Apellyasiya Məhkəməsi Əli İnsanovun şikayətini təmin etməyib - VƏKİLDƏN AÇIQLAMA

Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib.
 
Bu qərarı iyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxarıb.
Əli İnsanov məhkəmədə iştirak etməkdən imtina edib.
Keçmiş səhiyyə naziri 2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün azadlıqdan məhrum edilib.
Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.
2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).
2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq, Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.
Əli İnsanov bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.
İnsanov Qaradağ rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün "uydurulmuş ittihama verilən ədalətsiz hökm" adlandırıb.
”Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firəvanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablayıbsınız”, İnsanov qeyd edib.
Bu günki prosesdə vəkil Ağaveyis Şahverdi şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.
"Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki ekspert rəyi tam deyildi. Amma təəssüf ki, vəsatətimiz təmin olunmadı. Biz Əli İnsanovun guya psixotrop tərkibli dərmanlar saxladlığı iddia olunan şüşə qabın üzəribdə əl barmaq izləri ilə bağlı ekspertiza keçirilməsini istəyirdik. Əgər iddia olunduğu kimi Əli İnsanov o qabdan istifadə edibsə, üzərində onun əl izləri olmalı idi. Yaxud, Əli İnsanovun cırdığı iddia olunan protokolun da ekspertizası keçirilmədi. Halbuki adam protokolu cırıbsa, deməli üzərində əl izləri olamlıdır. Yazıblar ki, guya Əli İnsanov psixotrop tərkibli həbləri özü qəbul edirmiş və bu məqsədlə də həbləri qabda saxlayıb. Amma, kimyəvi ekspertiza keçirib onun qanında psixotrop tərkibli maddələrin olub-olmadığını müəyyən etmədilər. Birinci instansiya məhkəməsində Anar Təhməzov adlı şahid dindirildi. O, bildirdi ki, şüşə qabı Əli İnsanovda görməyib. Amma, hökmdə şahidin ifafəsi təhrif olunub və yazılıb ki, Əli İnsanovun o qabdan dərmanları götürüb istifadə etdiyini görüb. Ən azı bu ziddiyyətin aydınlaşdırılması üçün Anar Təhməzov bura çağırılıb dindirilməlidir. Elə məsələlər var ki, onların üstündən keçmək olmur".
Vəkil deyib ki, Əli İnsanovun cəzaçəkmə müəssisəsində əşyalarının saxlanıldığı otağa baxış keçirilib, hal şahidləri çağırılıb, amma 50 metr kənardan onun özünü dəvət etməyiblər. Müdafəiçinin sözlərinə görə, əgər qapısı bağlı otağa baxış keçirilirsə, buna görə mütləq məhkəmə qərarı olmalı idi.
O hesab edir ki, Əli İnsanov haqda qərar artıq hazırdır və onun çox danışıb, sübutları ortaya qoymağına ehtiyac yoxdur.
Vəkil həmçinin cəzanın ağırlığına etiraz edib.
"Bu adam 4 akademiyanın üzvü olub, birindən çıxarılsa da qalan üçünün hələ də üzvüdür. Azərbaycanda dərman kəşf edən yeganə alimdir. Dünyada tanınan elm adamıdır. 30 mindən çox adamı müalicə edib. Hətta cinayəti törətmiş olsa idi belə, ona niyə bu qədər ağır cəza verilir? Verilən cəza hətta onun şəxsiyyətinə adekvat deyil", o qeyd edib.
A.Şahverdi xatırladıb ki, Ə.İnsanov 11 illik həbsdən çıxmasına 58 gün qalmış şərlənib. Vəkilin sözlərinə görə, İnsanovun saxta ittihamla cəzasının artırılacağı ehtimalı əvvəlcədən var idi.
"Bu hadisədən bir gün əvvəl cəzaçəkmə müəssisəsində Əli müəllimə dedim ki, ehtiyatlı olun, kimsə sizə təxribat məqsədi ilə sataşar. O, da cavab verdi ki, mən məüssisənin həyətində getdiyim yerdə kimsə gəlib öz yaxasını cırarsa, mən nə edə bilərəm? Sosial şəbəkələrdə də hadisədən əvvəl məlumat yayılmıdşı ki, Əli İnsanova hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ittihamı ilə yenidən cinayət işi açılacaq", A.Şahverdi deyib.
Vəkil Əli İnsanov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Məhkəmədə Əli İnsanovun kəllə beyin travması yetirdiyi, paqonlarını cırdığı iddia olunan ədliyyə mayoru, zərərçəkmiş Anar Məmmədov da iştirak edib.
O, hökmün qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini istəyib.
Dövlər ittihamçısı Ceyhun Budaqov hökmün dəyişdirilməsinə heç bir əsas olmadığını deyib.
Məhləmə 5 dəqiqəlik müşavirədən sonra hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib.