“Arutunyanla görüş haqqında məlumatı erməni mediasından almamalıyıq”

Baxış sayı:
964

Son günlər Qarabağda rusiyalı hərbçilər, Azərbaycan tərəfinin nümayəndələri və qondarma separatçı rejimin başçısı Araik Arutunyanın iştirak etdiyi görüşlə bağlı sosial şəbəkələrdə və mətbuatda müzakirələr aparılır. Bu görüşün hansı ehtiyacdan irəli gəldiyi, orada hansı məsələlərin müzakirə olunduğu və Azərbaycan tərəfinin cinayətkar qurumun başçısı ilə görüşməsinin nə dərəcədə doğru olduğuna dair müxtəlif məlumat və dəyərləndirmələrə rast gəlinir. 

Azpolitika.info bu aktual mövzuyla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib:

- Tofiq müəllim, erməni mənbələrinin məlumatına görə, bir neçə gün bundan əvvəl rusiyalı hərbçilər, Azərbaycanın rəsmi nümayəndələri və qondarma rejimin başçısı Araik Arutunyanın iştirakilə görüş keçirilib. Bu xəbər xüsusilə erməni mediasında qabarıq fomada təqdim edilib. Siz belə bir görüşün keçirilməsini necə qiymətləndirirsiniz?

- Əvvəla, bildirim ki, belə görüşə siyasi qiymət vermək düzgün və mümkün deyil. Belə görüşlərdə adətən texniki məsələlər müzakirə edilir. Mən əminəm ki, görüşdə əsasən texniki məsələlər diqqətə alınıb. Bu mənada heç bir problem görmürəm. Onlar hesab edirlər ki, bu, “böyük hadisə”dir. Fikrimcə, belə bir görüşlə sadəcə, müvəqqəti olaraq texniki məsələləri həll etmək olar. Əslində, biz vəziyyəti belə başa düşməliyik: Azərbaycan öz ərazisində kompakt yaşayan erməniləri öz dövlətinə reinteqrasiya prosesini həyata keçirir. Bu prosesdə müvəqqəti olaraq müxtəlif insanlarla, onlara heç bir siyasi status vermədən, hansısa texniki məsələləri həll etmək üçün görüşlər keçirilə, müzakirələr aparıla bilər.

- Səhv etmirəmsə, separatçıların təmsilçisi Lusine Avanesyan bildirib ki, görüş siyasi xarakterli deyil və orada əsasən humanitar məsələlər müzakirə olunub...

- Siyasi görüş ola da bilməz. Texniki məsələləri həll etmək ola bilər. Qeyd edim ki, burada su, elektrik enerjisi problemindən tutmuş, həlak olan insanların cəsədlərinin mübadiləsinə qədər yüzlərlə məsələ texniki cəhətdən müzakirə oluna bilər. Təbii ki, bu məsələlər siyasi xarakter daşımır.

- Siz bu kimi təmaslara və müzakirələrə normal yanaşırsınız?

- Məsələ mənim belə görüşlərin tərəfdarı olub-olmamağımda deyil. Texniki məsələləri həll etmək üçün istər-istəməz təmaslar olmalıdır. Ayrı cür siz bu işi apara bilməzsiniz. Məsələn, gec və ya tez Xocalı hava limanında Azərbaycan dövlətinin sərhədçiləri, gömrük xidməti olmalıdır. Oraya aid texniki məsələlər həll edilməlidir. Təhlükəsizlik, nəqliyyat, logistika və digər yüzlərlə belə məsələlər ola bilər.

Açığını deyim, hesab edirəm ki, bizdə ən böyük problem psixoloji problemdir. Bəli, qələbə bizimdir. Amma bir çox insanlar daxilən psixoloji olaraq bu halı qəbul edə bilmirlər. Nəzərə almaq lazımdır ki, bura bizim tarixi ərazimizdir. O ərazidə su, qaz, işıq problemi ola bilər. Biz addım-addım öz dövlətimizin varlığını həmin ərazilərdə bərpa etməliyik. Hər bir məsələdə. Söhbət təkcə bayraqdan getmir. Bayraq məsələsi hələ qarşıda olacaq. Biz addım-addım bu yolu getməliyik. Bilirsinizmi, nitq söyləmək, şüar səsləndirmək, maraqlı fikirlər demək kənardan yaxşı görünə bilər. Amma reallıq da var. Və bu reallığa uyğun olaraq biz addım-addım ərazilərimizin üzərində nəzarəti həyata keçirməliyik.

