APOEL-in baş məşqçisi: "Sabahkı oyundan sonra gülən mən olacağam"

Baxış sayı:
5314

"Qarabağ"la avqustdakı matçımız final əhəmiyyətli idi. Bu gün də xala ehtiyacımız var. Nə etməli olduğumuzu bilirik".

Virtualaz.org-un məlumatına görə, bunları Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqqında danışarkən söyləyib.

Almaniyalı mütəxəssis matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan mətbuat konfransında bildirib ki, yaxşı oynayıb, uğurlu nəticə qazanmağı hədəfləyiblər: "Təkcə taktiki cəhətdən yaxşı oynamaq kifayət etmir, ürəyimizi qoymağa gəlmişik. Burada xal qazanacağımıza inanırıq. Tribunaların dolu olması futbol adına gözəl haldır. Oyuna çox gözəl hazırlaşmışıq. Matçın əhəmiyyətini yaxşı bilirik. Mental olaraq hazırıq. "Qarabağ"la son matçda qələbə qazanmağı bacarmışdıq. Bu oyun üçün də yaxşı işləyən planımız olmalıdır".

Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü sabah saat 20:55-də başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.