“Atam niyə bir dəfə telefonla görüntülü zəng etmir?” - pilot ailəsinin davam edən dramı

Baxış sayı:
14323

İtkin düşən pilotun qayınatası Qabil Hüseynli: “Təyyarənin qalıqlarından az bir hissə bütöv qalıb”

İyulun 24-də saat 22.00 radələrində Xəzər dənizində qəzaya uğrayan MiQ-29 təyyarəsinin qalıqları tapılsa da, pilot Rəşad Atakişiyevin axtarışları hələ ki, bir nəticə vermir. Bununla bağlı musavat.com-a pilotun qayınatası, politoloq Qabil Hüseynli bildirdi. Qabil bəy axtarış işləri və digər məqamlarla bağlı suallarımızı cavablandırdı:

-Qabil bəy, axtarış işləri ilə bağlı son məlumatlarınız nədən ibarətdir?

- Təyyarə suya möhkəm çırpılıb. Bu zaman betona çırpılan kimi effekt yaranıb. Yəni təyyarə parça-parça olub. İndi hava şəraiti imkan verdiyinə görə, mütəxəssislər dənizin dibinin şəklini çəkə bilirlər. Belə məlum olur ki, təyyarənin hissələri 1 km radiusa səpələnib. Amma təyyarənin qalıqlarından az bir hissə bütöv şəkildə qalıb. Məsələn, təkərlər, motorun bəzi hissələri. Amma yerdə qalan hissələr hamısı param-parça olub. 

-Bir müddət əvvəl demişdiniz ki, hava şəraiti ilə əlaqədar olaraq axtarışlar çətin gedir. Bəs, hazırda vəziyyət necədir?

- Hazırda axtarış işləri yenə də çətin gedir. Çünki parça-parça olmuş təyyarə hissələrinin üzərini qalın lil və qum layı örtüb. Dalğıclar hər bir hissəni, qırıntını əlləri ilə qumdan və lildən təmizləyərək çıxarırlar. Bu saat əsas hədəf pilotun heç olmasa oturduğu kreslonun və “qara qutu”nun tapılmasına yönəlib. Ona görə də bəzən o qədər də lazım olmayan təyyarə hissələrini belə, su üzünə çıxarırlar ki, bəlkə onlardan bir ipucu əldə etsinlər, pilotun oturduğu kreslonu və “qara qutu”ya aparan yolları tapa bilsinlər. Axtarış işləri əvvəlkindən xeyli intensiv aparılır. Demək olar ki, dalğıclar bütün günü işləyirlər. Hava şəraitinin əlverişli olması və görmə məsafəsinin yaxşılaşması da işləməyə imkan verir. Məsələn, əvvəllər görmə məsafəsi 2-5 sm arasında idisə, indi dəfələrlə artıb. Yəni qum fırtınası demək olar ki, çox zəifdir. Sualtı axınlar da xeyli zəifləyib, bu da işləməyə imkan verir. 

Itkin düşmüş pilot Rəşad Atakişiyev

- Qabil bəy, axtarış işləri hansı tərəfdə aparılır?

- Axtarış işləri Siyəzən rayonunun Zarat kəndi yaxınlığında, sahildən 17 km məsafədə, suyun 27 metr dərinliyində aparılır.   

- Təyyarənin nə qədər hissəsi quma batıb?

- Təyyarə idaretməni itirəndən sonra başı üstə, “burnu” ilə dənizə düşüb. O hissədə də qayalıqlar var. Ona görə də “burun” hissəsindən pilotun kabinəsinə qədər olan hissələrdə dağılma daha çox olub. Həm yerə dəymə və bunun nəticəsində yaranan əks zərbə təbii ki, təyyarənin hissələrinin bir-birinə qarışmasına səbəb olub. Göydən çox sürətlə gəlib.

- Sürət həddi nə qədər olub qəza anında? 

- Təyyarənin sürət həddini söyləmirlər. Amma döyüş təlim uçuşu zamanı komandirin sürətinin həddi saatda 720 km imiş. Bu da təxminən o sürətlə hərəkət edirmiş. Amma dənizə düşərkən sürət həddi nə qədər olub, bunu müəyyən etmək hələlik mümkün olmayıb. 

Картинки по запросу İtkin düşən pilotun qayınatası Qabil Hüseynli

-Sonuncu dəfə axtarış yerində nə zaman olmuşunuz? 

- Dünən (13 avqustda-red.). Bu gün isə telefon əlaqəsi saxlamışam. Elə olur hər gün gedirik, elə də olur iki gündən bir. 

- Ola bilərmi ki, Rəşadın ürəyi tutub və bu səbəbdən katapult edə bilməyib?

- Bir neçə versiya üzərində dayanırlar. Bu versiyalardan biri təyyarənin kabinəsinə quş çarpılmasıdır. Deyirlər 300 qramlıq quş 6 tonluq zərbə qüvvəsi yaradır. Bu versiyanın üzərində dayanırlar. Əgər quş kabinəni qırıb pilota dəyirsə, pilotu dərhal öldürür. Bundan əlavə, təyyarənin nasazlığı ilə bağlı ehtimallar da səslənir. Motorun “otkaz” eləməsi, yaxud yaranan digər qüsurlar da nəzərdən keçirilir. Əlbəttə ki, insan amilinə, yəni pilotun səhhəti ilə bağlı məsələlər də ehtimallar sırasındadır. 

- Rəşad səhhətindən şikayətçi olubmu nə vaxtsa?

- İndiyədək heç zaman həkimə müraciət etməyib, dişindən başqa. Bir də ki, onların sağlamlığı hər il ciddi şəkildə yoxlanılıb. Həm də idman sahəsində yüksək nəticələri var idi. 10 km kross qaçışını, turnikdə dartınmanı, müxtəlif idman hərəkətlərini ciddi nəzarət altında yoxlayırdılar. Əgər o, sınaqdan keçməsə, deyək ki, 10 km-lik krossu qaça bilməsə, onda maaşından xeyli azalma olur və imtahanı təkrar verməli olur.

Картинки по запросу İtkin düşən pilotun qayınatası Qabil Hüseynli

- Qabil bəy, nə qədər çətin bir vəziyyətdə qaldığınızı bilirik. Xüsusilə də atalarının yolunu gözləyən nəvələrinizə söz deməyə çətinlik çəkdiyinizi yaxşı anlayırıq. Uşaqları necə ovundurursunuz bu günlərdə? 

- Böyük oğlunun 7 yaşı var. Biz ona deyirik ki, atan Türkiyəyə gedib, ordan Suriyaya göndəriblər, daha nələr. Deyir atam görüntülü telefonla niyə bir dəfə zəng edib bizimlə maraqlanmır? Deyir zəng edin, atamla danışmaq istəyirəm. Dünən kimsə küçədə uşağa nəsə deyib, o da ağlaya-ağlaya evə çıxıb ki, niyə mənə sözün düzünü demirsiniz? Uşağı sakitləşdirmək olmur. Uşaq dolmuş vəziyyətdədir, elə bil ki, ürəyinə nəsə damıb. Çox qəmgindir, əvvəlki şənlənmək, oynamaq, qaçmaq həvəsi qalmayıb. Daim gözlərini bir nöqtəyə dikir, fikrə gedir. Kiçik oğlunun 3 yaşı var... /musavat