- Demək istəyirsiniz ki, belə təmaslar Azərbaycan dövlətinin nəzarətdən kənar ərazilər üzərində təsirini və suverenliyini təmin etmək istiqamətində atılan addımlardır?

- Bəli. Ayrı cür ola bilməz. Burada ayrı formada qiymətləndirmə də mümkün deyil. Azərbaycanın apardığı siyasətin məqsədi odur ki, biz orada dövlətimizi, suverenliyimizi bərpa etməliyik. 30 ildən sonra bu işi görürük. Bəli, bu işdə qarşımızda bizim xoşumuz gəlməyənlər, cinayətkarlar da ola bilər. Təəssüflər olsun ki, bu hallar hər yerdə olur. Əslində, onların hamısı cinayətkardır. Lakin xoşumuza gəlməsə də, bu yolu getməliyik. Və görünən odur ki, biz öz siyasətimizi aparır və bu ərazilərdə dövlət qurumlarımızın yaradılmasına çalışırıq.

- Sizcə, bu təmsların sistemli hal alması gözləniləndirmi?

- Ümumiyyətlə, sizə deyim ki, hələ Viktor Polyaniçkonun vaxtında Qarabağda bir komitə var idi. O zaman da buna bənzər hansısa işlər görülürdü. Yəni belə reinteqrasiya prosesi sanki o vaxt da həyata keçirilirdi. Mən də hesab edirəm ki, həmin təcrübədən istifadə etmək lazımdır. Mənim qənaətimcə, xüsusi səlahiyyətli orqan yaradılmalıdır ki, bu reinteqrasiyanı aparsın. Nəzərə alın ki, orada Xarici İşlər Nazirliyi işləməməlidir. Hansısa yerli idarəçilik orqanına bənzər qurum olmalı və bu qurum praktiki işləri həll etməli, müzakirələr aparmalıdır. Həmçinin, sülhməramlılarla mütəmadi əlaqə qurulmalıdır. Yəni bizdə qurumlararası koordinasiya işini aparan orqan olmalıdır. Məhz bu bölgədə və bu məsələ ilə bağlı.

- Və bu koordinasiya Azərbaycanı Xankəndinə, Ağdərəyə, Xocalıya aparıb çıxarmalıdır...

- Sözsüz. Bu bölgələrin hamısına. Baxın, hazırda bizdə Kəlbəcərlə bağlı çətinlik var. Mən kommunikasiya baxımından qış fəslində yaranan çətinliyi nəzərdə tuturam. Ağdərədən yol keçməlidir. Bu məsələləri praktiki baxımdan həll etmək vacibdir. Yəni bölgəyə kompleks şəkildə yanaşmaq lazımdır. Məsələn, bölgədə səlahiyyətli şəxs olmalıdır ki, sülhməramlıların qərargahı, monitorinq missiyası ilə danışıqlar aparsın, ortaya çıxan problemləri dərhal həll etsin, habelə media üçün brifinqlər təşkil etsin. Biz son görüş haqqında məlumatı erməni mediasından alırıq. Bu, düzgün deyil. Halbuki bizim bölgədəki nümayəndəmiz həftədə bir dəfə mətbuat konfransı keçirə, baş verənlərə aydınlıq gətirə bilər. Hesab edirəm ki, artıq bu işlərə başlamağın zamanı çatıb.

- Erməni mediası xəbər yayıb ki, Gorus-Devid Bek yolunun Azərbaycan hissəsindən keçən ərazisi ilə bağlı 6 bənddən ibarət saziş imzalanıb, amma Paşinyan hökuməti bunu erməni xalqından gizli saxlayıb. İddia olunur ki, həmin razılaşmaya əsasən erməni ordusu Zəngilan və Qubadlı istiqamətində onun nəzarətində olan əraziləri tərk edib. Bundan sonra Qafan-Gorus yolunda təhlükəsizliyi rus hərbçiləri təmin edir. Bu, nə dərəcədə reallığa uyğundur?

- Bu yol öz yerində, mənim üçün daha aktual və vacib olan Kəlbəcərdir. Ümumiyyətlə, sərhədlərin bərpası təkcə sərhəd xəttinin çəkilməsi deyil. Orada sərhədçilərin yerləşdirilməsi məsələsi var. Nəzərə alın ki, qış fəslində dağlarda qalmaq fiziki baxımdan çətindir. Üstəlik, orada olan əsgərlərin təminatı, əsgər kazarmalarının tikilməsi, daxili işlər orqanlarının orada yerləşdirilməsi və fəaliyyətə başlaması, kommunikasiyaların işlək vəziyyətə gətirilməsi və s. Yəni orada görüləcək kifayət qədər işlər var. Burada güclənməli, sonra Xankəndi istiqamətində təzyiqləri artırmalıyıq. İlkin olaraq hesab edirəm ki, Kəlbəcər və Laçın istiqamətində sərhəd nəzarətini gücləndirməliyik.

