ARİF ALIŞANOV ÖTƏN HƏFTƏNİN “MƏTBUAT ULDUZU” OLDU - Ukraynadakı restoranı onu "birinci" etdi

İkinci yeri maliyyə naziri Samir Şərifov tutur...

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
 
Ötən həftə - 25 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov olub. Onun haqqında 17 saytda 3 fərqli məlumat yayılıb. Bunlardan aşağıdakılardır: AzTV rəhbərinin Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evinin fəaliyyət göstərməsi, onun xidməti avtomobilinin cərimə meydançasına aparılması, Türkel Azərtürkün aparıcısı olduğu “Xəbər var” proqramına muraciət edən Əkbərova Cəmilə adlı xanımın Arif Alışanovun əməllərindən danışılan müraciəti.
 
Mətbuatda ən çox adı hallanan 2-ci məmur “İki Şərifovun sabotajı - Ələt limanının tikintisində qorxunc maxinasiyalar” mövzulu yazının 7 elektron KİV-də tirajlanması ilə ölkənin maliyyə naziri Samir Şərifov olub. Məqalədə Ələt Azad Ticarət Zonasının yaradılmasının və limanın açılışının ləngiməsinin arxasında Baş nazirin müavini Abid Şərifovun və maliyyə naziri Samir Şərifovun şəxsi maraqlarının və təxribatlarının dayandığı deyilir.
 
Araşdırma müddəti ərzində gündəmi ən çox zəbt edən 3-cü məmur isə “Ağdam “Qaçqınkom”unun krallar kimi kef edən oğlu”  adlı yazının 6 elektron KİV-da yayılması ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olmuşdur. Yazının başlığı Ağdam rayonu ilə bağlı olsa da, içərisində əsasən Əli Həsənovdan bəhs olunur.
 
Muxalifet.az