Aşıq Samirə: Millətin gözü önündə hədiyyə etdiyim üzüyü necə geri ala bilərəm?

Baxış sayı:
16456
Əməkdar artist Samirə Əliyevanın “5-də 5” proqramında barmağına taxdığı üzük söz-söhbətə səbəb olub.
 
Aşıq Samirə canlı yayımda üzüyün saxta olduğunu dilə gətirib. Verilişin aparıcısı Zaur Kamal aksesuarı Samirədən alaraq, onu studiyadakı qonaqlardan birinə verəcəyini bildirib. Daha sonra isə Samirə üzünü Zaura tutaraq, üzüyü musiqiçilər arasında oturan qanun ifaçısına bağışlamasını istəyib. Aparıcı aşığın sözündən çıxmayaraq, üzüyü xanımın barmağına taxıb.
 
Ötən gün yayımlanan proqramda Zaur Kamal üzüklə bağlı qalmaqallı açıqlama verib. Aparıcı bildirib ki, Samirə üzüyün ona geri qaytarılmasını istəyib.
 
“Zarafat edirdik, şou idi. Üzüyü geri vermək gərəkdir. Dünəndən Samirə yalvarır ki, efirdə utandım, demədim, hədiyyədir, bahalıdır. Bunlar belədir, hədiyyə olduğunu gizlədirlər. Qız da üzüyü götürüb gedib. Telefonuna da zəng çatmır. Üzüyü alıb, Samirəyə geri qaytaracağıq”.
 
Yaşanan qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı Əməkdar artist Samirə Əliyeva ilə əlaqə saxlayıb. O isə açıqlamasında üzüyü hədiyyə verdiyini və əsla geri qaytarılmasını istəmədiyini bildirib.
 
“Üzüyü geri almamışam. Qətiyyən. Ayıb deyil? Millətin gözü önündə hədiyyə etdiyim üzüyü necə geri ala bilərəm ? Qızıl üzük olmasa da, svarovskiy daşlarla bəzədilib. Yəni ucuz da deyil. Qanunda ifa edən xanım da növbəti efirlərdə özü təsdiqləyər ki, üzük ondadır. Hələ ondan rica etmişəm ki, efirlərə çıxanda üzüyü barmağına tax ki, onu səndən almadığımı hamı görsün. Halal xoşu olsun, sağlıqla taxsın. Mən hədiyyə etməyi xoşlayıram, o da elə bir xanıma nəsib oldu. Mən ona Zaurun vasitəsi ilə ad günü ilə əlaqədər hədiyyə etdim”.(Oxu.az)