Araz Əzimovun məqsədli yanlışı...

O, şefinin mövqelərinin zəiflədiyi bir məqamda onun yerinə keçmək iştahasını ortaya qoyub?
 
...Bunun üçün təbii ki, Rusiyanın bir “böyük qardaş” kimi “dobrosuna” ehtiyac gərəkir ki, Araz Əzimovun son açıqlaması da rusları məmnun etmək xarakteri daşıya bilər
 
Xarici işlər nazirinin müavini Araz Əzimovu bir diplomat kimi uzun müddətdir tanıyıram. İndiyədək fəaliyyəti çərçivəsində ciddi bir yanlışını görmədim, duymadım. Qarabağ problemiylə bağlı müzakirələrdə də onun Azərbaycanın mənafeyinə uyğun prinsipial mövqəyə malik olduğu inancındayam. O baxımdan, bir vətəndaş olaraq onun diplomat kimi fəaliyyətindən narazı deyləm.
Təbii ki, bunu Araz Əzimovun rəhbərliyində olduğu qurum haqda demək olmur. Bu sırada ard-arda XİN-in xarici dövlətlərdə fəaliyyət göstərən səfirlərinın “qiyam” xarakterli davranış və çıxışları, xarici ölkələrdə sığınacaq alma cəhdləri də göstərdi ki, ölkə üçün strateji xarakter daşıyan bu qurumda işlər o qədər rəvan deyil.
Doğrudur, zaman-zaman bu haqda ölkə mediasında müəyyən fikirlər deyilir, yazılırdı. Ancaq bunu müxalif fikir kimi təqdim edərək ört-basdır etməyə çalışırdılar. XİN diplomatlarının dalbadal üsyan xarakterli çıxışları isə göstərdi ki, bu qurum acınacaqlı vəziyyəti ilə keçmiş MTN-də mövcud olan dövlət əleyhinə şəbəkədən heç də fərqli deyil.
Doğrudur, burada iş adamlarını kütləvi olaraq “cərimə ödənişlərinə” vadar etmirlər. Ancaq XİN-i bir alınmaz qalaya çevirərək bütün yetişkin beyinlərin üzünə bağlayıb, beyin axınına səbəb olurlar. Məhz bunun nəticəsidir ki, ölkəmizi xaricdə doğru-dürüst təmsil edən diplomatların sayı bir əlin barmaqları sayından o yana keçmir.
Bizim XİN və onun rəhbəri Elmar Məmmədyarovla heç bir problemimiz yoxdur. Olsa-olsa, bizim davamız, tələbimiz bütün dövlət strukturlarında demokratik bir idarəetmə rejiminin hökmran olmasıdır ki, xaricdə oxuyan və oxumayan hər bir savadlı azərbaycanlı balası dövlət və milli mənafe üçün bu “alınmaz qalanın” sədlərini aşa, xalqına xidmət edə bilsin. Və məmurların gül balaları kimi təsadüfi, qeyri-peşakar adamlarla vakansiyalar məşğul edilməsin.
Ayrıca bu yazını yazmaqda da məqsədimiz təbii ki, XİN-i tənqid hədəfinə çevirmək deyildi. Sadəcə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə verdiyi müsahibə diqqətimi cəlb etdi ki, nəticədə, açıqlamalardan dolayı düşüncələrdə bir çox suallar yarandı və bu yazı ortaya çıxdı. 
Araz Əzimov müsahibədə Suriya münaqişəsi ilə bağlı bəzi ziddiyətli fikirlər səsləndirib ki, bu da təbii olaraq ölkədə müəyyən fikirlərə yol açıb. Bu xüsusda Araz Əzimovun dediklərinə diqqət edin: “Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”. 
Araz Əzimov xarici işlər nazirinin müavini kimi çox önəmli dövlət vəzifəsi daşıdığı üçün, bu açıqlamanın Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi qəbul edilib-edilməməsi hələ də qaranlıq qalır. Çünki dövlət başçısının Suriya ilə bağlı bir neçə açıqlaması var ki, burada da qarşıduran tərəflər arasında müyyən mənada balans qorunur.
