​Aslan İsmayılova məhkəməni tərk etməyə icazə verilmədi – Hüquqşünas: "Haqqımda olan qanunsuzluğa üsyan edirəm"

Baxış sayı:
994

Son bir ayda keçmiş vəkil Aslan İsmayılov haqqında iki ittiham hökmü çıxarılandan sonra indi də o, xuliqanlıq suçlamasıyla mühakimə olunur. Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə divarının suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda təqsirləndirilən A.İsmayılov haqqında cinayət işinə elə həmin məhkəmədə baxılır.
CM-nin 221-ci (xuliqanlıq) maddəsiylə ittiham olunan A.İsmayılov hazırlıq iclasında vəsatət qaldırıb, bu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz etmişdi. Etirazını da belə əsaslandırmışdı ki, bu məhkəmə onun haqqındakı cinayət işində maraqlı tərəfdir, şahidlər də, əsasən, məhkəmənin hakim və işçiləridir. Ona görə də Binəqədi Məhkəməsində obyektiv qərar çıxarıla bilməz.
Hakim Mirheydər Zeynalov təqsirləndirilən hüquqşünasın etirazını təmin etmişdi.
A.İsmayılov gözləyirdi ki, Bakı Apellyasiya Məhkəməsi onun işinə paytaxtın başqa rayon məhkəmələrindən birində baxılmasına qərar verəcək. Ancaq Apellyasiya məhkəməsi hakim M.Zeynalovun qərarını ləğv edib, işi yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə, özü də həmin hakimə qaytarıb. Qərar da belə əsaslandırılıb ki, A.İsmayılov şəxsən hakim M.Zeynalovun özünə etiraz verməyib.
Avqustun 10-da Binəqədi Rayon Məhkəməsində hüquqşünasın haqqındakı cinayət işi üzrə proses davam etdirilib. A.İsmayılov yenə etiraz verib. Bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin işin geri qaytarılması haqda qərarı qanunsuz və əsassızdır. Çünki o, Binəqədi Rayon Məhkəməsinin tərkibinə etiraz veribsə, deməli, hakim M.Zeynalov da bura daxildir. Təqsirləndirilən hüquqşünas təkrarlayıb ki, işinə bu məhkəmədə baxıla bilməz.
Hakim etirazın baxılmamış saxlanılmasına qərar verib.
A.İsmayılov da bu qərara etiraz olaraq, məhkəmə zalını tərk etmək istəyib. Amma ona icazə verilməyib.
«Mən qanunların olmadığı, qanunların işləmədiyi yerdə qalmaq istəmirəm. Beynəlxalq İnsan Haqları Konvensiyasına əsaslanıb, haqqımda olan qanunsuzluğa üsyan edirəm. Burada iştirak etmək istəmirəm», – A.İsmayılov bildirib. Hakim məhkəməni avqustun 15-nə qədər təxirə salıb. (azadlıq.org)