​ANS-in aparıcısı Almaniyadan sığınacaq istədi: "...ölkəni birdəfəlik tərk etdim"

ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib.
Bu barədə aparıcı öz “Facebook” səhifəsində məlumat yayıb:
“Əziz dostlar! Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təyziqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.
Xatırladaq ki, Tünzalə Rafiqqızı uzun müddət ANS-də redaktor, “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri işləyib. ANS-in efiri bağlandıqdan sonra aparıcı “Space TV”-də xəbər xidmətinin müdir müavini vəzifəsində çalışmışdı. Lakin 3 aydan sonra onun vəzifə səlahiyyətlərinə xitam verilmişdi.