AŞPA Mehman Hüseynovun işi ilə bağlı narahatlıq ifadə edib

Baxış sayı:
2476

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri həbsdə olan bloqçu Mehman Hüseynova qarşı yeni ittihamların irəli sürülməsi barədə xəbərin dərin narahatlıq doğurduğunu deyiblər.
 
Roger Gale və Stefan Schennach-ın bəyanatı yanvarın 4-də yayılıb.
 
"Təəssüflər olsun ki, bu yeni ittihamların aşkaranə siyasi motivli olduğunu deməyə, siyasi məhbus saydığımız tanınmış insan haqları fəalının daha da susdurulmasına yönəldiyini iddia etməyə zəmin var", - AŞPA saytındakı bəyanatda deyilir.
 
Ötən ilin sonunda, həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova qarşı cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməkdə bağlı yeni cinayət işi açılıb.
 
Mehman Hüseynov ittihama etiraz olaraq dekabrın 26-da aclıq aksiyası elan edib.
 
AŞPA Mehman Hüseynovun işini yenidən nəzərdən keçirməyə çağırır.
 
"Aclığı davam etdirir"
 

Həbsdə olan bloqçu Mehman Hüseynov "çox zəifləsə də, aclığı davam etdirir", bloqçu ilə cümə günü görüşdüyünü deyən vəkil Şəhla Hümbətova BBC News Azərbaycancaya bildirib.
 
"Mehman Hüseynov çox zəifləyib, gözünü belə çətinliklə açır. Yemək yemir, az-az su içir. Çox zəifləsə də, aclığı davam etdirir".
 
Bundan əvvəl Penitensiar Xidmət BBC News Azərbaycancaya Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığını deyib.
 
Vəkilin sözlərinə görə, bloqçunun ayağında problemlər yaranıb və həkim nəzarətinə götürülüb.
 
"Dekabrın 30-da Mehman Hüseynovun ayağındakı problemə görə vəziyyəti pisləşib, ayağındakı damarlar partlayıb, huşunu itirib. Cərrah müayinə edib və deyib ki, təcili əməliyyat edilməlidir. O qədər zəifləyib ki, indi əməliyyatdan söhbət getmir".
 
Şəhla Hümbətova deyir ki, "Mehman Hüseynovun səhhəti o qədər pisləşib ki, təcridxana rəhbərliyi, hamı narahatdır ki, ona bir şey olmasın. Özləri xahiş edirlər ki, su içsin, həkim gəlib yoxlayır".
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə BBC News Azərbaycancaya deyib ki, "Mehman Hüseynov aclıq aksiyasını dayandırıb, su da içir, yemək də yeyir".
 
O, Mehman Hüseynovun səhhətində hər hansı bir problemin olmadığını bildirib.
 
Mehman Hüseynova qarşı yeni iddianın qaldırılması haqda cənab Sadıqov deyib ki, "bu məsələlər hər bir təcridxananın daxili işidir və hazırda istintaq gedir".
 
Ədliyyə Naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı deyir ki, "komitə Mehman Hüseynovun vəziyyəti ilə maraqlanır və vəziyyəti nəzarətdə saxlayır".
 
Səadət Bənənyarlı söyləyir ki, Mehman Hüseynov hazırda istintaq təcridxanasına köçürüldüyü üçün onunla şəxsən görüşə bilmirlər, amma vəkillərindən və Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən məlumat alırlar.
 
"Mehman Hüseynovun özü ilə istintaq təcridxanasında görüşmək üçün gərək icra müstəntiqi və işi aparan digər qurumlardan icazə alaq. Bizə onun ailə üzvləri və yaxınları tərəfindən müraciət olunmayıb və buna nə qədər ehtiyac olub-olmadığını bilmirik".
 
Qurumun koordinatoru o, aclıq aksiyası müddətində Mehman Hüseynovun səhhətindən narahat olduğunu bildirib:
 
"Dekabrın 26-dan quru aclıq edirdi. Onun səhhəti haqda çox narahat idim. Onun ailə üzvlərindən də müraciət olunurdu, amma o, heç kimi eşitmək istəmirdi. Ancaq qardaşının istəyi ilə aclığı dayandırdı".
 
Mehman Hüseynov kimdir?
 
Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehaman Hüseynova cəzaçəkmə müəssisəinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.
 
Həbsdə olan Mehman Hüseynov ittihama etiraz olaraq 9 gündən çox aclıq aksiyası keçirib.
 
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
 
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.
 
Bloqçu bu ittihamları qəbul etməyib.
 
Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.