Atambayev təslim olmur, silahlı müqavimət göstərir - YENİLƏNİB / VİDEO

Baxış sayı:
8832

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin xüsusi təyinatlıların bu gün başlatdığı əməliyyat zamanı saxlanıldığı təsdiqlənməyib. RİA Novosti bildirir ki, keçmiş prezident evindədir və müqavimət göstərir, atəş səsləri eşidilir.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinə girməyə çalışır. Keçmiş prezidentin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Onlardan bəziləri xüsusi təyinatlılarrı döyməyə çalışır, bir neçə xüsusi təyinatlı Atambayevin tərəfdarları tərəfindən tutulub.

Atışma zamanı bir xüsusi təyinatlı və Atambayevin bir neçə tərəfdarı yaralanıb. Bir nəfərin öldüyü bildirilir. Koy-Taş iqamətgahına əlavə qüvvələr göndərilir, evə hücumun olacağı istisna deyil. İqamətgahın üstündə vertolyotlar dövrə vurur.

Atambayev korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır, o bütün ittihamları rədd edir və təslim olmayacağını bildirib.

*   *   *20:26

Qırğızıstanın sabiq prezident Almazbek Atambayevin həbs olunması üçün əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlılar sabiq prezidentin Bişkek şəhəri yaxınlığında yerləşən iqamətgahına daxil olmağa çalışıblar. Atambayevin tərəfdarları buna qarşı çıxıblar. Nəticədə qarşıdurma yaşanıb. İqamətgaha gedən bütün yollar bağlanıb. Ərazi nəzarətə götürülüb.

Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər, evin üzərində helikopterlər peyda olub. Əməliyyat zamanı bir neçə nəfərin yaralandığı deyilir. Yaralılardan birinin jurnalist olduğu bildirilir.

...Son məlumatlara görə, Atambayev artıq saxlanılıb. Xüsusi təyinatlılar onu yaşadığı evdən çıxararaq naməlum istiqamətdə aparıblar.