APA FƏALİYYƏTİNİ TAM OLARAQ DAYANDIRIR? - "Necə yaradılmışdısa, elə də getdi"

Baxış sayı:
7786

APA xəbər saytı artıq 7 gündür ki, fəaliyyətini dayandırıb. Holdinqin rəhbəri BBC News Azərbaycancaya demişdi ki, "Müəyyən problemlərə görə APA Holdinqə daxil olan saytların fəaliyyətini şirkət özü dayandırıb və hazırda məsələ ilə bağlı araşdırmalar aparılır". Xanım Mahirqızı yaxın günlərdə nəticə barədə məlumat verəcəyini bildirsə də, hələ ki, əlavə açıqlama verilməyib. Bundan öncə isə APA Holdinq Prezident İlham Əliyevin sözlərini təhrif etdiyini etiraf edərək üzr istəyib. "Necə yaradılmışdısa, elə də getdi" "Əslində APA agentliyinin bütün fəaliyyəti dövründə əhəmiyyət kəsb edən ictimai-siyasi, iqtisadi və sosial məsələlərlə bağlı informasiyaları demək olar ki, obyektiv olmayıb. Bunlar müəyyən məqsədlərə xidmət edib. Azərbaycanın müstəqil media bazarına bu tipli kütləvi informasiya vasitələrinin mənfi zərəri çox olub. APA müstəqil media bazarını dağıtmaq və müəyyən maraqlara xidmət etdirmək üçün yaradılmışdı. Necə yaradılmışdısa, elə də getdi." Bunu BBC News Azərbaycancaya Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev APA-nın fəaliyyətini dayandırması haqqında suallara cavab verərəkən deyib. Mehman Əliyev hesab edir ki, agentlik tərəfindən açıqlanan məlumat kifayət deyil: "Agentlik deyir ki, "müəyyən problemlərə görə" bağlıdır. Belə şey olar? Əgər bağlanıbsa nəyi araşdırırlar? Bilirlər ki, məsələ nədir. Məsələn, maliyyə yoxdur və s. olar, onda da işçilərə elan etməlidirlər ki, vəsaitimiz yoxdur, biz bankrotuq, bununla bağlı agentliyi bağlayırıq və ya müvəqqəti dayandırırıq. Müəyyən problem nə deməkdir?" Cənab Əliyev deyir ki, Rabitə Nazirliyi bir qayda olaraq saytlara xəbərdarlıq edir ki, "filan məlumatı çıxart, sənə 8 saat vaxt verirəm, lakin APA bu haqda heç nə demir". "Düzdür, bu vaxta qədər xəbərdarlıq etmirdilər, prokurorluğa və ya Daxili İşlər Nazirliyinə çağırırdılar. İndi isə Rabitə Nazirliyi xəbərdarlıq edir və vaxt verir. Bu bizim mübarizəmizin nəticəsidir ki, biz heç olmasa bunu edə bildik. Digər saytlar deyir ki, bizə xəbərdarlıq edilib, axı APA heç nə demir". APA Holdinqin əməkdaşları gündəlik iş yerlərinə gedib-gəlirlər Yeni Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu hesab edir ki, agentlik yaxın günlərdə fəaliyyətini bərpa edəcək. "APA Holdinqin əməkdaşları gündəlik iş yerlərinə gedib-gəlirlər. Mən orda olmuşam, əhval-ruhiyyələri normaldır". Cənab Arifoğlu deyir ki, APA-nın fəaliyyətini dayandırmasına görə təəssüf hissi keçirir. "Hələ ki, ancaq APA Holdinqin prezidenti Vüsalə Mahirqızının yaydığı açıqlama ilə kifayətləndirmək məcburiyyətindəyəm. Özü ilə də görüşüb, danışmışam. Nələrinsə araşdırılması haqqında söhbət edib, prosesin getdiyini bildirib. O da, mən də ümid edirəm ki, media qurumu açılacaq", - o deyib. Rauf Arifoğlu söyləyib ki, məsələlərin həll olmasını arzulayır. "Müstəqil qurum belə etmir" "Baş verənlərdən təəssürat odur ki, onlara əmr