​Aprel müharibəsindən sonra Putinin yeni Qarabağ planı

Rusiya ABŞ-ı Qarabağ üzrə danışıqlar prosesindən çıxarmağa çalışır

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Hər iki rəsmi Suriyada terrorçuluqla mübarizəni və münaqişə tərəfləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi məsələlərini, münaqişənin həlli üçün Cenevrə danışıqlarının yenilənməsinin perspektivlərini müzakirə ediblər. Kerri və Lavrov arasında danışıqlar zamanı diqqət çəkən məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir kəlmə belə səsləndirilməməsidir.
Hər halda müzakirə olunacaq mövzu var idi. Çünki telefon danışığı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən bir gün sonraya təsadüf edir.
Prezidentlərin mayın 16-da Vyanada keçirilən gürüşündən əvvəl və sonra Kerri və Lavrov arasında baş tutan telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunurdu.
Aprelin əvvəlində baş verən döyüşlərdən sonra ABŞ münaqişənin həllində fəallıq göstərməyə başlamışdı.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiya Sankt-Peterburq görüşü ilə yenə də münaqişənin həllində təşəbbüsü ələ aldığını izah etməyə çalışdı.
“Rusiya istəyir ki, digər dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda tutsun. Rəsmi Moskvanın burada əsas diqqət ayırdığı dövlət isə ABŞ-dır. Ona görə də Sankt-Peterburq görüşündən əvvəl ATƏT-in Minsk qrupunun müzakirələrdə iştirak etməyəcəyi bildirildi. ABŞ-dan olan həmsədr Ceyms Uorlik bütün nümayəndələrdən əvvəl Sankt-Peterburqa gəlsə də onu preseslərə yaxın buraxmadılar. Həmsədrlər demək olar ki, görüşün çox az hissəsində iştirak ediblər. Bu məqamlar Rusiyanın ABŞ-ı danışıqlar prosesindən çıxarmağa çalışdığını sübut edir”, - deyə Qabil Hüseynli bildirib.