Anar Məmmədov dükanı sökülənlərə altı min manat paylayır...

Son günlər mətbuatda müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi olduğu “28 May”da yerləşən yeraltı keçidindəki ticarət köşklərinin sökülməsidir.

Məlumat üçün bildirək ki, həmin ərazidə uzun illərdir fəaliyyət göstərən ticarət köşklərinin sökülməsi  şəhərdə səliqə-səhmanın yaradılması və Avropa oyunlarına hazırlıq məqsədi ilə aparılır. Xatırlayırsınızsa, bundan əvvəl də Bakı Metropoliteninin rəhbərliyinin dəyişməsi nəticəsində metrostansiyalardakı ticarət obyektləri sökülmüş və keçidlərdə genişlik təmin olunmuşdu. İlk baxışdan təqdir olunan bu tədbirlər təəəssüflər ki, bir çox hallarda ağırlı proseslərlə konkret ifadə etsək  satıcıların müflisləşməsi ilə müşayiət olunur. Belə ki, sözügedən keçidlərdə pul verib dükan alan insanlar ödədiyi məbləği qazanmamış hər şeydən məhrum bir vəziyyətə düşürlər. Yeraltı keçidlərdə dükanların qiymətinin kirayəyə 400-500, birdəfəlik alış üçün isə 10-20 min manat arasında dəyişdiyini nəzərə alsaq, adi bir vətəndaşın həyatına bu itkinin necə təsir etdiyini təsəvvür etmək çətin deyil. Ən təəccüblü məqamlardan biri budur ki, vaxtilə yeraltı keçidləri satıcılara satanlar indi ortalıqda görünmürlər. Əllərində satdıqları malla küçələrdə qalan satıcılar isə çarəsiz vəziyyətdə kimdən kömək umacaqlarını bilmirlər. Bu vəziyyəti onlara yaşadan kimlərdir? Hansı işbazlardır? Əhalinin imkansız təbəqəsini dövlətdən narazı salan belələri barəsində niyə ölçü götürülmür? Məsələn, son günlər “28 May”dakı yeraltı keçidlərdə yaşananlar buna bir nümunədir.

Orada ticarətlə məşğul olan şəxslərdən birinin “Qafqazinfo”ya göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

“Mən mart ayında 20 min manat ödəyərək ikinci əldən dükan aldım, ayaqqabı satırdım. İki gün əvvəl gəlib sökdülər. Biz müqaviləni “Röyal İsteyt” MMC ilə bağlamışıq və müqaviləni avtovağzaldan gedib götürmüşük. Keçidə Nəqliyyat Nazirliyi nəzarət edir. Mənim kimi 62 nəfərin dükanı sökülüb. Səs-küy salanlara isə 6 min manatdan pul verib müqavilə imzalatdırırlar ki, heç bir narazılığımız yoxdur. Bu müqaviləni imzalayıb 6 min alanlar var. Mən və digər yoldaşlarım konkret nə edəcəyimizi bilmirik. Əlimdə bir neçə min manatlıq malla qalmışam küçələrdə”.

Göründüyü kimi, yaranmış vəziyyət həqiqətəndə acınacaqlıdır və burada artıq məsuliyyət bu insanları aldadıb dükan satan, sonra isə sahib çıxmayan insanların üzərinə düşür. Belələri ilə bağlı isə ciddi ölçü götürmək lazımdır ki, sadə vətəndaş dövlətdən narazı duruma düşməsin.