Arif Hacılı: " İsa Qəmbər Almaniyada müayinə olunacaq"

Baxış sayı:
4966

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər müayinə olunmaq üçün aprelin 4-də Almaniyaya gedib. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.
 
“İsa Qəmbər Almaniyada müayinədən keçəcək və bir qədər istirahət edəcək. Ola bilsin ki, yaxın on gündə Azərbaycana qayıtsın.”
Arif Hacılı İsa Qəmbərin səhhəti ilə bağlı bildirib ki, bundan öncə müalicə zamanı istifadə etdiyi dərmanlar bəzi daxili orqanlarına zərər vurub.
“Təhlükəli qeyri-adi bir hal mövcud deyil,” o qeyd edib.
Öz növbəsində İsa Qəmbərin oğlu Turqut Qəmbər Amerikanın Səsinə bildirib ki, hazırda atası ilə birgə Almaniyadadır.
“Atamın səhhəti yaxşıdır,” Turqut Qəmbər deyib.
2018-ci il yanvarın 13-də ürəyində narahatlıq yaranan İsa Qəmbər Bakıda Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb.
Fevralın sonlarında o, yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib.
Fevralın 28-də İsa Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Türkiyəyə gedib. O, Ankara Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündə müalicə olunub.
Xəstəxananın nevrologiya bölümündən BBC radiosuna bildiriblər ki, İsa Qəmbər Bakıda beyin qanaması keçirib.
“Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Bilinci yerindədir. Yeməyini yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir", BBC xəstəxanadakı mənbəyə istinadən yazıb.
İsa Qəmbər martın 14-də müalicə aldığı Türkiyədəki Hacettəpə xəstəxanasından çıxıb və Bakıya gəlib.
İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.
1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub.