Aslan İsmayılov Etibar Məmmədovu rusiyapərəstlikdə İTTİHAM ETDİ

Tanınmış hüquqşünas  Aslan İsmayılov son günlər Azərbaycandakı rusiyapərəst siyasətçilərin aktivləşdiyini bildirib.
 
 O, bunun Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşməsi fonunda baş verdiyini vurğulayıb.  A.İsmayılov hətta adlar da çəkərək, bu sırada eks-baş nazir Surət Hüseynov, keçmiş müdafiə naziri Rəhim Qazıyev, AMİP lideri Etibar Məmmədovun ismini hallandırıb. 
A.İsmayılov bu haqda sosial şəbəkədə bildirib:
“Yadınızdadırsa 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş «siyasi xadim» dirilir və mətbuatda tirajlanmağa başlayırlar. Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan Prezidentə müraciəti peyda oldu. Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da deyəsən AMİP-lə bağlı hansısa tədbirlər keçirdi.
Onda da birinci başlayan R.Qazıyev oldu. İndi də lokomotiv Rəhim Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu. Rəhmətlik Əbülfəz Elçibəyi Vətənə xəyanətdə ittiham etdi. Bu gün Facebook səhifələrində Surət Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkli paylaşılıb. AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar. Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir, məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?”./modern.az