​AŞPA-nın yaz sessiyasında AZƏRBAYCANA QARŞI TƏXRİBAT –Bloqer Lapşin ölkəmizin əleyhinə çıxış etmək üçün iclasa dəvət edilib

Baxış sayı:
4030

AŞPA-nın aprelin 23-də başlayacaq yaz sessiyasında Azərbaycana qarşı növbəti təxribat aksiyası hazırlanır.
Tanınmış israilli bloqer, Dağlıq Qarabağa qeyr-qanuni səfərə görə həbs edilərək Azərbaycana gətirlimiş, daha sonra əfvlə azad olunmuş Aleksandr Lapşin AŞPA-nın yaz sessiyasında çıxış etməyə dəvət olunub.
Bu barədə bu gün Ermənistanda səfərdə olan A.Lapşin jurnalistlərə bildirib. Onun sözlərinə görə, Yerevandan birbaşa Strasburqa gedəcək və AŞPA-nın sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı çıxış edəcək. O, Bakıda həbsdə olduğu müddətlə bağlı fikirlərini açıqlayacaq. Lapşin bu çıxışı “Azərbaycanda insan haqlarının pozulması” ilə bağlı mövzu çərçivəsində edəcək.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.
Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
2017-ci ilin sentyabrında  Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 23-27-də keçiriləcək.
Yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid” və “Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması” mövzularında müzakirələr aparılacaq.
Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir.
Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq./Strateq.az