Ankara-Moskva müttəfiqliyi möhkəmlənir - Ermənistan təlaşda

Baxış sayı:
7171

ABŞ Konqresinin aşağı palatasının qərarı işğalçı üçün vəziyyəti daha da qəlizləşdirib; erməni mediası: “ABŞ tanınmaya getməklə Türkiyə üçün Rusiyanın önəmini artırır”; Moskvadan İrəvana hədə gəldi: “Coğrafiyanı hələ heç kim dəyişməyib...”

ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı tanıyan qətnaməsi erməniləri ilk olaraq, sevindirib. Ancaq az sonra məlum oldu ki, bu, xeyli dərəcədə ehtiyatlı sevincdir. Çünki az-çox soyuq başla düşünən ermənilər də anlamamış deyillər ki, qətnamə “əzabkeş erməni” xalqını “vəhşi türklərdən” qorumaq üçün yox, müstəsna olaraq, Türkiyəyə - regionda və dünyada getdikcə ayağını daha möhkəm basan bir supergücə pislik etmək niyyətindən qaynaqlanıb. Amma pislikmi?

Məsələ ondadır ki, saxta “erməni soyqırımı” mövzusu ABŞ-ın əlində regionda özünün ən güclü müttəfiqinə qarşı uzun illər təzyiq vasitəsi olub. İndi belə çıxır ki, Amerika “axırıncı patronu” da atıb. O zaman Ankaraya hansı siyasi təzyiq aləti qalır? İkinci yandan, Konqresin aşağı palatasının qərarı onsuz da soyuq olan ABŞ-Türkiyə əlaqələrini (ona müttəfiqlik demək artıq yanlışdır) bir az da soyuda, ötən saylarda qeyd etdiyimiz kimi, adekvat surətdə Türkiyə ilə Amerikanın əsas geosiyasi rəqibi Rusiyanın əlaqələrini müttəfiqlik səviyyəsini qaldıra bilər. Rəsmi Moskva özü də şəkk-şübhəsiz, bu faktdan (“erməni kartı”ndan) Ankara ilə Vaşinqtonun arasını daha da vurmaq və onu özünə bir qədər də yaxınlaşdırmaq üçün istifadə edəcək.    

Çətin ki, proseslərin bu cür inkişafı Vaşinqtonun strateji maraqlarına cavab versin. Bu səbəbə ABŞ Konqresinin yuxarı palatasında - Senatda da “tanınma” qərarının asanca təsdiqlənəcəyi və qüvvəyə minəcəyini gözləməyə dəymir. Hətta təsdiqlənsə belə, prezident Donal Tramp ona veto qoya bilər. Bundan sonra sənədin qüvvəyə minməsi üçün Konqresdə 2/3 səs çoxluğu tələb olunacaq ki, bu da müşkül məsələdir.

*****

Ankara-Moskva müttəfiqliyi ile ilgili görsel sonucu

Deyəsən, ABŞ-dakı erməni lobbisi də narahat olmağa başlayıb ki, sənəd Senatdan və ya Trampdan keçməyə bilər. “Yeni Müsavat” xəbər verir ki, dünən Amerika Erməni Assambleyası senatorlara müraciət ünvanlayıb. Müraciətdə “soyqırım”ın tanınması haqda qətnamənin Senatda da təsdiqlənməsi onlardan təkidlə xahiş edilir.

Ermənilərin təbii ki, öz maraqları var. Ancaq nə qədər qəribə də olsa, heç bir hüququ və məcburedici qüvvəsi olmayan və olmayacaq bir sənədin (bu, qətnamədə də əks olunub) yuxarı palatada da təsdiqlənməsi deyildiyi kimi, Ankaranı Moskvaya daha da yaxınlaşdıracaq ki, bu da Qarabağ məsələsində Türkiyənin söz sahibliyini artıracaq. Əgər ABŞ-ın erməni lobbisi düşünür ki, bu proseslərin sonunda Ermənistan işğal elədiyi Dağlıq Qarabağla birgə Rusiyanın orbitindən çıxacaq və dərhal ABŞ ona sahib çıxacaq, yenə yanılır. ABŞ uzaqda, Rusiya və Türkiyə isə buradadır. Azərbaycanın Qərb üçün ilbəil artan önəmi də öz yerində.