ediblər ki, bağlanın. Müstəqil qurum belə etmir", - araşdırmaçı Jurnalist Xədicə İsmayıl deyib. "APA-nın yaranması ilə hökumət Turan agentliyini çökdürməyə çalışmışdı və çox böyük nailiyyət əldə etmişdi. Turan agentliyinin çoxsaylı abunəçiləri APA-ya keçmişdi. APA-nın dövlət qurumlarında informasiyaya çıxışı Turandakından daha artıq idi, iqtisadi sanksiyaları yox idi, mənşəyi məlum olmayan investisiyaları var idi. Ona görə, APA müstəqil və mütərəqqi agentlik ola bilmədi amma əvəzində Turanı zəiflətdilər". Xədicə İsmayıl deyir ki, "APA necə tabeçiliklə yaranmışdısa, elə də tabeçiliklə" dayandırılıb. "Hökumətaltı agentliklərin aralarında büdcə davası gedir və APA-nın çökdürülməsinin bir səbəbi də həmin rəqabətdir", - jurnalist iddia edir. "Uğursuz tərcümə" Xədicə İsmayıl deyir ki, prezidentin çıxışı uğursuz tərcümə edilib və bu, rəqiblər tərəfindən diqqətə çatdırılıb. "Həmin uğursuz tərcümə prezidentin indiyədək etdiyi çıxışların xəttində idi. İndiyə kimi olan ritorikaya uyğun gəlirdi. Sadəcə indi regional reallıq başqadır. İlham Əliyev çalışır, daha ehtiyatlı ifadələr işlətsin və xüsusilə bu ifadələrin rus və ingiliscə tərcüməsindən daha çox narahatdır". Xədicə İsmayıl deyir ki, APA ANS TV-nin taleyini təkrarlaya da bilər. "Bütün məsələlərdən sonra əgər razılığa gəlinsə, ola bilər ki, yenidən fəaliyyətə başlasın, necə ki, ANS 17 günlük bağlanmışdı və sonra yeni tenderlə açıldı. Bir sözlə idarəetmə başqa adamın əlinə keçə bilər. Bütün hallarda, nə məzmun, nə keyfiyyət, nə missiya dəyişməyəcək". "Videodakı Zara deyil" Sosial mediada müzakirə edilən iddialardan biri agentliyin saytında Jara festivalı haqqında dərc olunan videoda Leyla Əliyeva və erməni əsilli müğənni Zaranın eyni çərçivədə göstərilməsindən sonra agentliyin fəaliyyətini dayandırmasıdır. Həmin video bu agentliyin saytından silinib. Rauf Arifoğlu deyir ki, sözügedən videodakı Zara deyildi. "Həmin video 26 iyulda dərc olunmuşdu. Zara isə Azərbaycana 29-da gəlmişdi. Ona görə də tamamilə yalan, absurd, düşməncə iddiadır", - o söyləyib. Xədicə İsmayıl deyir ki, sözügedən videonu görüb: "Mən görüntülərə baxdım amma əmin deyiləm ki, ordakı xanım məhz Zaradır. Versiya irəli sürüləndən sonra videonu saytdan dərhal yığışdırıblar". Xatırladaq ki, avqustun 1-i axşam saatlarından APA Holdinqə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb. Məhdudiyyət yaranmazdan əvvəl APA agentliyi bir təkzib yaymışdı. Təkzibdə deyilirdi ki, Prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev və maşın verilməsi mərasimindəki çıxışının mətnində yanlışlığa yol verilib. Holdinqin məlumatında bildirilirdi ki, agentlik İlham Əliyevin sözlərini təhrif edib. "Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik", APA-nın saytındakı və Haqqin.az və digər saytların istinad etdiyi xəbərdə belə deyilirdi. Əslində isə Prezidentin çıxışında həmin cümləni bu şəkildə dediyi məlum olub:"Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq". BBC