"AST TELMAN" HAQDA YAZILANLARA ETİRAZ...

KVN-çi Tahir İmanov: “Telman İsmayılovun həbsinə sevinənlərə sözüm var...”
 
“Babam deyərdi ki, insanları vəzifədən düşəndə axtarın”

Son zamanlar azərbaycanlı iş adamı, Moskva Basman rayon məhkəməsinin qərarı ilə bir neçə nəfərin qətlində ittiham olunan Çerkizov bazarının keçmiş sahibi “AST Telman” kimi tanınan Telman İsmayılovun adı həm Rusiya, həm də Azərbaycan mətbuatının gündəmindən düşmür. Sragagün isə onun Fransadan sığınacaq istəməsi haqda fərqli xəbərlər yayılıb.
Telman İsmayılovun Azərbaycanda layihələrinə, yaradıcı işlərinə dəstək verdiyi “Planet Parni iz Baku” KVN Teatrının rəhbəri Tahir İmanov yerli mətbuatda oliqarxla bağlı yanlış xəbərlərin yayılmasından narazıdır. Bu səbədən də o, fikirlərini Hurriyyet.org-la bölüşdü:
 “Telman İsmayılovla hər gün zəng edib əlaqə saxalayıram. Bəzən özü, bəzən də ailəsi, köməkçiləri ilə danışıram. Hər şey normaldır. Amma burda, bizdə onun haqqında həqiqətdən uzaq, yanlış yazılar dərc olunur. Mən bundan məyus oluram. Belə yazıları ona qarşı haqsızlıq sayıram. Əminliklə deyə bilərəm ki, Telman müəllimin bu cinayət əməllərinə heç bir aidiyyatı yoxdur. Bu məsələ onun əleyhinə quraşdırılan oyun, böhtan və şərdir. Onu şəxsən tanıyan bir insan kimi deyə bilərəm ki, bu işdə Telman müəllim suçsuzdur. Hər gün zəng edib xəbər alıram”.
 
“Bəziləri onun qiyabi həbsinə sevinirlər”

Tahir İmanov deyir ki, bəzi mətbu orqanlarda Telman İsmayılova qarşı aparılan kampaniya başadüşülən deyil: “Bəzi informasiya vasitələrinin Telman İsmayılovun dara düşməsinə, başına gətirilənlərə belə münasibət bəsləməsinə çox təəssüflənirəm. Təkcə ona görə yox ki, bizim onunla şəxsi münasibətimiz var. Həm də ona görə ki, o, bir azərbaycanlıdır.  Bu məsələ gec-tez öz həllini tapacaq. Hər şey aşkara çıxacaq və onun günahsız olduğu sübut olunacaq. Mən nikbin adamam, bilirəm ki, Telman İsmayılov bu məsələni adlatacaq. Amma  bəzi saytların belə mövqe tutması, öz ölkəsində ona qarşı belə münasibət bəslənməsi yaddaşlarda yanlış təəssürat kimi qalacaq. Anlamıram ki, niyə bəziləri bu hadisəyə sevinirmiş kimi münasibət sərgiləyirlər. İnsanların “yıxılanı baltalamaq” mövqeyi mənə qətiyyən çatmır. Telman İsmayılov hər şeydən əvvəl azərbaycanlıdır, bu torpağın övladıdır. Ondan üz çevirmək, qərəzli yanaşmaqla biz nəyə nail oluruq? Bu tendensiya yaxşı heç nəyə gətirməyəcək. Bu dəfə Telman İsmayılovun cinayət işinə sevinək, gələn dəfə bir başqasının problemlərinə həvəslə yer ayıraq, nə qazanacağıq?! Başqa vaxt “birlik”, “birlik” deyirik. Nə oldu bəs? İmkanlarının yaxşı vaxtında Telman İsmayılov yaxşıydı, indi çətin vəziyyətə düşəndə pis oldu?”
 
“Əmək verdiyi müğənnilər, artistlər hardadır?”