Ola bilsin, erməni lobbisi ABŞ-ın əli ilə məsələnin  BMT-də qəbuluna ümid edir. Ancaq BMT TŞ-nin 5 daimi üzvündən ikisi Rusiya və Çindir. Onların birinin vetosu kifayətdir ki, məsələ arxivə verilsin, nəinki araşdırılmaq üçün BMT-nin qurumu olan Haaqadakı İnsan Haqları Məhkəməsinə. Odur ki, ermənilərin prosesin arxasınca sürünməkdən savayı çarələri yoxdur. Əgər bu prosesi onlar süni surətdə sürətləndirmək istəsələr, o zaman ya Rusiyadan, ya da elə ABŞ-dan zərbə yeyəcəklər. Necə ki, enində-sonunda Vaşinqton uzun illər silahlandırdığı kürdlərə, PKK-PYD-yə sahib çıxmadı.

****

ABŞ erməni soyqırımı ile ilgili görsel sonucu

Artıq erməni KİV-lərində gedən yazılarda bu ovqat hiss edilməyə başlayıb. Məsələn, 1in.am saytındakı məqalədə deyilir: “Hələ 2016-cı ildə - təyyarə insidentinə görə Moskva-Ankara münasibətlərinin soyuq olduğu vaxtda Almaniya Bundestaqı (parlament - red.) ”soyqırımı" tanımaq barədə qərar qəbul edəndə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çox diqqətçəkici bir bəyanat vermişdi. Demişdi ki, əgər Ankara xoşagəlməz sürprizlər istəmirsə, o, Rusiyanın tərəfdaşı olmalıdır. Elə də oldu. Aydındır ki, Moskva üçün erməni məsələsi Ankara ilə münasibətlərdə rıçaqdır. Tanınma mənasında yox, çünki 1995-ci ildə Rusiya Duması səviyyəsində “soyqırım” tanınıb. O mənada ki, Moskva Ermənistana və erməni lobbisinə təzyiq imkanlarından istifadə edib beynəlxalq səviyyədə tanınmanı əngəlləyə bilər. Beləcə, ABŞ tanınmaya getməklə həm də Türkiyə üçün Rusiyanın önəmini artırır".

*****

Rusiyalı ekspert Sefey Markedonov isə hesab edir ki, Nümayəndələr Palatasının qərarı Ermənistan üçün özünə təsəllidən başqa bir şey deyil. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Kommersant” qəzetindəki məqaləsində yazıb.

“Tarix tarixdir, ancaq coğrafiyanı hələ heç kim dəyişməyib. Fakt budur ki, Ermənistanın 4 sərhədindən ikisi bağlıdır (Azərbaycan və Türkiyə nəzərdə tutulur - ”YM"). Hərbi müttəfiq isə okeanın o tayındakı dövlət yox, Rusiyadır. O Rusiya ki, onun Dağlıq Qarabağla bağlı səliqəli status-kvo xətti Güney Qafqazı geniş miqyaslı konfliktdən qoruyur", - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, bura İrəvanın Moskva ilə iqtisadi əlaqələrini də əlavə eləsək, aydın olar ki, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin və inqilabi prosesləri hansı “məxmər” müşayiət edir-etsin, bu ölkədəki istənilən siyasətçi şimal “küləyi”ni nəzərə almaya bilməz.

Bu isə qlobal geosiyasi mərkəzlərlə qorxulu oyun oynayan ermənilərə artıq Moskvadan açıq hədədir. Yəni “oturun yerinizdə” və Moskvanın Qarabağ məsələsində nə vaxt “düymə”yə basacağını gözləyin. “Düyməyə” isə Ankara və Bakının razılığı ilə basılacaq. Gec, ya tez...//musavat