ARB media qrupdan növbəti biabırçılıq - VİDEO

Baxış sayı:
10942

Bir müddət əvvəl sosial şəbəkələrdə ARB televiziyasında bir neçə biabırçı fakt haqqında materiallar işıq üzü gördü. Gah efirdə erməni mahnıları səsləndirildi, gah efir arası aparıcı nalayiq hərəkət etdi. Media qrupun rəsmiləri bildirdilər ki, belə hallar televiziyalarda tez-tez olur, amma efirə getmir. Bu isə o demək idi ki, ARB-nin səlahiyyətli şəxsləri həyatda tərbiyyəsizlik edən adamları bizə dərs keçmək üçün efirə buraxdıqlarını qeyri-ixtiyarı etiraf etdilər. Bu bəyanata baxmayaraq, məsələ gündəmə gələndən sonra həmin aparıcının işdən azad edildiyi bildirildi. Erməni mahnılarını efirə verənlər isə elə “öz aləmlərindədirlər”. 
Açığını desəm, həmin vaxt məni düşündürən başqa bir məsələ də var idi: adi şou proqramları idarə edərkən gah ermənilərə yer, gah da tərbiyyəsizliyə yol verənlərin yeni ümumrespublika yayımına çıxacaq xəbər kanalını necə idarə edəcəklər. Axı bu iş daha böyük məsuliyyət və bacarıq tələb edir. Efir başlayandan müəyyən səriştəsizlik sezilsə də, xəbərlərdə müəyyən səhvlər olsa da, aparıcılar naşılıq etsə də, bütün bunlara birtəhər dözmək olurdı. Yəni adam düşünürdü ki, təzədilər, düzələrlər, tədricən bu halların aradan qaldırılar. Lakin hadisələrin gedişi göstərdi ki, ARB-nin kadr siyasətindəki səhvlər xəbər kanalında da özünü biruzə verir. Dekabrın 10-da gecə birə qalmış efirə gedən görüntü göstərdi ki, bu insanlar ciddi xəbər kanalının, canlı efir məsuliyyətinin nə olduğunu sonadək dərk etmirlər. 
Həmin vaxt, “Sığorta vaxtı” verilişi bitdikdən sonra efirə verilişdən sonrakı proseslər, aparıcının mikrofonunun çıxarılması, digər aparıcının sinəsinə həmin mikrofonun taxılması, xadimənin studiyaya daxil olaraq stolun üstünü silməsi gedirdi. Bir anlıq elə təsəvvür yarandı ki, bəlkə elə bu da ARB rəhbərliyinin yeni bir “əndrabadi efir zadumkasıdır”. Amma hadisələrin gedişi göstərdi ki – yox. Çünki həmin vaxt efirə hazırlaşan ciddi kanalın (heç bilmirəm bu sözləri dırnq arasına alım, ya yox) ciddi verilişinin ciddi aparıcısı efirdə “meymunluğa” başlayır. Həmin video aşağıda sizə təqdim olunacaq. Və baxandan sonra, küllü miqdarda vəsaitin xərclənməsilə ərsəyə gətirilən xəbər kanalımızın xəbər təqdimatına necə hazırlaşdığını görəcəksiz. Belə biabırçı halın baş verməsi göstərir ki, həmin vaxt bütöv bir kamanda səhlənkarlığa yol verir. Operatorlar “məzələnir”, aparıcı “meymunluq edir”, efir üçün məsul olan şəxslər efirdən bixəbər oturur, ARB Media Qrup rəhbərliyinin bəh-bəhlə elan etdiyi Monitor qrupu isə (onların paylaşımları əsasında adını belə yazdım, əslində isə yəqin ki, montoring qrupudur) həmin vaxt monitoringlə yox, “bay-bay”la məşğul olub, yəni yatıb. Lap tamaşadakı Kazımın arvadı yada düşür. 
Doğrusuna qalsa, bu hal başqa bir ölkənin kanalında baş versəydi, buna o ki var gülərdim. Amma bu hal bizim başımıza gəlib. Odur ki, bu halın çox acınacaqlı olması səbəbindən gülmək olmur. Açığını deyim ki, şəxsən mən bu hadisədən sonra həmin kanaldan xəbər almaq istəməzdim. Qeyri-ciddi adamların ciddi söhbət edəcəyinə həmişə şübhə ilə yanaşmışam. 

Fərman Osmanov