AŞPA prezidentindən rəsmi Bakıya XƏBƏRDARLIQ - "Avropa Şurasının üzvləri öhdəliklərinə riayət etmək məcburiyyətindədirlər"

Baxış sayı:
23032

Avropa Şurasının iştirakçısı olan dövlətlər öz öhdəliklərinə riayət etməli, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməlidir. AŞPA prezidenti Lilian Mori Paskyenin sentyabrın 11-də Bakıdakı konfransda çıxışı zaman verdiyi əsas mesaj bundan ibarət olub. Avropa Şurasının 70 illiyinə həsr edilmiş "Bizim hüquqlarız, bizim azadlıqlarımız, bizim Avropamız" mövzusunda konfrans Fransa-Azərbaycan Universitetinin binasında keçirilir. Tədbir Avropa Şurası tərəfindən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edən Fransanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil edilib. AŞPA prezidenti salamlama nitqində xatırladıb ki, Avropa Şurası demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə hörmət prinsiplərinə əsaslanıb. Bütün mövcud nöqsanlara baxmayaraq, Avropa İnsan Hüquqları Konvensiyası insan hüquq və azadlıqlarının keşiyində dayanan nadir alətdir. Avropa İnsan Hüquqları Məhkəməsi isə dünyada nadir alətdir. "Ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edərkən qarşılaşdıqları problemlərin həlli yollarını müzakirə edə bilərik. Amma Avropa Şurası lazım olduqda qətiyyətlə reaksiya verəcək. Nazirlər Komitəsi, AŞPA və baş katib belə vəziyyətlərdə əlavə reaksiya mexanizmlərinin yaradılması üzərində işləyir", deyə o qeyd edib. Avropanın yeni prioritetləri arasında Paskye Qadınlara qarşı zorakılığa son qoyulması haqqında İstanbul Konvensiyasının qəbul edildiyini, konvensiyanı 34 ölkənin ratifikasiya etdiyini qeyd edib. "Azərbaycan bu konvensiyaya qoşulsaydı, yaxşı olardı", deyə o bildirib. Azərbaycan hökuməti adından ombudsman Elmira Süleymanova salamlama nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycan təşkilata daxil olarkən öhdəliklərini əsasən yerinə yetirib, ölkənin bir çox qanunları isə Avropa Konvensiyasının müddəalarına uyğunlaşdırılıb. O qeyd edib ki, parlamentə İstanbul Konvensiyasının ratifikasiyası haqqında müraciət göndərib. Daha sonra jurnalistlərin iştirakı olmadan, deputatların, hökumət üzvlərinin, QHT rəhbərlərinin və ekspertlərin iştirakı ilə Avropa Şurasının fəaliyyəti və təşkilat qarşısında duran təhdidlər haqqında müzakirələr aparılıb. Qeyd edək ki, tədbirdə hökumətin vəzifəli şəxslərindən yalnız xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edib. Avropa Şurasının parlament rəhbərinin Bakıya gəlməsinə baxmayaraq, Milli Məclisin spikeri və hətta vitse-spikeri konfransa gəlməyib./Turan