Arvadını 5-ci mərtəbədən atan direktorun işində HAKİMLƏRƏ ETİRAZ

Baxış sayı:
5764

Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
Bakupost.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edib. Vəkil məhkəmə protokolu ilə tanış olmaq istədiyini bildirib.
Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra Qanqa İbrahimov məhkəmə tərkibində olan hakimlər Novruz Kərimov və Rasim Sadıqova etiraz edib.
Vəkil etirazını bununla əsaslandırıb ki, hər iki hakim şahidlərin dindirilməsinə müdaxilə edərək obyektiv məhkəmə araşdırması aparılmasına şərait yaratmırlar. 
Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakim bu qərarı belə əsaslandırıb ki, bu məhkəmə gedişatının uzadılmasına hesablanıb.
Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Sənədlər elan olunan zaman məlum olub ki, Ramiz Taxverdiyev hadisədən bir neçə dəqiqə əvvəl vatsap sosial şəbəkəsinə kəsilmiş barmaq şəkli qoyub. Daha sonra isə qayınanası ilə danışıb. O, mərhum yoldaşı ilə problemlərindən danışıb.
Başqa bir sənəddə isə Ramiz Taxvelinin vatsapda dostuna "bir baş çəkmişəm" yazdığı yazışma var. O, bununla narkotik vasitə istifadə etdiyini bildirib.
Müdafiəçi məhkəmə iclasının gedişinin audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəkil işin daha şəffaf araşdırmasının təmin edilməsi üçün vəsatətinin təmin edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və bildirilib ki, hər prosesdə protokol tərtib edilir. 
Vəkil daha sonra Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dinirilməsi barədə vəsatət qaldırıb.
Müdafiəçi Rəna Məmmədovanın Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə - marixuana tapıldığı iddia edib. Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
İttihama görə, R. Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.
Onu da qeyd edək ki, R. Taxveli həbs olunadək "Buta Palace"-ın art-direktoru olub.