Ancaq Araz Əzimovun açıqlaması birmənalı olaraq zalım Əsəd rejimini dəstəkləyən Rusiya və İranın mövqeyi ilə üst-üstə düşür. Bu isə ən azından qardaş Türkiyənin mövqeyi ilə daban-dabana ziddir. Ona görə də XİN-in bu açıqlama ilə bağlı aydınlıq gətirməsi zərurəti yarandı. Və XİN sözçüsü hər şeyi Suriya xalqının üzərinə buraxmaqla, əslində heç nə demədi, amma nəticədə bu yanlışı düzəltdi. Yoxsa ki, bu açıqlama ilə bağlı nəinki ölkədə, hətta ölkə xaricində spekulyasiyalara rəvac veriləcəkdi.
Araz Əzimovun Rusiyanı dəstəkləyən fikirləri bir yana, göstərdiyi arqumentlər də heç bir rəqabətə dözümlü deyil. Diplomat Əsədi Suriyanın ərazi bütünlüyünün və təhlükəsizliyinin qarantı adlandırır. Halbuki bu qarantı, legitimliyi Əsəd 400 min suriyalını qətl edərkən, 11 milyon insan isə öz yurd-yuvalarından didərgin salınarkən itirib.
Ayrıca bir ölkənin təhlükəsizliyi onun təkcə sərhədlərinin bütünlüyü ilə bağlı deyil, həm də insanlarının qorunması, rifahı, hər cəhətdən təhciz edilməsilə bağlıdır. Anlamaq lazımdır ki, xalq dövlət üçün deyil, dövlət xalqı qorumaq üçündür. Əgər bu gün 21 milyonluq xalqın tən yarısı Avropa sərhədlərində hər cür təhqirlərə məruz qalıb, aşağılanırsa, üstəlik ölkə ərazisi müxtəlif güclərin nəzarətində bölünmüş haldadırsa, onda Əsəd hansı ölkənin olmayan bütünlüyünün və təhlükəsizliyinin qarantıdır, cənab diplomat?
Başqa tərəfdən, fərqindəsinizsə, siz bu gün eynən Rusiyanın ağzı ilə danışırsınız. Çünki Rusiya Suriyada tək legitim qüvvənin Əsəd olduğunu və məhz onun dəvətiylə Yaxın Şərqin bu başıbəlalı ölkəsində insanları legitim şəkildə qətliam etdiklərini iddia edir.
Bir anlıq düşünək ki, İran bir müsəlman şiə ölkəsi kimi bu gün Əsədin azlıqda olan ələvi hakimiyyətini qorumaq üçün Suriyada vardır və bu, təbii ki, rəsmi Tehranın geosiyasi, həm də dini maraqları ilə örtülüdür. Bunu hardasa anlamaq mümkündür. Bəs Suriya ilə heç bir sərhədi olmayan xristian-pravoslav Rusiyanın müsəlman Suriyasında nə işi var?
Əgər Suriyada baş verənləri inqilab, zalım Əsəd rejiminə qarşı üsyan kimi dəyərləndirsək, bu, Suriyanın müsəlman toplumunu əhatə edəcək məsələdir. Amma Əsəd rejimi toplumda əksəriyyət təşkil edən sünniləri dinləmək əvəzinə, onları kütləvi qırğına məruz qoyunca təbii ki, vəziyyət dəyişdi və silahsız sünniləri müdafiə edəcək Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələr ortaya çıxdı. Bu baxımdan İranın dövriyyəyə girməsi müəyyən mənada anlaşılandır. Amma müsəlmanlar arasında olan bir ixtilafı söndürmək üçün xristian Rusiyasının Suriyaya dəvət olunması bir müsəlman ölkəsi adına şərəf, legitimlik gətirməz. Xüsusilə də Rusiya öz kor bombaları ilə məzlum Suriya xalqını bombalamağa gəlirsə.!?