Tahir İmanov deyir ki, mətbuatla yanaşı, sənət adamlarının da mövqeyi anlaşılan deyil: “Televiziya məkanında, sənət adamları arasında Telman İsmayılova dəstək verməyə mənəvi borcu olan çox insan var. Amma indi onların hamısı “yoxa çıxıb”. Ötən il Telman müəllimin 60 illik yubileyində iştirak elədim. O kişi  Azərbaycan estradasının neçə-neçə ulduzuna çörək verib, maşınlar, ev bağışlayıb. Onlar üçün nələr eləməyib. Amma onlar nə ad günündə, nə indiki çətin məqamda ona dəstək olmadı. Ad günündə heç biri gəlib təbrik eləmədi. Bilirəm, Telman müəllim onlarla üz-üzə gələndə bunu heç vaxt onların üzünə vurmayacaq. Amma içində çəkəcək. Bəs, o adamların  insanlığına nə gəlib? Həmin yubiley tədbirinə Abbas Bağırovun keçmiş musiqiçisiləri - Samir Şirinov və bir də daha bir nəfər gəlmişdi. Onlar o zaman Abbasın qrupunda çalırdılar. Telman müəllim onları görəndə çox sevinmişdi. Stolunun başında otuzdurmuşdu. Amma vaxtilə Telman müəllimin yanında olmağa can atan xalq artistlərimiz, əməkdar artistlərimiz, meyxana deyənlərimiz orda yox idi, gəlməmişdilər.
 
“Ondan heç bir umacağım yoxdur”

Belə danışanda elə biləcəklər ki, mənim ondan bir təmənnam var. Halbuki neçə illik münasibətimizdə onun şəxsən mənə heç bir maddi dəstəyi olmayıb. Yalnız bizim layihələrimizi maliyyələşdirib.
 
“Baskovla Xazanov gəldi, amma...”

Di gəl, Baskov, Gennadi Xazanov gəlmişdi, Kirkorov zəng eləmişdi”.
- Telman İsmayılovun bir zamanlar məşhur əcnəbi sənətçilərlə, o cümlədən Şakira və Cenifer Lopeslə də sıcaq münasibəti vardı. Bəs onlar necə, bu məqamda Telman İsmayılovu axtarıb dəstək verirlərmi?
- Doğrusu, bu haqda heç bir məlumatım yoxdur. Xarici müğənnilərdən kimin ona dəstək verib-vermədiyindən xəbərsizəm. Amma burdakı sənətçilərdən kimlərə yardım etdiyini hamı bilir. Rusiya şou-biznesindən də Telman müəllim vəziyyəti yaxşı olanda hamıdan çox Valeriyanın həyat yoldaşı Priqojini pisləyirdi. Aralarında nə olmuşdusa, onu sevmirdi. Amma vəziyyət bu hala gəlib çıxanda hamıdan çox Priqojin onun yanında olmağa çalışdı. Efirlərdə, mətbuada davamlı müdafiə elədi.
Amma bizimkilər... O dəqiqə üz çevirdilər. Burda söhbət tək Telman İsmayılovdan getmir. Təkcə o yox, başqa xarici ölkədə yaşayan iş adamlarımıza belə məqamlarda arxa durmağı bacarmalıyıq. Lap elə Mübariz Mənsimov olsun. O bir neçə dəfə bizim layihələriizi maliyyələşdirməyə söz vermişdi, amma sözünün üstündə durmadı. Mənim ondan inciməyə və barəsində danışmamağa haqqım çatsa da, bunu eləmirəm. Söz açıldi, sizə dedim.
Rəhmətlik babam Süleyman Ələsgərov həmişə deyirdi ki, çalış insanları vəzifədən düşəndən sonra yada sal. Bu günlərdə Ziya Məmmədova zəng elədim. Düzdür, onu güclə tapdım. Amma tapdım, hal-əhval tutdum, kefini soruşdum. Vəzifədə olanda “Ziya müəllim, sizdən yoxdur deyə başına dolananlar indi hal-xəbər tutsunlar”.
 
“Telman İsmayılov daha nə etməliydi?!”

T.İmanov onu da qeyd etdi ki, Telman İsmayılov Azərbaycan mətbuatında onun haqqında yazılan yazıların əksəriyyətini oxuyur və qərəzli materialları görəndə məyus olur.
 “Bəlkə bu aqressiya Telman İsmaylovun zamanında heç vaxt yerli mətbuata diqqət ayırmaması, Azərbaycan üçün xüsusi xidmətləri olmamasıyla bağlıdır”  sualına Tahir İmanov sərt təpki verdi: “Axı Telman İsmayılov Azərbaycan üçün daha nə eləməliydi? Neçə-neçə sənət adamının karyerası onun adı ilə bağlıdır”.
 
