Arif Hacılı: “İlham Əliyev seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil”

Azərbaycanda prezident seçkilərinə bir ildən bir qədər çox qalıb. Son üç prezident seçkiləri ərzində, demək olar ki, heç bir seçkiqabağı fitnə-fəsad müşahidə olunmayıb, seçkilər isə, yerli və xarici müşahidəçilər tərəfindən qeydə alınmış çoxsaylı pozuntulara baxmayaraq, etibarlı sayılıb. Hər üç seçkinin yekunlarına görə İlham Əliyev prezident elan olunub.
 
Demək olar ki, bütün ekspertlər Əliyevin dördüncü dəfə də prezident vəzifəsinə namizədliyini irəli sürəcəyini ehtimal edirdilər. Dəyişdirilmiş Azərbaycan Konstitusiyası ona ölkə müharibə şəraitində olduğu müddətcə dəfələrlə seçilmək hüququ verir.
Proqnozlar özünü doğrultdu. Bir neçə gün əvvəl hakim Yeni Azərbaycan Partiyaının Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri Aydın Mirzəzadə jurnalistlərə bildirdi ki, partiya qarşıda duran 2018-ci il prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyini irəli sürəcək.
 
Aydın Mirzəzadə
"İnanırıq ki, cənab İlham Əliyev prezident seçiləcək", deyə A.Mirzəzadə qeyd edib.
Hakim partiya artıq namizədini müəyyən etsə də, ölkənin aparıcı müxalifətindən hələlik namizədlərlə bağlı heç bir rəsmi bəyanat səslənməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Turan-a bildirib ki, hələlik 2018-ci il prezident seçkiləri haqqında danışmaq tezdir. Onun sözlərinə görə, hakim partiya artıq seçkilər mövzusu ətrafında danışmaqla iki məqsədə xidmət edir: "Birincisi, hakimiyyət korrupsiya qalmaqallarından diqqəti yayındırmaq, ikincisi isə, hakim rejimin namizədinin adı ilə bağlı qeyri-müəyyənlik yaratmaq istəyir. Çünki hakim ailənin digər üzvünün namizədliyi ətrafında mümkün müzakirələr nəzərdə tutulur. İlham Əliyevə sadiq olan bəzi insanlar onun namizədliyini, bəziləri isə onun həyat yoldaşının namizədliyini göstərir. Çox güman ki, ailə daxilində bu məsələ hələlik həll edilməyib. İstənilən halda, ölkədə demokratik seçkilərin keçirilməsinə zəmanət yaratmaq əsas məqsəddir. Bu gün Azərbaycan ən qeyri-demokratik ölkələrdən biridir, seçkilərin keçirilməsi üçün şərait yoxdur. Buna görə bu ölkədə seçki kampaniyası gündəlikdə ola bilməz".
 
Əli Kərimli
Kərimlinin fikrincə, İlham Əliyevin dördüncü dəfə namizədliyini irəli sürmək niyyətində olması bütün dünyanın diqqətini çəkəcək: "Əvvəlcə dünyada ömürlük prezident olmaq niyyətində olan insan haqqında mənfi fikir formalaşacaq və İlham Əliyevin dördüncü dəfə prezident olmaq istəyi beynəlxalq tənqidə məruz qalacaq".
AXCP sədri həmçinin seçkiqabağı dövr üçün müxalifətin planları haqqında danışıb.
"Biz müxalifət olaraq ciddi kampaniya keçirəcəyik ki, İlham Əliyev əbədi prezidentlik xülyasına düşməsin. Buna görə hakim ailə ölkədə və beynəlxalq məkanda əbədi prezidentliyə etirazın güclənəcəyi ehtimalına qarşı ikinci namizədini hazırlayır. Bizim partiyamız və Milli Şura üçün hazırda prezident seçkilərində namizəd irəli sürülməsi müzakirə mövzusu deyil.Hələlik vaxt çoxdur. Ümumiyyətlə, seçkilərin vaxtı yaxınlaşdıqca böyük kampaniyaya başlamaq lazım gələcək ki, artıq Əliyevlərdən namizəd olmasın. 45 ildir bir ailə ölkəni idarə edir. Hər şeyin bir həddi-hüdudu var. Xalqa qarşı belə hörmətsizlik etmək olmaz, dünyanın heç bir yerində belə bir şey yoxdur. Bəşər Əsəd devrilərsə, Əliyevlər idarəetmə müddətinə görə rekordsmen olacaqlar. Buna görə xalq bir araya gəlməli və hakim ailəyə qəti yox deməlidir", deyə Ə.Kərimli qeyd edib.
 
Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı 2018-ci il seçkilərində hakim partiyanın namizədinin dəyişəcəyindən əmin olduğunu bildirib: "Ötən ilki referendumda təsdiq edilmiş dəyişikliklər, daha sonra isə Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi ölkənin hakim elitasının namizədinin dəyişəcəyinin əlamətləridir. Düşünürəm ki, YAP İlham Əliyevin namizədliyini irəli sürməklə namizədin dəyişməyəcəyini bəyan edir və hakim ailədən seçkilərdə İlham Əliyevin namizədliyi ilə çıxış etməyi tələb edir".
Hacılının sözlərinə görə, ciddi dəyişikliklər gözlənilir. "Dövlət idarəçiliyi sistemində bəzi son dəyişikliklər və digər addımlar İlham Əliyevin qarşıda duran seçkilərdə namizədliyini irəli sürmək niyyətində olmadığını göstərir", deyə o bildirib.
Başqan həmçinin partiyasının 2018-ci il seçkiləri ilə bağlı planlarını xatırladıb. "Müsavat artıq prezident seçkilərində İsa Qəmbərin namizədliyi ilə iştirak edəcəyini elan edib. Biz Müsavat Partiyası olaraq adətən seçkilərdə iştiraka meylliyik və seçki sistemində islahatlar haqqında təkliflər irəli sürmüşük. Bu təkliflər ilk növbədə seçki qanunvericiliyində dəyişikliklərlə bağlıdır. Bu qanunvericilikdə bəzi dəyişikliklərə nail olsaq, ölkədə siyasi vəziyyət, beynəlxalq ictimaiyyətin Azərbaycanda seçkilərə münasibət dəyişsə, biz İsa Qəmbərin namizədliyi ilə seçkilərdə iştirak etmək niyyətindəyik", deyə A.Hacılı qeyd edib.