Rusiya sentyabrın 30-da Suriyaya hərbi müdaxilə edəndən sonra Əsəd rejiminin nəzarətində olmayan bütün yaşayış məntəqələrində rus bombardmanları ilə bütün infrastrukturlar, o cümlədən xəstəxanalar, çörək zavodları və digər sosial obyektlər tamamilə məhv edilib. Rusiya və İranın dəstəyilə yenidən Əsəd rejiminin nəzarətinə qaytarılan bölgələr də tam mühasirə olunub və heç bir ölkədən humanitar yardımların gəlməsinə imkan verilmir. Əhali başlı-başına taleyin hökmünə buraxılaraq müdafiəsiz, ac-susuz qalıbsa, siz dediyiniz o xalqı qucaqlamalı olan Suriya dövləti və onun qarantı olan Əsəd haradadır, cənab Araz Əzimov?
Ayrıca siz bir də Suriyada yerüstü əməliyyatların keçirilməsinin əlavə gərginlik yaradacağını iddia edirsiniz. Siz dediyiniz gərginlik Rusiyanın Suriyaya müdaxiləsindən sonra ən yüksək dərəcəsinə çatıb. Hər gün yüzlərlə məsum körpələr, qocalar, qadınlar bombardmandan tələf olur. Rusiya müdaxilə edəndən bəri 2 milyon suriyalı ölkəsini tərk edib Avropa küçələrində xristian “mərhəmətinə” sığınıb, öz saatlarını gözləyirlər.
İndi Suriyanın inqilab simvolu olan Hələb şəhərini tamamilə ələ keçirmək və PYD kürd terrorçularının əliylə Hələb-Azez xəttini bağlamaq istəyirlər. Bu isə Türkiyənin həyat xəttidir və islam dünyası ilə əlaqə imkanıdır. Ayrıca Azez-Cerablusda Türkiyənin təhlükəsiz bölgə yaratmaq istəyini də nəzərə alsaq, görərik ki, son günlər oynanılan oyunlar təkcə Suriya və Əsədlə bağlı deyil, birbaşa Türkiyənin maraqlarını hədəf alır və təhlükəsizliyini təhdid edir. Çünki bu xəttin götürülüb PKK-nın Suriya uzantısı olan PYD terrorçularına verilməsi Türkiyənin sərhəddində bir kürd dövlətinin yaranmasına xidmət edir. Və çox təəsüf ki, Türkiyənin müttəfiqi ABŞ da bu oyunun içindədir. Belə olan təqdirdə, sizcə, Türkiyə bu oyunlara seyrçimi qalmalıdır, cənab Araz Əzimov?
Yadınızdan çıxıbsa, xatırladım ki, Azərbaycan prezidenti hər zaman Azərbaycanın Türkiyənin yanında olduğunu təkrar-təkrar söyləməkdən yorulmur. Amma siz dediyiniz mətləblər nə prezidentin dediklərinə, nə də qardaşlıq maraqlarına sığmır. Ona görə yox ki, siz dedikləriniz böyük mahiyyət daşıyır, əksinə, sizin iddia etdikləriniz Rusiyanın yalanlarının yanında olduğu üçün cılız xarakter daşıyır və qardaşlıq qəlibinə heç cür oturmur.
Siz bir də Rusiya, Əsəd rejimi, İran və PYD terrorçularının Türkiyənin həyat xəttinə müdaxiləsini və qardaş ölkənin öz geosiyasi maraqlarını müdafiə etmək üçün buna cavab vermək məcburiyyətini düşünün. Hansı ki, Türkiyə bu “qırmızı xətt” barədə dəfələrlə bütün tərəflərə öz xəbərdarlıqlarını etmiş durumdadır. Amma buna rəğmən Rusiya bu “qırmızı xətt”i keçmək üçün PYD terrorçularını təhrik edir və Türkiyəni savaşa sürükləyir. Və bu savaş artıq an məsələsinə çevrilib. Çünki həmin bölgələr artıq həm Rusiya, həm də Türkiyə tərəfindən bombalanır. Və bir savaş çıxarsa, təbii ki, Türkiyə bu savaşa tək girməyəcək. Türkiyə ilə bərabər Səudiyyə Ərəbistanı kimi digər ölkələr də qoşulacaq. Və bu çərçivədə İran, yaxud Rusiya sünni Səudiyyə Ərəbistanı və Türkiyəyə qarşı çxıdığı təqdirdə regionda çıxacaq sünni-şiə müharibəsini göz önünə gətirin. Bu günlərdə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 20 sünni ölkənin regionda indiyədək ən böyük hərbi təlim keçirməsi də çıxa biləcək bir savaş hazırlığı və güc nümayişi deyilmi?
