Aprel savaşında iştirak etmiş erməni zabit və əsgərlər parlamentə çağırıldı...

Baxış sayı:
10741

Ermənistanın  parlament komissiyası 2016-cı ilin aprelində Azərbaycanın işğal altındakı torpaqlarında baş vermiş hadisələri araşdırmaqda davam edir.  İşğalçı ölkənin  2016-cı il aprel müharibəsini araşdıran parlament komissiyası həmin hadisələrin iştirakçılarını söhbətə dəvət edəcəkdir. 
Bu barədə cümə axşamı "Qraparak" qəzeti yazıb. Nəşr qeyd edir ki, parlamentə ilk növbədə o zaman əsas döyüş əməliyyatlarının baş verdiyi mövqelərdə olan hərbi qulluqçular çağırılacaq.  Qəzetin yazdığına görə, məclisə zabitlərlə yanaşı, adi əsgərlər  də dəvət ediləcək. Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin hələ də sistemdə işləyən keçmiş müavinlərinin artıq müzakirə üçün çağırıldığı da bildirilir. 
Bundan əvvəl, erməni mətbuatında yayımlanan məlumatlara görə, parlament araşdırma komissiyası artıq bu mövzuda qapalı iclaslar keçirib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın söhbətə çağırıla biləcəyi deyilirdi.
Qeyd edilir ki, 2016-cı ilin aprel hadisələrini araşdıran bir komissiyanın yaradılması 31 may 2019-cu ildə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan tərəfindən elan edilib. Hələ mayın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan 2016-cı il aprel müharibəsinin bütün hallarını araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtının gəldiyini bildirmişdi.//Moderator