Arvadı özünə başqa kişi tapdı, azərbaycanlı ər evi yandırdı - 9 YAŞLI QIZCIĞAZ YANIB ÖLDÜ...

Baxış sayı:
5954

Moldovanın Floreştsk rayonunda azərbaycanlı ər yaşadığı evi yandırıb, nəticədə onun 9 yaşlı qızı yanaraq həlak olub.

Virtualaz.org Moldova KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan sakini qaynanası, qaynatası və qızı ilə birlikdə yaşayırmış. Arvadı isə İtaliyaya qazanc dalınca gedibmiş. Orada o özünə yeni kişi tapıb və xəbər göndərib ki, evə qayıtmayacaq. Qadının qanuni  əri bu hadisədən bərk sarsılıb və nəticədə yaşadığı evi yandırıb. Hadisə rayonun Navirnets rayonunda baş verib.

Gecə saat 2 radələrində 61 yaşlı ev sahibi arvadını yuxudan qaldırıb deyir ki, evdə benzin iyi hiss edir. Məlum olub ki, onun narahatlığı əbəs deyilmiş, kürəkən dəhşətli cinayətə hazırlaşırmış və qızının yatdığı otağa benzin tökübmüş.

Yanğın başlayanda azərbaycanlının qaynanası və qaynatası, habelə 30 yaşlı oğulları evdən qaça biliblər. Azyaşlı qızı isə evdən çıxarmaq mümkün olmayıb, sonradan onun yanmış cəsədi xilasedicilər tərəfindən aşkarlanıb. Evi yandıran özü də xəsarət alıb, huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, analoji faciə bu günlərdə Şəmkir rayonunda da baş vermişdi. Ər ondan ayrılıb atası evinə gedən arvadından qisas almaq üçün onların yaşadığı evə od vurub, nəticədə 2 yaşlı uşağı, arvadı ölüb. Qaynanası ağır xəsarət alıb.