Ona görə də belə bir acınacaqlı savaşın çıxması gözardı edilə bilməz. Savaş çıxarsa da ortada nə Rusiya, nə İran, nə də Əsəd rejimi qalar, bu dalğa hamısını udar, bunu da bilməmizdə bir yarar var.
Bu arada bir daha xatırladım ki, artıq İŞİD-ə “gözün üstdə qaşın var” deyən yoxdur. Hansı ki, Rusiya məhz bunu bəhanə edərək Suriya girmiş və hələ də bu bəhanə bayrağını əlində tutaraq müvəffəqiyyətlə məzlum suriyalıları qətliam edir. İndi siz deyin, region üçün İŞİD-mi daha çox qorxuludur, yoxsa Rusiyanın dağıdıcı gücümü, hansı ki, onun varlığı ilə region və dünya 3-cü savaşın astanasına kimi gəlib. Ona görə də niyə siz bura qədər olan prosesi deyil də, bundan sonrakı ola biləcək prosesləri dəyərləndirir və yerüstü əməliyyatların daha çox şiddət gətirəcəyini əsas gətirərək, Əsəd rejiminin varlığına haqq qazandırırsınız?
Hələlik olmayan şeylərdən danışmaqdansa, prosesi bu acınacaqlı duruma gətirən səbəbləri araşdırıb, adını qoyub və onları aradan qaldırmaq doğru olmazmı, sizcə?
Yoxsa siz də eynən Rusiya kimi həmişə qorxuducu nəticələrdən danışıb, nisbətən pis olanı dəstəkləməyimi tərcih edirsiniz və bunu Azərbaycan adına buyurursunuz?! Ən azından Azərbaycan bunu haqq etmir, çünki bu, yanlış tərcihdir və biz də ölkə olaraq heç zaman zalımın yanında olmadıq.
Ancaq bütün bunlara rəğmən, sizi bir peşakar siyasət adamı kimi tanıdığımızdan biz də sizin açıqlamanın müəyyən şübhələrə yol açmadığını da deyə bilmərik. Çünki bu arada sizin ciddii müdafiçiləriniz və onların “güclü” arqumentləri ortaya çıxıb ki, onlar da Rusiyanı Azərbaycanda hakimiyyət səviyyəsində dəstəkləyən “5-ci kolon”a daxildirlər. Və sizi müdafiə edərək Suriya xalqının Əsəd rejiminə qarşı olmadığını, ona qarşı vuruşmadığını və döyüşənlərin də muzdlular olduğunu iddia edirlər. Bunun əksini iddia edənlərinsə, arqumentlərinin havadan asılı qalacağını buyururlar.
Olsun, nə deyirik ki. Amma bir də polad kimi arqumenti olan müdafiəçilərə bu gün Suriya təyyarələrinin əhaliyə ərəb dilində bildiriş səpdiyini xatırlatmaq istəyirəm. Bildirişdə əhaliyə müraciət olunur ki, silahı yerə qoyun, keçin hakimiyyətin tərəfinə və bundan sonra sizə heç bir cəza tədbiri tətbiq olunmayacaq. İndi sual olunur, əgər əhali Əsəd rejiminə qarşı döyüşmürsə, onda Əsəd təyyarələrinin bu bildirişi səpməsinə nə ehtiyac vardı? Yoxsa siz də Rusiyanın təbirincə “əli silahlı şəxs terrorçudur” anlayışı ilə düşünürsünüz?
