“Aşbazın” ordusunu daha bir ölkədə görüblər - MARŞAL XAFTARA KÖMƏK EDİR...

Baxış sayı:
8599

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 300-ə yaxın muzdlusu Liviyanın bir hissəsinə nəzarət edən marşal Xəlifə Xaftarın ordusuna dəstək verir. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “The Telegraph” yazır.

Qəzet məlumatı Britaniya hökumətindəki mənbələrdən alıb. Bildirilir ki, “Vaqnerin ordusu”nun döyüşçüləri Benqazidə yerləşdirilib. Liviya-Rusiya neft-qaz şirkətinə yaxın mənbə də çoxlu sayda rusiyalı muzdluların Benqaziyə göndərildiyini təsdiqləyib.

Hökumətdəki mənbə deyib ki, “Vaqnerin ordusu”nun muzdluları Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən idarə olunur, onların qarşısında Rusiya donanması üçün Tobruk və Derna limanlarının təhlükəsizliyini təmin etmək tapşırığı qoyulub. Habelə “vaqnerçilər” Liviyanın neft yataqlarının marşal Xaftar tərəfindən ələ keçiriləcəyi halda cənubi Avropaya neft nəqlinə nəzarət etməlidir.

“Vaqnerin ordusu”nun sponsoru “Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojindir. Bundan əvvəl “vaqnerçilərin” Sudana və Mərkəzi Afrika Respublikasına göndərildiyi üzə çıxmışdı. MAR-da “vaqnerçilərin” izinə düşməyə çalışan rusiyalı jurnalist Orxan Camal və onun çəkiliş qrupunun iki üzvü isə öldürülmüşdü. Bu qətlin arxasında “vaqnerçilərin” və Priqojinin dayandığına dair ciddi dəlillər üzə çıxmışdı.

Liviyanın bir hissəsinə nəzarət edən Xəlifə  Xaftarın Rusiyadan dəstəkləndiyi çoxdan bəllidir. Onun başçılıq etdiyi “Liviya milli ordusu” neft yataqlarını ələ keçirmək üçün döyüşlər aparır. Fevral ayında Xaftarın ordusu 300 min barrel sutkalıq hasilata malik olan “Şarara” yatağını ələ keçirib.

Daha əvvəl Britaniya mətbuatı yazmışdı ki, Rusiya Xaftara ağır silahlar verib, Benqazi və Tobrukda onun ordusuna iki baza yaradıb. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən Liviyaya silah embarqosu hökm sürür.