“Çox məşhur müğənnilərə əl tutub”

- Sənət adamları deyirsiz. Amma ciddi sənət adamlarından yalnız KVN-ə dəstək verdiyi bəllidir. Qalanlar şou aləminin qeyri-ciddi imzalarıdır.
- Doğru demirsiz. Abbas Bağırov məhz Telman müəllimin dəstəyi ilə özünü təsdiqlədi. Qarmon ustası, peşəkar sənətkar Ənvər Sadıqova nə qədər yardım edib. Bunlar ki, ciddi sənət adamlarıdır...
 “Azərbaycan üçün nə edib” fikrinə gəlincə, onun vaxtında “Çerkizov” bazarında 25 min azərbaycanlı işləyirdi. O azərbaycanlıların hamısı ailələrinə çörək aparırdı. O bazarın bağlanmasıyla, görün, nə qədər insan işsiz qaldı. Azərbaycanı sevmək üçün mütləq tanınmış adam, olimpiya çempionu, sənət adamımı olmalısan, yaxud gördüyün hər işi reklammı eləməlisən? O vaxt Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərlərindən biri kimi Telman İsmayılov həddən artıq iş görüb.
 
“Gördüyü işlərdə görünmək istəmir”

Sadəcə, o, elədiyi hansısa iş haqda danışmağı sevmir. Hardasa adını çəkilməsini istəmir. Bizim neçə layihəmizə dəstək verib, amma bir dəfə də olsa istəmirdi ki, onun adını çəkək. Dəfələrlə tapşırırdı ki, adımı elan etməyin. Həm də indi o məqam deyil ki, onun Azərbaycan qarşısındakı xidmətləri hansılardır, var, ya yox məsələsini çözək. Əsas məsələ odur ki, yıxılanı baltalamazlar. Onun imkanları yaxşı olanda niyə heç kim belə yanaşa bilmirdi? İnsan “vurulan” kimi başlayırlar onu tənqid və təhqir etməyə. Lap elə “Fransadan sığınacaq istəmək” məsələsini götürək. Bəyəm ona siyasi məsələlər üçünmü cinayət işi açılıb ki, o, hansısa ölkədən siyası sığınacaq istəsin? Tutaq ki, bunu hansısa rus saytı yazıb. Bizimkilər yoxlayıb, sonra yazsınlar da, olmazmı? Halbuki bu xəbərin heç bir əsası yoxdur. O, getməli olsa, elə İsrailə gedərdi.
- Telman İsmayılovla bağlı xəbərlər çox zaman Rusiya saytlarından götürülür. Jurnalistləri qınayırsız. Axı onların bu məsələ ilə bağlı informasiyanı dəqiqləşdirəcək mənbələri yoxdur.
- Rusiya saytları bütün məsələlərə onlara sərf edən prizmadan yanaşır. Onların xəbərlərini oxuyanda Gürcüstan pis, Ukrayna ondan betərdir, bir onlar yaxşıdır. Əgər onlara istinadla xəbər yaymaq məntiqinə qalsa, Rusiya mətbuatı Qarabağ məsələsi ilə bağlı ağzına gələni yazır. Onda biz onu da olduğu kimi tərcümə etməliyk, bəyəm? Onların bütün xəbərləri şər, böhtandan ibarətdir. Ona görə bizimkilər yazanda bir az da özününkünün də təəssübünü çəksələr, yaxşı olar.
 
“NTV-dən də imtina elədi”

Bir də ki, nəsə dəqiqləşdirmək istəsələr, məni də axtara bilərdilər. Niyə siz məni axtarıb tapırsız, Rusiyadan NTV kanalının “Sentralnaya televiziya” analitik proqramından zəng edib xahiş edirlər ki, bizi Telman İsmayılovla əlaqələndir.
- Əlaqələndirdiz?
- Yox, Telman müəllim onlara danışmaq istəmədi. Dedi, heç kimlə görüşmək istəmirəm.

Hurriyyet.org