Göründüyü kimi, Araz müəllimin XİN səviyyəsində deyil də, başqa səviyyələrdə müdafiə olunması müəyyən suallara yol açır. Məsələn, düşünürük ki, Araz müəllim şefinin mövqelərinin zəiflədiyi bir məqamda onun yerinə keçmək iştahasını qoya bilərmi ortaya?
Nədən olmasın?! Bunun üçün təbii ki, Rusiyanın bir “böyük qardaş” kimi “dobrosuna” ehtiyac gərəkir ki, Araz Əzimovun son açıqlaması da rusları məmnun etmək xarakteri daşıya bilər.
Amma unutmaq lazım deyil ki, dünya təkcə Rusiyadan ibarət deyil, ortada bir də güclənən Türkiyə və demokratik Qərb dünyası var. Və Rusiyanın Hələbə qədər gəlməsi bu savaşın Rusiyanın dəstəklədiyi Əsəd hakimiyyətinin qalibiyyəti demək deyil. Hadisələr hər an dəyişə və proses bu koalisiyanın əleyhinə işləyə bilər. Çünki ABŞ-ın bu proseslərə göz yumması bir yerə qədərdir. Ayrıca İsrail sünni dövlətləriylə Suriya məsələsində eyni pəncərədən baxdığını, əməkdaşlığa hazır olduğunu bəyan edib və bu da onu göstərir ki, regionda Rusiya və İran təklənmiş durumdadırlar. Onların da bu savaşı uzunmüddətli davam etdirə bilmələri üçün nə qədər resursları kifayət edəcək, bunu yaxın tarix göstərəcək. Yetər ki, biz doğrunun yanında olaq.
Sonda bir mətləbii də vurğulamağı unutmayaq ki, xarici işlər nazirinin müavininin Rusiyanın tərzində Əsədə dəstək xarakterli açıqlaması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi Azərbaycana “xoş gəldin” mesajı da sayıla bilər. Təbii ki, Putin Rusiyasının “köməyi” ilə.
 
Son anda
 
Bu yazını bitirərkən daha bir xəbər aldıq. Rusiyanın BMT-yə şikayət etməsinə və Təhlükəsizlik Şurasının Suriyada YPG kürd terrorçularının bombalanmasının durdurulmasını Türkiyədən tələb etməsinə rəğmən türk ordusu Suriya ilə sərhədə 15 minlik qoşun yeritdi. Bununla da Türkiyə qırmızı xəttin keçilməz olduğunu bir daha ortaya qoymaqla bərabər, həm də siyasi iradə nümayiş etdirdi bütün dünya güclərinə. Və bu davranış da öz bəhrəsini verməyi çox gözlətmədi. Geriyə addım atmalar ard arda gəldi. Öncə ABŞ XİN sözçüsü Mark Toner YPG terrorçularının Minnağ aerodromundan geri çəkilməsini və bir daha Türkiyənin həssas saydığı torpaqlara girməməsini tələb etdi və Türkiyəni bu məsələdə doğru saydı. Ardınca Rusiya rəsmisi Türkiyə ilə savaşa girməyəcəklərini bəyan etdi. Sonda da BMT sözçüsü Rafael Ramirez Carreno BMT TŞ-da Türkiyəyə qarşı hər hansı bir sənədin qəbul olunmadığını bəyan etdi.
Bütün bunlar bir daha biz dediklərimizi təsdiqləyir ki, Suriyadakı proseslər Rusiyanın, İranın və Əsəd rejiminin, yaxud Qərb koalisiyasının öhdəsinə veriləcək qədər bəsit bir proses deyil. Və təbii ki, Türkiyə bu prosesdə seyrçi qala bilməz. Çünki məhz Türkiyənin prosesdə iştirakı gələcək Suriyanın normal ölkə olaraq var olmasına yeganə müsbət yön verəcək siyasi amildir.
 
Natiq Miri, "Hürriyyət"