- Bu halda yeni razılaşmalar ehtimalını necə qiymətləndirirsiniz?

- Kiminlə?

- Ermənistanla...

- Yox. Ermənistanın bu məsələyə aidiyyatı yoxdur. Hazırda Ermənistan bizimlə qonşu ölkədir. Mənim ərazimdə olan məsələlərin Ermənistana nə dəxli var? Biz reinteqrasiya prosesinə iki ölkəni - Türkiyə və Rusiyanı dəvət etmişik. Öz ərazimizdə olan vətəndaşlarla da məsələni özümüz həll etməliyik. Ermənistan qaldı sərhədin o tərəfində. Biz sərhədi nə üçün bərpa edirik? Onlar burnunu biz tərəfə soxan kimi, deyirik ki, sənin nə işin var bu tərəfdə. Qarabağdakı erməni bizim ermənidir, sərhədin o tərəfində qalan da Ermənistan vətəndaşlarıdır.

- Ağdamda türk və rus hərbçilərindən ibarət Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzin işlək hala gətirilməsindən sonra bölgədə vəziyyəti necə qiymətləndirirsiniz?

- Bizdə rəsmi məlumat ya azdır, ya da yoxdur. Mən ona görə deyirəm ki, məlumat boşluğunu doldurmaq lazımdır. Bəzən baxırıq ki, kimsə erməni mediasını oxuyub hay-harayla gəlir, deyir ki, filan məsələ belə oldu. Məncə bu, düzgün deyil. Fikrimcə, mətbuat konfransları olmalı, məlumat verilməli, jurnalistlər də suallarını ünvanlayıb cavablarını almalıdır. Bunu etmək üçün problem görmürəm.

- Rusiya və Ermənistan tərəfinin məlumatlarına görə, artıq 52 mindən çox erməni Xankəndi başda olmaqla, məlum ərazilərə qaytarılıb. Bəs, azərbaycanlı köçkünlərin bu ərazilərə nə zaman qaytarılacağını gözləmək olar?

- Bunu demək mənim üçün çətindir. Mənim mövqeyim belədir ki, bu proses tez olmalıdır, amma reallıq da var. İşıq, su, gediş-gəliş, mülkiyyət məsələsi və digər həll olunası vacib işlər var. Yəni bu, zarafat məsələ deyil. Hələlik yolların təhlükəsizliyini təmin etmək, əraziləri minalardan təmizləmək lazımdır. Minalanmış ərazilərin xəritələrinin bizə verilməməsindən narahatam. Heç olmasa, bu ərazilər bilinməlidir ki, insanlarımız oraya gedəndə həyatlarını təhlükə altında qoymuş olmasınlar. Bir sözlə, həll olunmalı məsələlər çoxdur və onların həlli həm də zaman tələb edir.

- Bu proseslərlə paralel olaraq, Ermənistandakı daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Orada ciddi daxili çəkişmələr gedir. Təbii ki, müharibədəki məğlubiyyətdən sonra onlar konkret siyasi xətt formalaşdıra bilməyiblər. Orada baş verənlərin ümumi fonunda Paşinyan daha adekvat reaksiya göstərir. Digərləri isə öz bildiklərini deyirlər. Bu çəkişmələr çox zaman alacaq. Odur ki, orada səsləndirilən bəyanatlara çox da ciddi yanaşmaq lazım deyil. Bəllidir ki, Ermənistan bir dövlət kimi darmadağın olub. Onun nə hərbi, nə iqtisadi, nə də demoqrafik potensialı nəinki bərpa edilməyib, heç bunları bərpa etmək üçün əsaslar belə yoxdur. Bu baxımdan onlar nə istəyirlər danışsınlar. Bizim məqsədimiz sərhədi gücləndirmək və öz işlərimizlə məşğul olmaqdır.

Mən belə qiymət verməzdim ki, Ermənistanda hansı hakimiyyətlə bizə asan, hansı ilə çətin olar. Bizim konkret məqsədlərimiz var. Hələlik Paşinyan öz məsuliyyətini dərk etməyə başlayıb. Hiss edilir ki, məsuliyyətini anlayır. Müxalifətdə olanlar isə hansısa fikirlər deyə bilər. Amma bu fikirlərin həyata keçməsi heç də real görünmür.

Rasim Əliyev