Ancaq görünür, onun sabiq prezidentlə kifayət qədər mülayim davranması ölkə rəhbərliyinin xoşuna gəlməyib. Belə ki, generalla bağlı daxili təhqiqat aparıldığı bildirilir. Rəsmi məlumatda hətta deyilir ki, təhqiqat qrupu K.Asanovun xəyanət etdiyi qənaətinə gəlib: “Avqustun7-8-də ictimai asayişi qorumağa borclu və kütləvi iğtişaşlara yol verməməli olan Kursan Asanov Qırğızıstan milisinin maraqlarına xəyanət etdiyinə və etibarını itirdiyinə görə vəzifəsindən azad edilib”. Qərarı baş nazir M.Abılqaziyev imzalayıb. Rəsmi məlumatda əlavə izahat verilmir və bildirilir ki, təhqiqat davam etdirilir. Xatırladaq ki, Qırğızıstan milisi Atambayevi həbs etməkdə ciddi çətinlik çəkmişdi. Çoxlu sayda milis əməkdaşı və Atambayevin tərəfdarları ağır xəsarətlər almış, bir xüsusi təyinatlı isə həlak olmuşdu. Bu əməliyyat böyük iğtişaşa çevrilmişdi, hətta az qala ölkədə növbəti inqilabın baş qaldırmasına səbəb olacaqdı./AzPolitika